BMT Abxaziya və Cənubi Osetiyada keçirilən seçkiləri tanımır
Abxaziya və Cənubi Osetiya tərəfindən keçid məntəqələrinin bağlanması, onların silahlı qüvvələrinin Rusiya silahlı qüvvələri ilə birləşdirilməsi, Sxinvalidə referendum – bu məsələlər bazar ertəsi BMT Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirə olunub. Gürcüstanla bağlı olan bu məsələlər Ukraynanın təşəbbüsü ilə iclasın gündəliyinə daxil edilib. Bu ölkə Gürcüstandan fərqli olaraq BMT Təhlükəsizlik Şurasının üzvüdür.
Ukrayna hesab edir ki, sadalanan addımlar Rusiya tərəfindən Gürcüstan ərazisinin işğalını “qanuniləşdirmək” cəhdidir.
“Ukrayna Təhlükəsizlik Şurasının üzvü olduğu müddətcə Gürcüstan məsələsi unudulmayacaq”, – Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir İlçenko bildirib.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyəti hesab edir ki, Abxaziyada və Cənubi Osetiyada atılan son addımlar narahatlıq doğurur və regionda insan haqları üçün təhlükə yaradır.
İlçenko Krımla paralel gətirərək belə nəticəyə gəlir ki, Abxaziya və Cənubi Osetiya məsələləri mövcud fikrin əksinə olaraq dondurulmuş deyil.
“Təhlükəsizlik Şurası üzvlərinin çoxu Rusiyanın davranışı ilə bağlı şərhlərlə çıxış etdilər və bir nəfərdən başqa bütün Təhlükəsizlik Şurası üzvləri Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.
Ukrayna nümayəndə heyəti tələb edib ki, Təhlükəsizlik Şurası mətbuat üçün Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə bağlı xüsusi bəyanat versin, amma bu təşəbbüs Rusiya tərəfindən bloklanıb.
Bütün bunları Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Metyu Raykroft da təsdiqləyib: “Gürcüstanda baş verənlərlə, o cümlədən Abxaziya inzibati sərhədinin Gürcüstan istiqamətində keçid məntəqələrinin bağlanması və bununla da yerli əhalinin azad hərəkət hüququnun pozulması ilə bağlı narahatlığımı bildirmişəm. Abxaziyada martın 12-də baş tutmuş parlament seçkilərini tanımırıq. Həmçinin Cənubi Osetiyada keçirilən prezident seçkiləri və ərazinin adının dəyişdirilməsinə dair referendumu da tanımırıq”, – Təhlükəsizlik Şurasının iclasından sonra Britaniya səfiri “Amerikanın Səsi”nə bildirib.
Rusiya nümayəndə heyəti Təhlükəsizlik Şurasının digər üzvlərinin fikirlərini bölüşmür.
“Hamı Abxaziya və Cənubi Osetiyanın müstəqil ölkə olduğuna alışmalı olacaq”, – Rusiyanın BMT-dəki səfirinin səlahiyyətlərini yerinə yetirən Pyotr İliçev bildirib.
- Son bir eçə həftədə Moskva Abxaziya və Cənubi Osetiyaya əlavə hərbi qüvvə yeridib, o cümlədən Cənubi Osetiya hərbi hissələri Rusiya hərbi sisteminə birləşdirilib. Bununla bərabər Abxaziya inzibati sərhədində keçid məntəqələri bağlanıb ki, bu da vətəndaşların hərəkətinə mane olur.
- Aprelin 9-da Cənubi Osetiyada prezident seçkiləri, eyni zamanda respublikanın adının dəyişdirilərək “Cənubi Osetiya və ya Alaniya Dövləti” qoyulması ilə bağlı referendum keçiriləcək. Rəsmi məlumatlara görə, 2017-ci ildə Cənubi Osetiyada 55 min insan yaşayır, onlardan 39 min nəfəri səs hüququna malikdir.