“Biz hər şeyi bacarırıq”: Abxaziyada əmək miqrantlarının vəziyyəti
Abxaziyada əmək miqrantları
Mərkəzi Asiya ölkələrinin minlərlə vətəndaşı daha yaxşı həyat dalınca Abxaziyaya gəlir. Necə belə alınıb ki, əməkhaqqının çox da yüksək olmadığı Abxaziyada başqa kasıb ölkələrdən olan qonaqlar özlərinə yer tapa bilirlər və burada nə qədər qazana bilirlər? JAMnews-un Suxum müxbiri bunu aydınlaşdırıb.
Səhər saat 6-da Suxumun dənizkənarı bulvarına çıxsaz, velosipedçilərdən və qaçanlardan başqa onlarla təmizlik və səhman görəvliləri ilə qarşılaşacaqsız – onların hamısı paytaxtın “Abadlaşdırma” bələdiyyə müəssisəsinin işçiləridir.
- Yeddi ölkə Rusiyanı Abxaziya və Cənubi Osetiyanı tanımasını geri çəkməyə çağırıb
- Suxumun dağılmış küçələri, günahkar kimdir və nə etməli? Abxaziyadan videobloq, birinci epizod
- Rusiyanın ölkəyə giriş zamanı məcburi test qərarı Abxaziyanı turistsiz qoya bilər
İdarədən bildirildiyinə görə, hər dəfə əməkdaşlar lazım olanda, elan verilir. Yerlilər müraciət etmir.
“Yerlilərin öz səbəbləri var – kimsə utanır, kimsə hesab edir ki, bu, onun səviyyəsi deyil, çoxları sadəcə tənbəllik edir, axı bu, həqiqətən böyük zəhmətdir”, – əməkdaşlar deyir.
Mahmudun 45 yaşı var, o, Suxumda demək olar ki, yerli kimidir – səkkiz il miqrant üçün bir yerdə yaşamaq baxımından ciddi müddətdir. Həmsöhbətimiz Suxuma qonşu Soçidən gəlib, düzdür, orada çox yaşamayıb, cəmi iki il.
“Ümumiyyətlə əslən Özbəkistandan, Urqençdənəm. Həyat yoldaşım və uşaqların indi oradadır. Uşaqların çoxu ailələrini gətirib, amma mən istəmirəm. Artıq cavan deyiləm, nə qədər belə yaşayacaqm? Hər halda ümid edirəm ki, qocalığımı vətənimdə, evimdə yaşayacam”, – Mahmud deyir.
Bunun üçün onun məqsədi var – pul yığmaq. Onun sözlərinə görə, bunu Suxumda eləmək çətin deyil. Miqrantlar əsasən balaca və ucuz evlər tuturlar – 15 min rubla [$200 yaxın] ikiotaqlı mənzildə beş, hətta altı nəfər yaşaya bilir.
“Mən qazandığım bütün pulu evə göndərirəm. Mənə məgər pul lazımdı? Ancaq yeməyə və evə. Bu qəpik-quruşdur, mən qənaətciləm. Orada ailəm də çalışır ki, çox xərcləməsin. Kənarda həmişə pul olsun”, – Mahmud danışır və Suxumu təmizləməyə davam edir.
Şəhər administrasiyasında işləməkdən başqa Mahmud bəzən “fərdi sifarişlər” də alır. Deyir ki, bütün hamısı ayda 50-60 min rubl [$700-800 qaxın] qazanc edə bilər. Bu pul nəinki Mahmudun vətəndində, elə Abxaziyanın özündə də yaxşı qazancdır. Xatırladım ki, Abxaziyada dövlət işçisi orta hesabla 13 min rubl [$180] alır.
“Hamımız hər şeyi bacarırıq”
Şəhərdə miqrantların toplandığı məşhur yerlərdən biri də Respublika stadionu qarşısındakı meydançadır. Burada rəsmi iş yerləri olmayan, amma hər gün yeni işin qulpundan yapışmağa hazır olanlar toplanır.
Suxumun hər bir sakini bilir ki, həyəti səliqəyə salmaq, inşaat zibillərini atmaq, təcili divarları boyamaq, mebel daşımaq və ümumiyyətlə nə iş olsa, stadiona getmək lazımdır.
Oradakı uşaqlar istənilən işə hazırdır – əsas odu ki, qiymətdə razılaşasan. Orta qiymət iş üçün adambaşı 1000 rubldır [$14 yaxın]. Şərti olaraq iki min rubla 40 dəqiqə ərzindəfəhlələr evinizi inşaat zibilindən azad edə bilər, sonra isə “bazaya” qayıdıb daha bir və ya hətta iki sifarişə gedəcəklər.
Xəlil demək olar ki, hər gün stadionun yanına gəlir. Deyir ki, yaxşı günlərdə beş min rubla [$70 yaxın] qədər qazanmaq olur.
“İş müxtəlif olur – əsasən nəyisə yığışdırmaq, qaldırmaq, endirmək, sındırmaq və ya toplamaq. Düzünə qalsa, mən çox vaxt gələn maşından nə iş lazım olduğunu soruşmuram – çalışıram ki, başqalarından daha tez oturum maşına. Burada əsas cəld reaksiya verməkdir. Belə də ki, biz demək olar ki, hər işi bacarırıq”, – Xəlil deyir.
Mahmuddan fərqli olaraq, Xəlil ailəsini Abxaziyaya gətirib – ötən il övladı artıq Suxum məktəbinə gedib. “Uşaqlar tez öyrənirlər. İnanın oğlum rus dilində məndən yaxşı danışır”, – Xəlil gülümsəyir.
Qeyd etmək lazımdır ki, miqrantların çoxu həm də inşaat işlərində məşğuldur – praktiki olaraq hər obyektdə, özəl və ya dövlət, Mərkəzi Asiyadan olan fəhlələrə rast gəlmək mümkündür.
Düzdür, burada vurğulamaq lazımdır ki, inşaat işlərində yerlilər də az deyil – qara fəhlədən tutmuş briqadirlərə qədər.
İdeal xadimələr
Amma Abxaziyada ancaq kişi miqrantlar işləmir. Qadınların da ayrıca bazarları var – təmizliklə və klininq xidmətləri ilə bağlı olan hər şey.
İki min rubla [$28 yaxın] özbəkistanlı və ya tacikistanlı qadın evdə və ya mənzildə dib-buczq təmizlik aparmağa hazırdır. Təmizlik avadanlıqları sizdən, qalan hər şey ondan.
Hər bir qadının telefonunda bu cür baha olmayan, amma kifayət qədər keyfiyyətli bir neçə klinerin nömrəsi var.
Dilya Abxaziyada cəmi bir ildir ki, işləyir. Bir iş yerini mütəmadi əlavə qazanc yerləri ilə birləşdirir.
“Biz kişilər kimi saatlarla dayanıb, iş gözləyə bilmirik – bizdə qaydalar fərqlidir. Əgər sən bircə dəfə kiminsə evini yaxşı təmizləsən, səni yenə çağıracaqlar və sənin nömrəni qonşulara və ya qohumlara verəcəklər. Əgər yaxşı işləsən, zənglər də çox olacaq. Mən bəzən hətta işdən imtina etməli oluram – sadəcə çatdırmıram. Mən mütəmadi olaraq bir ofisi maaş müqabilində təmizləyirəm, qalan bütün boş vaxtımda fərdi evlərə gedirəm. Mənim böyük uşaqlarım var, onlar Tacikistanda yaşayırlar, ailəmi mən dolandırıram”, – qadın danışır.
Vətənə qayıtmağı planlaşdırırmı, sualının cavabında Dilya sadəcə gülümsəyir. Bunu “etiraz eləmirəm, amma…” kimi yozuruq.
Leqal iş
Hesab olunur ki, ilk qastarbayterlər Abxaziyaya 2007-ci ildə Moldova, Ukrayna, Ermənistan, Özbəkistan, əsasən isə Rusiyadan gəlməyə başlayıb.
2009-cu ildə Dövlət Miqrasiya Xidməti yaradılıb. Həmin vaxtdan qastarbayterlərin burada qalması leqal xarakter alıb. Onlar xarici pasportları ilə qeydiyyatdan keçirlər.
2021-ci ilin sentyabrından rusiyalılardan başqa bütün xarici vətəndaşlara tanınmamış respublika ərazisində leqal qalmaq üçün viza, iş icazəsi və tibbi arayış lazımdır. Bizə Miqrasiya Xidmətindən verilən məlumata görə, bir illik çox girişli vizanın qiyməti altı min rubldır [$80 yaxın], iş icazəsi üçün daha altı min rubl, tibbi arayış (QİÇS mərkəzdən arayış, rentgen və sairə) üçün isə üç min rubl lazımdır.
Abxaziya Mərkəzi Bankının məlumatına görə, 2020-ci il ərzində Mərkəzi Asiya ölkələrinə 596,8 milyon rubl [$8,2 mln. yaxın], 2021-ci ilin altı ayı ərzində isə 366 milyon rubl [$5 mln. yaxın] pul göndərilib.
Bu rəqəmlər hər il Milli Bankın yekun hesabatlarında dərc olunur. Media onları yayandan sonra cəmiyyətdə daimi mübahisə başlayır – bəziləri deyirlər ki, miqrantlar kiminsə iş yerlərini tuturlar, digərlərinin fikrincə isə miqrantlar gedərsə Abxaziyada küçələri süpürməyə adam tapılmayacaq.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. Məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını JAMnews özündə saxlayır