Breksit: Gürcüstanın reaksiyası
Yaxın zamanlarda Avropa İttifaqından vizasız rejimlə bağlı cavab gözləyən Gürcüstan üçün Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək haqda qərarı xüsusilə aktualdır. İyunun 23-də keçirilən referendum zamanı britaniyalılar Aİ-dən çıxmağın leyhinə səs verdilər.
Tbilisidə bu haqda nə deyirlər?
Eksperlərin və siyasətçilərin fikri
Qiya Nodia, politoloq:
Qısa müddətli perspektivdə Britaniya referendumunun nəticələri Gürcüstan üçün arzu edilən deyil: Avropa İttifaqı şok vəziyyətindədir və indi başqalarına sərf etməyə vaxtı yoxdur.
Gürcüstan Böyük Britaniyadan fərqli olaraq (amma digər qitə millətləri kimi), avroskeptik ilk növbədə Rusiya tərəfdarıdır, buna görə də sonuncuların əlinə mövzu düşəcək. Bundan başqa, qısa müddətli perspektivdə Rusiya uduşdadır, çünki Avropa İttifaqının zəifləməsi avtomatik Rusiyanın xeyrinə oynayır (onu uzun müddətli perspektivdə möhkəmləndirib-möhkəmləndirməməsi isə başqa məsələdir).
Amma buna daha geniş və fəlsəfi nəzər yetirsək görərik ki, bu, kütlələrin elitalar üzərində böyük qələbəsidir: Brexit Britaniya elitalarının konsensusu ilə mübarizədə udub. Eyni tendensiya Atlantika okeanının hər iki sahilində, aparıcı Qərb demokratiyalarında müşahidə olunur (misal üçün, Tramp və Sanders fenomenləri də kütlə qiyamının ifadəsidir). Məhz buna görə də bütün bunlar Avropa İttifaqı layihəsi üçün təhlükədir, çünki bu layihə əvvəlcədən həmin elitaların kütlələrə qarşı layihəsidir.
Salome Zurabişvili, Gürcüstanın keçmiş xarici işlər naziri:
Böyük Britaniya Avropanı tərk edir! Maliyyə itkisi göz qabağındadır. Amma əsas olan başqa şeydir: bu, eqoizm, düşüncəsizlik, məhdud təfəkkür, qorxu və dözümsüzlüyün qələbəsidir… Keçmişə qayıtmaqla, gələcəyin çağırışlarına göz yummaqla və ozünü hər şeydən təcrid etməklə qlobal təhdidlərdən qorunmağın mümkün olduğunu düşünənlərin qələbəsidir. Onlar böyük səhvə yol verirlər. Bu gün Böyük Britaniya gələcəyin “gözlərinin içinə baxmağı bacarmayıb, gələcəkdən imtina etdi. Böyük Britaniya yenidən adaya döndü.
Elene Xoştariya, “Vahid milli hərəkat:
Şübhəsiz ki, Brexit konkret və çox güman ki, xoş olmayan dəyişikliklərə səbəb olacaq, Rusiya da baş verənləri Avropanın zəifliyi kimi qələmə verməyə çalışacaq.
Millətçilərin də bundan istifadə edəcəyi aydındır.
Amma:
- Böyük Britaniya Avropa İttifaqı tarixində spesifik bir haldır. O, ancaq 1973-cü ildə bu quruma üzv olub və bir sıra inteqrasiya proseslərində iştirak etməyib (vahid valyutanı qəbul etməyib və Şengen zonasına daxil olmayıb).
- Brexit-i arxasında radikal millətçilərin durduğu şüursuz anti-Avropa prosesi hesab etmək olmaz. Bu, aparıcı partiya və siyasətçilərin iqtisadiyyat, sərmayələr, miqrasiya kimi çox praqmatik məsələlər üzrə ciddi müzakirələrinin nəticəsidir.
- Avropa İttifaqından çıxmaqla bağlı qərar qəbul etməklə Böyük Britaniya Avropa dəyərlərini sual altına qoymur və Rusiyaya qarşı münasibətini dəyişməyə can atmır (Fransa və Avropanın digər ölkələrində bəzi milli meyilli qüvvələrdə olduğu kimi).
- Avropa İttifaqı üçün Böyük Britanıyanın çıxması həddən ziyadə bürokratiya və requlyasiyalarla bağlı siqnal olmalıdır.
Gürcüstanın Böyük Britaniyada keçmiş səfiri Giorgi Badridze:
Heç bir zəmanət yoxdur ki, Avropa İttifaqından çıxmaqla və Avropa requlyasiyalarından imtina etməklə, Böyük Britaniya ümid etdiyi üstünlükləri ala biləcək.
Avropa İttifaqına gəlincə, problemlər həmişə olduğu kimi, özləri ilə konkret imkanlar da gətirir və Aİ-nin onlardan istifadə etmək şansı var. Avropa İttifaqı bunu islahatlara başlamaq üçün ciddi siqnal kimi qəbul edə bilər. Əks halda Aİ Britaniyasız xeyli daha zəif olacaq. Və radikal islahatlara getməsə, bundan udan yeganə tərəf Rusiya olacaq. Rusiyaya indi zəif Böyük Britaniya və zəif Avropa İttifaqı çox lazımdır.
Gürcüstana gəlincə, Britaniyanın Aİ-dən çıxması ilə Gürcüstan bu qurumdakı vacib tərəfdarını itirdi.
“Facebookda bu haqda nə deyirlər?
“Biz başqa bir dövrdə oyandıq, – bu gün gürcü “Facebookunda yazırlar.
#brexit heşteqi gürcü sosial şəbəkələrində gözlənilən şəkildə populyar oldu.
Birinci trend: “Bəlkə heç olmasa indi Avropa ağlını başına yığdı
“Bu, Merkel və Avropa məmurları – Avropa İttifaqı ideyasına, qurumun qatı düşmənlərindən daha çox zərər yetirən harınlamış bürokratlar üçün soyuq duşdur.
“Bu cür siyasət və bürokratiya ilə Avropa İttifaqının onsuz da perspektivi yoxuydu. Ümid edirəm ki, indi ağıllarını başlarına yığıb, nələrisə dəyişməyə çalışacaqlar.
“Buna pozitiv yanaşaq, bəlkə Avropa İttifaqında bir müddətlik də olsa xiyarın ölçülərinin requlyasiya məsələsini unutsunlar.
“Biz Avropa İttifaqına üzv olana qədər orada ancaq Moldova və Ukrayna qalacaq. Elə bir-birimizə də vizasız qonaq gedərik.
“Avropa İttifaqı bürokratiyadır!
“Britaniyalılar dünya bazar iqtisadiyyatının baniləridir. Buna görə də burada avropalıların bürokratik sosial sistemi yaşamadı.
“Avropa, özünə gəl! Belə Avropa İttifaqının bu siyasəti ilə Rusiya asanlıqla Gürcüstan və Ukraynanı udacaq, Türkiyə isə islam dövlətinə çevriləcək.
İkinci trend: “Avroskeptiklərin sayı artacaq, bundan udan isə Rusiya olacaq
“Bax, indi Avropa İttifaqında uzun müddət Gürcüstan kimi ölkələr olmayacaq. Onlara şokdan ayılmaq üçün hələ illər lazımdır.
“İndi başlanacaq: budur sizin Avropa İttifaqınız? O hətta britaniyalılara da lazım deyil…
“İndi Rusiya özünü daha da əmin hiss edəcək. Bu isə çox təhlükəlidir – həm Gürcüstan, həm də bütün dünya üçün.
“Rusiya mediası öz həmişəki stilindədir: britaniyalıların Avropa İttifaqından çıxışına açıq-aşkar sevinir. Düşmənə sonradan asanlıqla qalib gəlmək üçün onu ayırmaq həmişə bu medianın (və təbii ki, ölkəsinin hakimiyyətinin) ülvi arzusu olub.
Dərc olunub 24.06.2016