Britaniya Parlamenti insan haqlarını pozan və korrupsiyaya bulaşmış şəxslərə qarşı sanksiyaların tətbiqi haqda yeni qanun qəbul edib, BBC-nin rusca xidməti məlumat verir. Qanun istənilən ölkədən olan pozuculara aid olsa da, daha çox Rusiya vətəndaşlarının nəzərdə tutulduğu ehtimal edilir. Bu, qanunun adından da bəlli olur – “Maqnitskiyə düzəliş”.
Rusiyalı hüquqşünas Sergey Maqnitski 2009-cu ildə Moskvada istintaq təcridxanasında həlak olub. O, Rusiyada DİN zabitlərinin, prokurorluq əməkdaşlarının, vergi orqanlarının, hakim və vəkillərin də daxil olduğu geniş miqyaslı korrupsiya sxemini ifşa etməyə cəhd göstərmişdi. Onun adı Qərbdə korrupsiyaya qarşı mübarizə rəmzinə çevrilib.
İndi Britaniya hakimiyyəti insan haqlarını pozduğunu düşündüyü şəxslərə viza verməyə, onların aktivlərini dondura bilər. “Maqnitski siyahısına” məmurlar, biznesmenlr və siyasətçilər daxil edilə bilər. Bu da kapitallarını Britaniyada saxlayan Rusiya biznesmenlərinə ciddi təsir edəcək.
Yeni qanunun ayrıca bir maddəsi Britaniyanın sadələşdirilmiş (və ya sıfırlanmış) vergi rejiminin qüvvədə olduğu “xarici ərazilərinə” və Britaniyanın tabeliyində olan offşor zonalara həsr olunub.
Yeni qanuna əsasən, Xarici İşlər Nazirliyi Böyük Britaniyanın bu ərazilərində qeydiyyatdan keçən şirkətlərin reyestr məlumatlarını daha rahat açıqlanmasına şərait yaratmalıdır. XİN Britaniya Parlamenti qarşısında bu istiqamətdə işi haqda mütəmadi olaraq hesabat verməli olacaq.
Britaniya Parlamentindəki müxalifət daha çox şeyə nail olmaq – “xarici ərazilərdə” qeydiyyatdan keçmiş bütün şirkətlər üzərinə 2020-ci ilə qədər bütün benefisiarların adını açıqlamaq öhdəliyi qoymaq istəyirdi. Amma parlamentdəki çoxluq korrupsiyaya qarşı bu dərəcədə sərt tədbirlərin lehinə səs verməyə cəsarət etməyib.
Global Witness qeyri-hökumət təşkilatının bu yaxınlarda apardığı tədqiqatın nəticələrinə əsasən, bu ərazilərdə Rusiyadan çıxarılmış 47 milyard dollara yaxın vəsait saxlanılır.
Sanksiyaların tətbiqi haqda qanunun qəbul edilməsi ehtiyacı ölkənin Avropa İttifaqından çıxışının yaxınlaşması ilə əlaqədar olaraq yaranıb. Bu məqama qədər Britaniya sanksiyaları ümumi qanuna və Avropa İttifaqının razılaşmalarına əsasən həyata keçirilirdi. İndi isə Böyük Britaniya hakimiyyəti bu məsələni müstəqil şəkildə nizamlaya biləcək.
Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra ölkənin Rusiyanın təcavüzkar aktlarına qarşı tədbirləri daha sərt olacaq.
İlk analoji “Maqnitski qanunları” 2012-ci ildə ABŞ, Kanada və bir neçə Avropa dövlətlərinin qanunvericiliyinə daxil olub.