“Black Sea Energy” layihəsi – Azərbaycan və Gürcüstandan Avropa üçün yeni enerji mənbəyi
“Black Sea Energy” layihəsi
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Buxarestdə “Black Sea Energy” layihəsini həyata keçirmək üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar. Bu haqda Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə nazirlərin/Rəhbər Komitənin Buxarest görüşü dördtərəfli Sazişin icrası və Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi istiqamətində mühüm nəticələrlə yekunlaşdı. Səhmdarlar Müqaviləsinin imzalanması ilə Buxarestdə Birgə Müəssisənin təsis edilməsinə nail olduq…”, – nazir X sosial şəbəkəsindəki hesabında yazıb.
- “Ermənistanın yenidən silahlanması bütün region üçün təhlükədir”. Bakıdan şərh
- Milli Məclisdə çoxluq yenə də YAP nümayəndələrindən formalaşıb
- “Uzaq boz ada” – Pirallahıdan reportaj
Nə baş verib?
Saziş sentyabrın 3-də Buxarestdə “Black Sea Energy” (Qara Dəniz Enerjisi) layihəsi üzrə 8-ci görüşdə dörd ölkənin nazirləri səviyyəsində imzalanıb.
“Yaşıl Enerji Dəhlizi” birgə müəssisəsinin yaradılması üzrə səhmdar saziş isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları – “Azərenerji”, Gürcüstan Dövlət Elektrik Sistemi, “Transelektrika” və MVM tərəfindən imzalanıb.
Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
“Birgə müəssisə və işçi qrupuna layihənin texniki-iqtisadi əsaslandırmasını, müəyyən edilmiş müddətdə başa çatdırmaq üçün konsaltinq şirkəti ilə müştərək prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünə qədər birgə müəssisənin fəaliyyət planını hazırlamaq, həmçinin layihənin biznes modelləri üzrəməsləhətləşmələrə başlamaq tapşırılıb.
“Yaşıl Enerji Dəhlizi” layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, onun hazırlanması və icrasına nəzarəti həyata keçirəcək”, – məlumatda deyilir.
Bundan əlavə, ümumi və qarşılıqlı maraq kəsb edən layihələrin ikinci siyahısı (PCI/PM) üçün 2024-cü ilin sentyabrında Avropa Komissiyası tərəfindən başladılan proses çərçivəsində status almaq üçün kollektiv müraciət etmək qərara alınıb.
“Black Sea Energy” nədir?
2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1 195 km-dir.
2023-cü ilin iyun ayında Bolqarıstanın layihəyə qoşulduğu elan edilib.
2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy” layihəsinin həyata həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında” memorandum imzalayıb.
“Black Sea Energy” dənizaltı elektrik kabeli layihəsi Avropa üçün təhlükəsiz enerji mənbələri yaratmaq məqsədi daşıyır. Layihənin əsas prioriteti Azərbaycan və Gürcüstan ərazisindən keçən dənizaltı elektrik kabeli vasitəsilə Rumıniyanı bərpa olunan enerji ilə təmin etməkdir.
İlkin büdcəsi 2,3 milyard dollar olan layihənin 2029-cu ilə qədər istismara verilməsi gözlənilir.
Ümumiyyətlə, Azərbaycanın bərpa olunan enerji potensialı quruda 27, Xəzər şelfində isə 157 giqavatdır. 2027-ci ilə qədər bu potensialın 80 faizi ixraca ayrılmaqla, 4 giqavat reallaşdırılacaq və bu rəqəmin tezliklə 25 gigavata yüksələcəyi gözlənilir. Azərbaycan 2027-ci ilə qədər əlavə 6 giqavat ötürmə gücü yaratmağı planlaşdırır.
“Siyarto Aİ-nin infrastrukturun inkişafına maliyyə dəstəyi verəcəyinə ümid etdiyini bildirib”
Sənəd imzalanmamışdan bir qədər əvvəl Macarıstanın baş nazirinin mətbuat katibi Zoltan Kovaç “Black Sea Energy” layihəsi üzrə 8-ci görüşün açılışında bu ölkənin xarici işlər naziri Peter Siyartoya istinadən X sosial şəbəkəsində bildirib ki, gələcəkdə Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya yaşıl elektrik enerjisinin idxalına imkan yaradacaq layihənin praktiki icrasına yaxınlaşıblar.
“Buxarestdə “yaşıl enerji” sahəsində Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya tərəfdaşlığına həsr olunmuş görüşdə nazir enerji təhlükəsizliyinin bu çətin dövrdə milli təhlükəsizliyin əsas elementi kimi əhəmiyyətini vurğulayıb”, – Z.Kovaç yazıb.
Bundan əlavə, o qeyd edib ki, P.Siyarto Macarıstanın dörd sütuna əsaslanan enerji strategiyasını açıqlayıb: “Pakş” AES-də iki yeni reaktorun tikintisi hesabına nüvə güclərinin artırılması, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artırılması, etibarlı enerji təchizatçıları ilə əməkdaşlıq və yeni təchizat marşrutlarının daxil edilməsi nəzərdə tutulur.
“Nazir “Azərbaycan-Gürcüstan-Avropa Qara dəniz” “yaşıl enerji” dəhlizi layihəsini nümunə gətirib. Bu layihə Gürcüstan və Azərbaycandan yeni enerji mənbələri təqdim edəcək, Macarıstanın enerji istehlakı dayanıqlığını artıracaq. P.Siyarto həmçinin layihənin sürətlə irəlilədiyini, iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin birgə müəssisə yaratdığını və tezliklə “yaşıl enerji” sahəsində dəyişikliyin edildiyi tərəfdaşlıq sazişi imzalamağı planlaşdırdığını qeyd edib”, – məlumatda deyilir.
Macarıstan XİN başçısı Avropa İttifaqının (Aİ) bu layihə üçün zəruri olan infrastrukturun inkişafına maliyyə dəstəyi verəcəyinə ümidvar olduğunu deyib və belə layihələrin uğurunun çox vaxt maliyyələşdirmədən asılı olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, 1 100 km uzunluğuna görə rekord vuracaq sualtı kabel tikintisi başa çatdıqdan sonra “yaşıl elektrik enerjisi”nin idxalını asanlaşdıracaq.