Bir ay sürən etirazlardan sonra hakimiyyət Mehman Hüseynova “rəhm etdi” – bu nə anlama gəlir?
Ölkə prezidentinin müdaxiləsindən sonra məhkum bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilib. Buna qədər bloger bir aya yaxın aclıq edərək, cəmiyyətdə etirazlar dalğasına, beynəlxalq aləmin müdaxiləsinə, Avropa Parlamentin bütün siyasi məhkumların azad olunması tələbli qətnaməsinə və müxalifətin həmişəkindən daha izdihamlı mitinqinə səbəb olmuşdu. Yanvarın 21-də Hüseynov prezident İlham Əliyevə müraciət yönəldərək, “onun işinin obyektiv və ədalətli araşdırılmasını” xahiş edib. Əliyev müvafiq tapşırıq verib. Bir neçə saatdan sonra Baş Prokurorluq Hüseynova qarşı yeni cinayət işinə xitam verildiyini açıqlayıb.
Mehman Hüseynov kimdir?
26 yaşlı Mehman Hüseynov populyar video-blogerdir. Öz video-süjetlərində o, hakimiyyəti və korrupsiyaya bulaşmış məmurları tənqid edir.
Hüseynov 2017-ci ilin martında Bakının rayon polis idarələrindən birinin rəisinin iddiasına əsasən böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O deyib ki, polis idarəsində ona işgəncə verilib, məhkəmə isə bunu böhtan kimi qəbul edib.
Amnesty International nüfuzlu hüquq müdafiə təşkilatı Hüseynovu “vicdan məhbusu” kimi tanıyıb.
Mehman Hüseynovun cəza müddəti bu ilin martında başa çatır, amma ötən il dekabrın sonunda ona qarşı mühafizə əməkdaşını döyməsi ilə bağlı yeni cinayət işi qaldırılıb. Bu ittihamla Mehman daha bir neçə ilini həbsdə keçirməli idi. Buna etiraz olaraq o aclıq elan edib.
İşə xitam verilməsi
Baş Prokurorluğun açıqlamasında deyilir:
“Mehman Hüseynovun gənc olduğunu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyini, islah olunma yoluna qədəm qoyduğunu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğunu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olduğunu, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığını nəzərə alaraq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”.
Başqa sözlə, prokurorluq Mehmanın leytenantı döyməsi ilə bağlı fikrini dəyişməyib, sadəcə blogerə rəhm etmək qərarınna gəlib.
Bu nə deməkdir?
Mehman Hüseynovun işində bu cür dönüş Azərbayacan cəmiyyətində yalnız sevic yox, həm də mübahisə doğurub. Axı Mehmanın üzərindən ikinci ittihamın götürülməsi tələbi son bir neçə ildə müxalif əhvallı vətəndaşlarla hakimiyyət arasında ən ciddi qarşıdurma idi. İndi bu cür yekun nə anlama gəlir? Bir tərəfdən xalqın tələbi eşidilib və təmin olunub. Digər tərəfdən Mehmanın üzərindən ittihamlar götürülməyib, ona məhz “rəhm edib”, “bağışlayıblar”. Həm də bunu Mehman Hüseynovun vaxtilə fəal şəkildə tənqid etdiyi hökumət edib.
Müxtəlif “münaqişə tərəfləri” bu haqda bunları düşünür:
Mehmanla həmrəylik olaraq beş gün aclıq edən jurnalist Xədicə İsmayılova:
“Dostlar, qələbə yoxdur. Mehman və 128 nəfər başqa siyasi məhbus, o cümlədən, 10 jurnalist və bloger, əsgərlərin korrupsiya ucbatından ölməsinə etiraz edən İlkin, heykəl yazmağa görə 10 il həbs almış Bayram və Qiyas hələ də həbsdədirlər. Onların hamısını azad etsin və prezident qalib çıxsın bu durumdan. Hələ ki hamımız məğlubuq. Etiraza davam!”
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov:
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmişə olduğu kimi ədalət və humanizm prinsiplərinə söykənərək, bu müraciətləri nəzərə alıb və Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib ki, cinayət işinin obyektiv araşdırılmasını, ədalətli və humanist qərarın verilməsi üçün qanunla nəzərdə tutulan bütün tədbirlərin görülməsini təmin etsin”.
13 gün Mehmana dəstək məqsədilə aclıq edən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu:
“İlham Əliyevı məcbur edə bildik ki, Mehman Hüseynova qarşı şəxsən qaldırdığı yeni saxta cinayət işinə xitam versin. Bu, ilk və çox xırda qələbədir. O, bununla 26 yanvar mitinqinə gəlməyə hazırlaşanları sakitləşdirmək istəyir. Keçməz! İçəridə çoxlu sayda saxta ittihamlarla həbs edilmiş insanlar var. Hamısı azad edilməlidir! Milli Şuranın 26 yanvar mitinqinə gəlin”
Sosial şəbəkədə reaksiyalar
Demək olar ki, bir ay müddətində Mehman Hüseynovun aclıq etməsi mövzusu Azərbaycanda sosial şəbəkələri məşğul edib: bəzələri blogeri qəti şəkildə dəstəkləyir, bəziləri isə sadəcə hadisələrin gedişatını izləyirdi. Buna görə də onun üzərindən ittihamın götürülməsi xəbəri böyük rezonans doğurub. İnsanların reaksiyası da müxtəlif olub:
“Məhkəmə və istintaqın prezidentin göstərişinə əməl etməsi ölkə üçün biabırçılıqdır. Prezidentin belə səlahiyyəti yoxdur, bu bir. Əgər o belə ürəyiyumşaqdırsa, niyə öz mərhəmətini qalan siyasi məhkimlara da tətbiq etmir?”;
“Xalq birləşəndə, problem tez həll olur. Hakimiyyət qorxdu”;
“Bəs qurama işə görə kimi cəzalandıracaqlar?”;
“İndi bu nə idi ki? Şou kimi bir şey”;
“Xalq və Avropa Parlamenti sağ olsun ki, belə çalışdılar. Dövlət bundan sonra da özünü biabır etməmək üçün onu buraxmaq qərarına gəldi. Birlikdə biz güclüyük”;
“Mən bunu Mehmanın qələbəsi hesab etmirəm. İndi o çətin ki, hökumətə qarşı mövqeyində qalacaq”.
Hadisələrin xronologiyası
26 dekabr – Mehman Hüseynov yeni ittihamların üzərindən götürülməsi tələbi ilə aclıq elan edib;
3 və 6 yanvar – Mehman Hüseynova dəstək məqsədilə iki razılaşdırılmamış mitinq keçirilib, aksiya iştirakçılarının çoxu iyirmi sutka inzibati həbs və ya cərimə ilə cəzalandırılıb;
5 yanvar – Mehmanla həmrəylik əlaməti olaraq Müsavat Partiyasının ofisində müxtəlif müxalif partiyaların təmsilçiləri aclıq aksiyasına başlayıb;
6 yanvar – Mehman vəkili vasitəsilə müraciət yayıb və bildirib ki, martın 2-ə, cəza müddəti bitənə qədər aclığı dayandırmayacaq və özünü mübarizə üçün çox güclü hiss edir: “İndiyə qədər yüzlərlə siyasi məhbus saxta ittihamla tutulub və öz azadlığını qurban verib, amma bu qurbanlar heç nəyi dəyişməyib, vəziyyət olduğu kimi qalır, hətta pisləşir. Deməli, nəyisə dəyişmək mümkün olsun deyə daha uzağa gedib, daha böyük dəyərləri qurban vermək lazımdır”.
7 yanvar – Mehmanın vəkili bildirib ki, müvəkkili aclığı davam etdirir, amma süd içməyə başlayıb;
7 yanvar – parlament deputatı Siyavuş Novruzov mətbuata bildirib ki, Mehman Hüseynov cinayət törədib və cəzalandırılmalıdır;
10 yanvar – mətbuatda Mehmanın əllə yazılmış məktubunun fotosu dərc olunub, məktubda deyilir ki, öz ətrafında ajiotaj yaratmaq istəməyib, aclığı dayandırıb, səhhəti də normaldır;
11 yanvar – Mehmanı istintaq təcridxanasında Aİ-nin Azərbaycandakı nümayəndəsi və müxtəlif Avropa ölkələri səfirliklərinin təmsilçiləri ziyarət edib;
14 yanvar – beş siyasi məhbus “həmrəylik aclığı” elan edib;
15 yanvar – tanınmış jurnalist Xədicə İsmayılova aclıq aksiyasına qoşulub;
16 yanvar – bəzi müxalifətçilər aclıq aksiyasını dayandırıb, onların yerini digərləri tutub;
17 yanvar – blogerin qardaşı, İsveçrədə yaşayan hüquq müdafiəçisi Emin Hüseynov Avropa Parlamenti üzvlərinə açıq məktub göndərərək, onları Mehman və digər siyasi məhbusların xilasına səs verməyə çağırıb;
Yanvarın 17-də axşam saatlarında Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı “Mehman Hüseynovun dərhal azad edilməsi və yeni ittihamların üzərindən götürülməsi” tələbi ilə qətnamə qəbul edib.
19 yanvar – Bakıda Mehman və digər siyasi məhbuslara dəstək məqsədilə izdihamlı mitinq keçirilib.