Bizə əbədilik lazımdırmı?
Azərbaycanın təhsil sistemində dərslik artıq hamıya məlum olan “zəif bənddir. Tarix dərslikləri isə başqa bir aləmdir.
Doxsanıncı illərdə, hətta iki mininci illərin əvvəllərində məktəblərdə dərs planını köhnə sovet dərslikləri bazasında tərtib edirdilər. Təhsil Nazirliyi dərslikləri öz gücü ilə nəşr edəndən sonra vəziyyət dəyişməyə başladı. Amma dəyişiklik yaxşılığa doğru olmadı.
Dərsliklərin problemlərini 4 növə ayırmaq olar:
1. Faktologiya – keçmişin təhrif olunmasından başqa, hansısa faktların gizlədilməsi, digərlərinin isə şişirdilməsi.
2. Tarixə özünü tənqiddən uzaq yanaşma və gənclərdə bu yanaşmanın tərbiyə edilməsi.
3. Hadisələrin “tarix-şah təsviri. Filan şah (çar) filan şaha filan tarixdə hücum edib. Mədəniyyət, adətlər, həyat tərzi isə kadr arxasında qalır.
4. Nifrət dili. Ən pisi də odur ki, bu var və həddən artıq çoxdur.
Bütün bunları ardıcıllıqla nəzərdən keçirək.
Əslində, dərsliklərdəki tarixi təhrifləri faktoloji, nifrət dili və başqalarına ayırmaq çətindir – çünki biri o birisindən keçir. Faktların təhrif olunduğu yerdə tənqiddən kənar yanaşma da var, qonşu dövlətlərə nifrət də.
Əbədi millət
Tarix dərsliklərində birinci strateji səhv əbədi Azərbaycan dövləti və əbədi Azərbaycan milləti haqqında ideyadır. Yəni Manna, Midiya, Atropatena, Albaniya və istənilən başqa feodal xanlıqlar Azərbaycan dövlətləri kimi qələmə verilir. Bu zaman heç başa düşülən deyil ki, bütün ölkələrin sərhədlərinin bir neçə dəfə dəyişdiyi və yenidən müəyyənləşdirildiyi dünyada Azərbaycan dövlətçilik “stajının” üstündə bu qədər israr etməyə nə ehtiyac var?
Görünür, bu bədnam “böyük Ermənistan ideyasına qarşı durmaq və mümkün yollarla erməni təbliğatını üstələmək cəhdidir. Eyni zamanda İrana qarşı ərazi iddiaları irəli sürülür, çünki Təbriz həqiqətən də Səfəvilər dövlətinin paytaxtı olub, bu dövlətin türk hökmdarlarını isə azərbaycanlılar qanuni əsasla öz əcdadları sayır. Ən maraqlısı da odur ki, Gürcüstana qarşı da ərazi iddiaları var, onun ərazisinin bir hissəsi beşinci sinif dərsliklərində “qədim Azərbaycan torpaqları adlandırılır.
Əbədi Azərbaycan milləti məsələsinə gəlincə, ümumilikdə sərhədlərin və vahid millətlərin mövcudluğu müasir dövrə aid olsa da müəlliflər bunun həmişə belə olduğunu hesab edirlər. Bizim qavramımızdakı “millət, “dövlət, “sərhədlər anlayışları o vaxtlar sadəcə mövcud olmayıb.
Əksər Avropa dövlətləri torpaq və ehtiyatlar uğrunda bir-birilə vuruşan ayrı-ayrı tayfalar kimi “başlayıblar və heç kim bunu ayıb saymır. Həmin dövrün sıravi fransızına gəlincə, o fransız olduğu barədə düşünmürdü, o bunun nə olduğunu bilmirdi də. O, yemək barədə düşünür və qocalana, yəni 40 yaşına qədər yaşamağı arzulayırdı.
Orta sinif (sənaye cəmiyyətinin təməli) mövcud deyildi. Zadəganlıq isə özünü etnik qrup deyil, bu və ya digər hökmdara və allaha loyallığına görə identifikasiya edirdi.
Mərkəzi Avropada, Asiyada, Yaxın Şərqdə nələr baş verirdi? Elə həmin şeylər.
Hər tərəf düşməndir
Dərsliklər türk xalqlarının qədim eposu olan “Kitabi-Dədə Qorqudu aşağıdakı kimi şərh edirlər:
“Oğuzların ən çox sevdiyi deyimlərdən biri budur: “Yağı düşmən dost olmaz. Oğuz igidləri öldürülən şəhidin qanının yerdə qalmayacağına and içirdilər. Oğuzların bu adəti zaman keçdikcə bütün Azərbaycan xalqı arasında yayılıb. Azərbaycan xalqı indi də and içir ki, şəhidlərin qanı yerdə qalmayacaq.
Bu, beşinci sinif üçün tarix dərsliyidir. Burada hər şey var – həm nifrət dili, həm də tezislərə tənqiddən kənar münasibət. Bu deyim haradan götürülüb, niyə ən sevilən sayılır? Kimsə keçmişə qayıdıb, orada oğuzlar arasında sorğu keçirib?
Cəmi bir neçə cümlədə həm faktologiya ilə bağlı problemlər, həm tənqidsiz təfəkkürün tərbiyəsi, həm də nifrət dili var.
Bu da başqa beşinci sinif dərsliyi. Burada deyilir: “Bu gün Ermənistan adlanan ərazi əbədi və əzəli Azərbaycan torpağıdır – azərbaycanlıların doğma torpağı. Bu, şübhəsiz tarixi bir faktdır.
Burada həm faktların təhrifi (qədim dövrlərdə heç bir millət və onun konkret əraziləri olmayıb), həm də tənqidi təfəkkürün “şübhəsiz tarixi fakt ifadəsi şəklində qarşısının alınması var.
Dərslik müəllifləri özlərini həqiqətin son instansiyası hesab etdikləri və şagirdlərə bu və ya digər hökmdar haqqında hazır, “siyasi cəhətdən doğru fikirlər sırıdıqları halda uşaqlar faktları tutuşdurmağı və onların doğruluğunu qiymətləndirməyi necə öyrənəcəklər?
Hökmdar Cavanşir haqqında (7-ci sinif) paraqraf “müdrik siyasətin nəticələri adlanır. Bu da misal üçün, Cavanşirin xəzərilərin hücumunun qarşısını almaq üçün Xəzər xaqanının qızı ilə evlənməklə düzgün addım atıb-atmadığı ətrafında şagirdlərin müzakirə apara biləcəyi diskussiyanı əvəz edirmi?
Yuxarı siniflərdə də analoji vəziyyət var. Müəlliflər həm özləri tənqiddən kənar təfəkkür nümayiş etdirir, həm də onu şagirdlərə sırıyırlar.
5-ci sinif. Burada azərbaycanlıların 1918-ci ildə kütləvi qətli haqqında real faktlarla yanaşı, həm də nəvəsi ilə birlikdə Quba kütləvi məzarlığına gələn hansısa “qarının hekayəsindən bəhs edilir. Qadın özünün ürəkparçalayan həyat hekayəsini xatırlayır, nəvəsinə danışır və deyir ki, o vaxt onun altı yaşı olub.
Hekayə xırda təhrif və cəfəngiyatla doludur və ümumiyyətlə həqiqətə oxşamır. Ən əsası isə odur ki, Quba məzarlığı 2007-ci ildə aşkar olunub və deməli qadının ən azı 95 yaşı var (yəni onun kötücəsi də ola bilərdi). Qarıya çay sahili ilə uzun yolu piyada qət etməyə imkan verən nəvənin məsuliyyətsizliyi təəccüb doğurur. Yaşlı qadının qibtə olunası sağlamlığı da heyran edir.
“Hər tərəf düşməndir, “biz hamıdan yaxşıyıq (bu, sitat deyil) – bunu artıq birinci tarix dərsliyinin (5-ci sinif üçün) ilk səhifələrindən öyrədirlər. Dərslikdə deyilir ki, “kafirlər, “erməni və gürcü feodalları və onların “havadarları (bu, artıq sitatdır) heç vaxt heç kimə hücum etməyən və heç kimin sərhədlərini pozmayan oğuz xalqına qarşı mübarizə aparıblar.
Faşistlər
“Erməni faşistləri işləyə bilməyən qocaları və uşaqları yerindəcə güllələyirdilər. Təbii ki, Qarabağ münaqişəsi zamanı erməni vəhşiliyi rəngarəng və ətraflı təsvir olunub. Əslində bunun üçün xüsusi dərslik var: Qarabağ tarixi. Bununla yanaşı o vaxt hakimiyyət başında olan indiki müxalifət: Azərbaycan Xalq Cəbhəsi (o vaxt hələ partiya deyildi) və Müsavat da öz payını alır.
Yeri gəlmişkən, faşistlər haqqında: İkinci Dünya Müharibəsi ilə bağlı dərslik müəllifləri konkret qərara gələ bilmir. Bir tərəfdən Bakı neftçilərinin faşizm üzərində qələbəyə “mühüm töhfəsindən bəhs edilir. Digər tərəfdən isə Sovet İttifaqına nifrət etdikləri, Azərbaycanın müstəqil olmasını arzuladıqları üçün heç cür “pis kimi qələmə verilə bilməyən türkçülər necə olsun?!
“Şimali Azərbaycanda sovet rejimi qurulandan sonra mühacirət edən bir çox azərbaycanlı ümid edirdi ki, Almaniyanın Sovet İttifaqı üzərində qələbə çaldığı halda Azərbaycan milli müstəqillik əldə edəcək. Vətənində yaşayan və Sovet Ordusuna hərbi xidmətə çağırılanlardan bəziləri də belə hesab edirdi. Onlardan biri də mayor Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski idi. O, Riqada almanlara əsir düşür. 1941-ci ildə Hitlerə azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq təklifi ilə müraciət edir. Hitlerçilər onun müraciətini alqışlayırlar.
“Hitlerçilər semantikasına görə “staxanovçular, “leninçilər ifadələrinə “faşistlər anlayışından daha yaxındır. Amma bununla da bitmir.
“Qafqazın ələ keçirildiyi halda alman ordusuna tapşırılmışdı ki, yerli əhalinin milli və dini hisslərinə toxunulmasın. Qafqazda hərbi əməliyyatlara başçılıq edən general fon Makizen islamı qəbul edib, xalqın gözü qabağında namaz qılırdı.
Yeri gəlmişkən, 7-ci sinif dərsliyində deyilir: “İslam ən humanist və ədalətli dindir. İstər-istəməz Konstitusiya və onun dini etiqad azadlığı haqqında utopik müddəsı yada düşür.
Hər halda daha bir mənbə də generalın həqiqətən də islamı qəbul etdiyini bildirir. Amma onun adı Makenzen idi.
Davamı da eyni ruhdadır: “almanlar onların döyüş keyfiyyətlərini yüksək qiymətləndirib, çoxlarını medalla təltif edib. Bu, “hitlerçilərin tərəfində döyüşən həmin o azərbaycanlılar haqqındadır.
“Müharibə bitəndən sonra bu legionun hissələri neytral ölkələrin ərazilərinə köçürülür və ləğv edilir. Onların böyük hissəsi Türkiyədə məskunlaşır. Vətənə qayıdanlar isə uzun müddət təqib və sürgünlərə məruz qalır.
Dərslik müəllifləri narazılıq edir.
Bəlkə onlara medal verilməliydi?
Yekun
Millətin həmişə mövcud olduğu dünya mənzərəsi primordializm adlanır və elmi cəmiyyətdə onun tərəfdarları yoxdur. Ultra-millətçilər arasında isə kifayət qədərdir. Akademik mühitdə belə bir fikir var ki, millətlər XIX əsrdə formalaşmağa başlayıb, buna da etnosun birliyi (bu, mütləq deyildi), mədəniyyətin və sənaye dövrünün siyasi iqtisadiyyatının dəyişməsi (bu isə mütləq idi) təsir edib.
Bu tendensiyalar E. Qellner, C. Broyi, B. Anderson, E. Renan kimi sosioloq və antropoloqların elmi işlərində yaxşı təsvir olunub. O vaxta qədər isə etnoslar, heç etnoslar da yox, konkret bir vaxtda konkret ərazidə yaşayan ayrı-ayrı konkret insanlar konkret hökmdar və konkret dinə tabe olmaq prinsipi ilə birləşiblər.
“Rus knyazları öz tatar həmkarları ilə birlikdə digər knyazlar və tatar həmkarlarına qarşı vuruşub, Qarabağ xanları və məlikləri isə başqa xanlara və məliklərə qarşı döyüşdə birləşib. Knyazlar və tatarlar, xanlar və məliklər həvəslə dostluqlarını millətlərarası nikahlarla möhkəmləndirir, bir-birini satır və yenidən vuruşurdular.
Artıq XX əsrin əvvəllərində də Bakıda heç kim “sən kimsən? sualına “azərbaycanlıyam – cavabını verməzdi. Hər kəs “müsəlmanam, ya da uzağı “türkəm deyəcəkdi. Halbuki özündə türk, fars, qədim alban genlərini daşıyan Azərbaycan etnosu o vaxta qədər artıq tam formalaşmışdı.
Amma müasir anlamda vahid millət o vaxtlar yoxuydu və bu, heç də ayıb sayılmamalıdır. Faktiki olaraq, Azərbaycan dövlətinin mövcudluğu 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və “komandası tərəfindən Azərbaycan Demokratik Respublikasının yaradılması anından başlayır.
Və hətta o, bundan bir il əvvəl yaradılsaydı da, bu faktı etiraf və qəbul etmək lazımıydı.
Diqqəti tarixin yenidən qiymətləndirilməsi, az-çox obyektiv faktlar üzərində cəmləmək əvəzinə, dərsliklər onu təbliğat ruporuna və “düşmənin daimi rişxənd obyektinə çevirir. Gülməli görünürsənsə və özün özünü təkzib edirsənsə informasiya müharibəsində uda bilməzsən.
Nifrət dili, tarix-şah yanaşması, tənqiddən kənar təfəkkürün tərbiyəsi, dünyanın primordializm mənzərəsi – bütün bunlarda yaxşı heç nə yoxdur. Əslində bu, tarix dərsliyi deyil, təbliğat, nifrət və kütlük mənbəyidir.
Bundan başqa, bu dərsliklər çox darıxdırıcıdır. Onlarda insani yanaşma yoxdur, sadə insanların bu və ya digər dövrdə həyatına, mətbəxinə, mədəniyyətinə demək olar ki, yer ayrılmır. Onlar çox pafoslu, süni dildə yazılıb, heç bir ehtiyac olmadan mürəkkəb söz və terminologiyalardan istifadə olunur.
Beləliklə də yaxşı tarix dərsliyi nəinki daha gerçək, həm də daha maraqlı ola bilərdi.