“Paşinyan və Əliyevin Kazanda səmimi görüntüləri münaqişədə istiləşməyə işarə ola bilər”. Bakıdan baxış
BRICS Sammitində Əliyev və Paşinyan
Ötən həftə Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında səmimi ünsiyyəti əks etdirən görüntülər hələ də fəal müzakirə olunur.
Sözügedən görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələlər haqda danışıblar.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Sammitdə Nikol Paşinyan və Əliyev yanaşı əyləşiblər. Onlar öz aralarında da söhbət ediblər. Görüntülər kameralara tuş gəlib.
Siyasi şərhçi Zərdüşt Əlizadə “Turan”a müsahibəsində bu barədə, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması perspektivləri haqda danışıb.
- Gürcüstan üçün Azərbaycan ssenarisi. Bakıdan baxış
- Bakıda güclü yağışın fəsadları, insanların ümidsizliyi
- Gürcüstan prezidenti: “Seçkilər qeyri-legitimdir, bu, Rusiyanın xüsusi əməliyyatı idi”
“Savaş ovqatından barış ovqatına keçməyin zamanı yetişib”
Politoloq hesab edir ki, iki ölkə liderlərinin kameralara yansıyan səmimi, rahat ünsiyyəti münaqişədə istiləşmə fazasının başladığına dəlalət edə bilər.
“2019-cu ildən 2024-cü ilə qədər Azərbaycan və Ermənistan rəhbərlərinin münasibətləri çox kəskin qarşıdurma şəraitində keçirdi. İlk dəfə idi ekranda görürdüm ki, bu qarşıdurma aradan qalxıb.
BRICS Sammitində Ermənistan və Azərbaycan rəhbərlərinin çıxışı da göstərdi ki, nə Ermənistan baş naziri, nə də Azərbaycan prezidenti qarşıdurmanın davam etdirilməsində maraqlı deyillər. Əksinə, Paşinyan iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi imkanları, delimitasiya, Zəngəzur yolunun açılması, əlaqələrin bərpa edilməsi və s. barədə danışdı. Azərbaycan prezidenti də ölkənin beynəlxalq miqyasdakı fəaliyyətindən, Qoşulmama Hərəkatından, BRICS-dəki iştirakdan, COP29-dan söz açdı. Bu, sevindirici haldır. Bu, həm də onu göstərir ki, dövlət başçıları həm öz xalqlarına, həm də qonşu xalqa bir növ münaqişənin geridə qaldığına, əməli şəkildə hansısa müzakirələr vasitəsilə problemlərin həllini tapacağına dair ismarıc verirlər”.
Zərdüşt Əlizadənin fikrincə, hər iki cəmiyyətin əhval-ruhiyyəsində kəskin dəyişikliklərin yaranması üçün zaman yetişib.
“Biri var insan müharibə koordinasiya sistemində yaşayır, biri də var barış koordinasiya sitemində. Mənə elə gəlir, Azərbaycan cəmiyyəti də müharibə ovqatı ilə artıq üzlüşüb, barış ovqatına keçməlidilər.
Sülhün əldə olunması üçün təkcə dövlət başçıları səviyyəsində yox, eləcə də sadə vətəndaşlar səviyyəsində də təmaslar olmalıdır, qarşılıqlı maraqlar, o cümlədən də maddi maraqlar əsasında münasibətlər qurulmalıdır”, – deyə o bildirir.
COP29-a dəvət və “hərbi əsirlər”in qaytarılması şərti haqda
Azərbaycan Ermənistan tərəfini də COP29-da iştiraka dəvət edib. Bəzi erməni mənbələrinin yaydığı məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni “hərbi əsir”lərin qaytarılması müqabilində tədbirdə iştirak edə biləcəklərini bildirib. Hərçənd, məlumat rəsmi olaraq təsdiqlənməyib.
Politoloqun fikrincə, COP29 kimi qlobal tədbirlərdə iştirak hər kəsin öz marağında olmalıdır.
“COP29-da iştirak hər bir dövlət, hər bir təşkilat, hər bir təbiətin mühafizəsi ilə məşğul olan elm adamı üçün uğurdur. Bu, həmkarlarla ünsiyyət, təcrübə paylaşımı, birgə işlərə qoşulmaq, maliyyə yatırmaq və maliyyə tapmaq imkanlarıdır. Əgər sadə bir şey olsaydı, BMT belə tədbirləri keçirməzdi.
Qonşuluqda belə bir əhəmiyyətli tədbir keçirilir. Əgər Ermənistan bu fürsətdən istifadə etməsə, bu, onların məsələlərə qüsurlu baxışının əlaməti olacaq.
O ki, qaldı onların “hərbi əsir” adlandırdıqları şəxslərin azad olunmasına, onların bəziləri həqiqətən də hərbi canilərdir, bəziləri isə şəraitin qurbanlarıdır”, – deyə Zərdüşt Əlizadə bildirir.
Ermənistan konstitusiyasında dəyişiklik şərtilə sülh müqaviləsi haqda
Siyasi şərhçi əmindir ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün ön şərt kimi irəli sürdüyü Ermənistan konstitusiyasında dəyişiklik məsələsində israr etmək mənasızdır. Çünki onun fikrincə, “kağız üzərində mürəkkəblə yazılmış” heç bir şey təhlükəsizlik zəmanəti deyil:
“Məsələn, indi istənilən Azərbaycan vətəndaşından soruşsaq ki, Ermənistanla sülh sizcə hansı şərtlərlə olmalıdır, doxsan faiz deyəcək ki, qoy kontitusiyanı dəyişsinlər, bizim üçün təhlükə mənbəyidir. Bu yerdə mən də soruşmaq istəyirəm ki, ay qardaş, sənin dünya tarixindən xəbərin var? Nə zaman, harada kağız üzərində mürəkkəblə yazılmış bir şey təhlükəsizlik zəmanəti olub? Heç vaxt, heç yerdə!
1939-cu ildə Münhen sazişini imzalayandan sonra İngiltərə baş naziri Çemberlen ölkəsinə qayıdıb sazişi əlində yelləyərək xalqa dedi ki, sizə sülh gətirmişəm. Bir il sonra Almaniya Londonu bombaladı.
1939-cu ildə SSRİ ilə Almaniya arasında hücum etməmək haqda müqavilə bağlanmışdı. 1941-ci ildə Almaniya SSRİ-yə hücum etdi.
1994-cü ildə Budapeştdə ABŞ, İngiltərə və Rusiya Ukraynaya təhlükəsizlik zəmanəti verdilər. Rusiya Ukraynanın suverenliyinə və təhlükəsizliyinə zamin idi. İndi isə 3 ilə yaxındır ki, Rusiya ilə Ukrayna arasında müharibə gedir.
Ermənistanın Müstəqillik Bəyannaməsində yazılmışdı ki, Ermənistan və Dağlıq Qarabağ tarixi ədalətin bərpası naminə birləşməlidir. Birləşdilər? Yox!
Yəni sənədin əhəmiyyəti yoxdur. Birinci növbədə dövlət özü möhkəm olmalıdır, öz təhlükəsizliyini təmin edə bilməlidir. Ermənistanın konstitusiyasında nə yazılır yazılsın, Azərbaycan dövləti və ordusu güclü olarsa, heç bir Ermənistan hökuməti, parlamenti imkan verməz ki, ölkəsi bizə hücum etsin.
Bu baxımdan Ermənistan konstitusiyasının dəyişməsi bizdən daha çox Ermənistanın özünə lazımdır. Çünki onlar bizimlə mehriban münasibət qurmaqda daha maraqlı olmalıdırlar. Buna görə də biz bu məsələdə çox irəli getməməliyik. 2026-cı ildə dəyişərlər dəyişərlər, dəyişməzlər, yenə özləri bilər.
Ermənistanda konstitusiya dəyişikliyi olmasa, Azərbaycan sülh müqaviləsi imzalamağa gedəcək, ya yox, bu, başqa məsələdir. Amma mənə görə, sülh müqaviləsi olsa, sərhədlər açılsa, iqtisadi, ticari əlaqələr başlasa, Türkiyə-Ermənistan münasibətlərində də o qədər böyük dəyişikliklər baş verəcək ki, Ermənistan cəmiyyətində artıq türklərlə düşmənçilik aktuallığını itirəcək”.