“Bizi əzməyinizə imkan verməyəcəyik” – Gürcüstanın regional televiziyasında 90 jurnalist tətil elan edib
Gürcüstanın Acarıstan regionunda İctimai televiziyanın 90 nəfər işçisi öz rəhbərliyinə ultimatum elan edib.
Ya 21 gün ərzində işdən azad edilmiş həmkarları, o cümlədən də xəbər xidmətinin iki rəhbər işçisi işə qaytarılacaq, ya da kütləvi tətil başlayacaq.
Kollektivin digər tələbləri sırasında redaksiyanın müstəqilliyinə təminatın verilməsi, əmək hüquqlarının təmin olunması, telekanalın strateji inkişaf planının hazırlanması da var.
Kanalın jurnalistləri işdən qovulmaları yeni direktorla əlaqələndirirlər. Onların bildirdiyinə görə, o, hakimiyyətin təyin etdiyi şəxsdir və kanalın müstəqil siyasətini dəyişmək, 2020-ci ilin oktyabrına təyin olunmuş parlament seçkiləri öncəsi regionda loyal media mühiti formalaşdırmaq məqsədilə vəzifəyə gətirilib.
Ölkədəki yerli və beynəlxalq ekspertlərin əksəriyyəti bu iddia ilə razıdır.
• Gürcüstanda media kimə məxsusdur? Hakimiyyət media siyasətini dəyişir. Çoxları dejavü yaşayır
•Gürcüstan hakimiyyətinin Facebook-da yüzlərlə feyk-səhifəsinin olduğu aşkarlanıb
• Gürcüstanın əsas oliqarxı yeni baş nazirlə necə bağlıdır? – bütün təfərrüatlar
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı xüsusi bəyanatında qeyd edib ki, Gürcüstanda mediaya qarşı təzyiq xeyli artıb, hakimiyyətə qarşı tənqidi mövqe tutan telekanallara qarşı mübarizə gedir.
Gürcüstan əhalisinin 70 faizinin informasiyanı əsasən televiziyalardan aldığını nəzərə alaraq bunun ikiqat həyəcanlı olduğunu bildirmək lazımdır, ölkəni növbəti dörd il ərzində kimlərin idarə edəcəyini müəyyən edəcək parlament seçkilərinə isə cəmi səkkiz ay qalıb – “Sərhədsiz reportyorlar” təşkilatının bəyanatında deyilir.
Kanal rəhbərliyi və kollektiv arasındakı danışıqlarda mediator rolu Əmək və Səhiyyə Nazirliyinin üzərinə qoyulub.
“Sərhədsiz reportyorlar”: Gürcüstan hakimiyyəti media üzərindəki nəzarətini gücləndirir
Müstəqil media ətrafında ilk səs-küylü qalmaqal 2019-cu ilin yayında, Gürcüstanın ən populyar müxalif “Rustavi -2” telekanalının sahibləri və rəhbərliyi dəyişən zaman yaşanıb. Aparıcı prodüserlər və jurnalistlər kanalı tərk edərək “Mtavari” (“Əsas”) adlı yeni müxalif telekanal yaradıblar.
Eyni zamanda digər jurnalist qrupu “Formula” adlı daha bir müxalif telekanal yaradıb.
İndiyə qədər bütün müxalif telekanalların təsisçiləri, direktorları və prodüserlərinə qarşı ya cinayət işi qaldırılıb, ya da onları mütəmadi olaraq şahid qismində prokurorluğa uzun saatlar sürən dindirmələrə çağırırlar.
O cümlədən də:
“Mtvari” telekanalının baş direktoru Nika Qvamariyaya qarşı cinayət işi açılıb, ailə üzvləri izləməyə alınıb.
Telekanalın əsas aksioneri Giorgi Rurua da qanunsuz odlu silah saxlamaq və gəzdirmək ittihamı ilə istintaq altındadır.
Müxalif “Pirveli” telekanalının banisinin 70 yaşlı atası, biznesmen Avtandil Tsereteli “TBC Bank”la bağlı səs-küylü cinayət işinin fiqurantlarından biridir və mütəmadi olaraq prokurorluğa ifadə verməyə çağırılır.
“Formula” telekanalının direktoru telekanalın ilk yayım günündə – 2019-cu il oktyabrın 1-də prokurorluğa çağırılıb. Orada o, doqquz saat ərzində “Rustavi-2” teleşirkəti ilə bağlı ifadə verib.