Ermənistan. Böhrandan sonra böhran
İyulun 31-də Ermənistanda təxminən iki həftə davam edən daxili siyasi böhran sona çatdı. İyulun 17-dən Erebunidəki PPX alayını zəbt edən “Sasna tsrer (“Sasunlu divanələr) silahlı qruplaşması təslim olaraq, “hərbi əsir statusunda mübarizəni davam etdirəcəyini bildirdi.
İki həftə ərzində Ermənistanda hansı dəyişikliklər baş verdi? Psixoloq və sosioloqlar nifrət və qəzəb dərəcəsinin kəskin artımını qeyd edirlər, buna həm hakimiyyətin iqtisadiyyat və siyasətdəki özbaşınalığı, həm də iyulun 29-da vəhşi sifətini göstərən polisin qəddarlığı səbəb oldu. Həmin gün nümayişçiləri Yerevanın Sari taq məhəlləsinə aparıb, orada əsl qırğın törətdilər – jurnalistləri və ictimai fəalları döyüb, nümayişçilərin liderlərini xüsusi qəddarlıqla saxladılar.
Ermənistanda psixoloji qütbləşmənin dərəcəsi ilə bağlı müxtəlif nəticələr çıxarılır – belə bir fikir var ki, polisi qəsdən cəmiyyətdən bir qədər məsafədə saxlayırlar ki, o itaətsizlik aksiyaları zamanı xalqa qoşula bilməsin. Belə bir fikir də var ki, hakimiyyət qəsdən, cəmiyyəti qorxutmaq üçün, gələcək üçün dərs olsun deyə “demokratiya maskasını çıxarıb.
Amma mənəvi və psixoloji müstəvidən ictimai-siyasi müstəviyə qayıtsaq, qeyd etmək lazımdır ki, Ermənistanda hiss edilmədən seçkiqabağı kampaniya başlayır və onun coşqun olacağı gözlənilir. İyul hadisələri Serj Sarqsyanın vəziyyəti nəzarət altında saxladığını göstərsə də, onlar həm də istənilən an fors-majorun mümkünlüyünü nümayiş etdirdilər.
Ermənistanda parlament seçkiləri 2017-ci ilin yazında baş tutmalıdır. Bu, 2015-ci ilin dekabr ayında Konstitusiyaya dəyişiklik ediləndən sonra ilk seçkilər olacaq. Bu dəyişiklikliyə əsasən, Ermənistan prezident respublikasından parlament respublikasına çevrildi. Yazda Seçki Məcəlləsi də dəyişdirildi, yeni qaydalara əsasən, ölkədə tərkibinə parlamentə keçən qüvvələrin nümayəndələri daxil olacaq koalisiya hökuməti formalaşdırılacaq.
Uzun illər boyu Ermənistanda hakimiyyət “prezident üçbucağı çərçivəsində formalaşırdı ki, bu üçbucaqda da müxtəlif konfiqurasiyalar yaranırdı – Robert Köçaryan Levon Ter-Petrosyanla Serj Sarqsyana qarşı birləşirdi, sonra Sarqsyan və Koçaryan Ter-Petrosyana qarşı çıxış edirdilər. İndi də analitiklərin dediyinə görə, Sarqsyan və Ter-Petrosyan Koçaryana qarşı alyansı qurulur.
“Sasna tsrer qruplaşmasının Robert Koçaryanın tərəfdarları olması barədə dəqiq məlumat olmasa da rəsmi olaraq, qiyamçıları dəstəkləyən nümayişçilərə Koçaryana loyallığı ilə tanınan keçmiş xarici işlər naziri Vardan Oskanyanın partiyası qoşuldu. Bundan başqa, indiki hakimiyyətə qarşı daha fəal təbliğatı Oskanyan tərəfindən təsis olunan KİV, o cümlədən də “SivilNet aparır.
“Sasna tsrer qiyamının gələcək milli həmrəylik hökumətinin formalaşmasına paralel olaraq başlayan proseslərlə bağlı olduğunu əminliklə söyləmək olmaz. Amma Serj Sarqsyan təsadüfən bildirməyib ki, bu hökumətdə məsələləri zor gücünə həll edən və sürünə-sürünə kresloya tərəf hərəkət edən qüvvələrə yer olmayacaq.
Maraqlıdır ki, iyulun 31-də həbsxanada olan Jirayr Sefilyan verdiyi bəyanatda, əsasən, milli həmrəylik hökumətinin yaradılması barədə danışırdı. Jirayr Sefilyan “Sasna tsrerin qeyri-rəsmi lideridir, onlar onun əmrlərinə, o cümlədən də silahı təhvil verməklə bağlı əmrinə tabe olmağa hazırdırlar. Sefilyanın öz tələb və istəklərini sadaladığı bəyanatından sonra “Sasna tsrer təslim oldu.
Bu zaman onlar ancaq bir tələb irəli sürdülər – Ermənistanın Rusiya quberniyasına çevrilməsinə imkan verməmək. Sefilyan öz bəyanatında həm də hazırda Ermənistanın İran və Türkiyə ilə sərhədlərini mühafizə edən Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması tələbini irəli sürdü. O bildirdi ki, Ermənistanın sərhədlərini erməni sərhədçiləri qorumalıdır. Bundan bir gün əvvəl isə “Sasna tsrerin liderlərindən biri olan Varujan Avetisyan müsahibə verərək, qiyamı Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə kimi xarakterizə etdi.
Artıq avqustun 1-də, məsələ xoşbəxtlikdən qan axıdılmadan həll olunandan sonra Serj Sarqsyan çıxış edərək, baş verənlərə öz qiymətini verdi. O, bu qiyamı nə çevriliş cəhdi, nə də terror adlandırmasa da məsələləri zor gücü ilə həll etmək cəhdlərini pislədi. Bu zaman o, ölkənin islahatlar və milli həmrəylik hökumətinə ehtiyacı olduğunu da etiraf etdi. Sarqsyan sanki Sefilyanın bəyanatına cavab olaraq bildirdi ki, belə bir hakimiyyət yaranacaq, amma bir neçə ay sonra, görünür yazda baş tutacaq seçkilər nəzərdə tutulurdu.
Serj Sarqsyan öz çıxışı zamanı “Sasna tsrerin haqqında danışdığı Ermənistan-Rusiya münasibətləri və dekolonizasiya mövzusuna toxunmadı. Bununla belə məlum oldu ki, avqustun 10-da Serj Sarqsyanın Moskvaya səfəri və burada Vladimir Putinlə görüşü planlaşdırılır. Ermənistan prezidenti administrasiyasına yaxın mənbələrdən gələn məlumata görə, görüş Yerevanın təşəbbüsü ilə baş tutacaq. Görünür, Ermənistan-Rusiya münasibətlərində həqiqətən də həllə ehtiyacı olan bir vəziyyət yaranıb.
Dərc edilib: 07.08.2016