Beynəlxalq biznes Avropa İttifaqı ilə böhran üzündən Britaniyadan gedir
Böyük Britaniya və Avropa İttifaqı arasındakı böhtanla əlaqədar olaraq dünyanın aparıcı şirkətlərinin proqnozları və gördüyü tədbirlər – CNN-in versiyasına görə.
Söhbət Qərbi Avropada Böyük Britaniyanın 2016-cı ildə referendum vasitəsilə qəbul etdiyi Avropa İttifaqından çıxmaq qərarı ilə başlatdığı mürəkkəb siyasi münaqişədən gedir. O zamandan bəri ayrılıq şərtləri ilə bağlı danışıqlar davam edir. Prosedur dalana dirənib, intriqalarla, Böyük Britaniyada keçirilən milyonluq etiraz aksiyaları, yeni referenduma çağırışla müşayiət olunur və ciddi beynəlxalq proseslərə təsir edir.
Brexit haqda lazım olan bütün bilgilər mətnin aşağısındadır: bu təşəbbüs niyə yaranıb, tərəfdarlarının və əleyhdarlarının arqumentləri nədən ibarətdir?
EasyJet
Bu qənaətli aviadaşıyıcı şirkət bildirib ki, Brexit üzündən gələcəklə bağlı qeyri-əminlik Avropada aviadaşımalarla bağlı tələbatı azaldır, nəticədə bu ilin ilk altı ayı ərzində şirkətə 359 milyon dollar ziyan dəyib.
• Keçmiş çex barmeni fake xəbərlərin media imperiyasını necə yaratdı
Citigroup
Bu bank qrupu trilyon dollar həcmində aktivini Böyük Britaniyadan Aİ ölkələrinə köçürmək planı haqda məlumat verib.
Airbus
Dünyanın iki ən nəhəng aviainşaat şirkətindən biri olan bu şirkət açıqlayıb ki, nəzarətsiz Brexit halında Böyük Britaniyadakı sifarişlərin yerinə yetirilməsini dayandıracaq, bu sifarişlərin həyata keçirilməsində isə 14 min insan işlə təmin olunub.
McDonald’s
Razılaşmasız Brexit halında şirkət öz məhsulunun keyfiyyəti və əvvəlki səviyyədə qalmasına zəmanət verə bilmir.
Sony
Şirkət Avropa qərargahını Böyük Britaniyadan Amsterdama köçürmək niyyətindədir.
Nissan
Avtomobil istehsalçısı artıq Nissan X-Trail modelinin Böyük Britaniya zavodunda istehsalı planından imtina edib, bu layihədə yeddi min insan işlə təmin olunacaqdı.
Ford
Şirkət bildirib ki, xaotik Brexit 2019-cu ildə 900 milyon dollar zərərə başa gələ bilər.
BMW
Böyük Britaniyada əfsanəvi Mini modelini buraxan avtomobil istehsalçısı bəyan edib ki, Böyük Britaniya və Aİ arasında razılaşma olmayacağı təqdirdə istehsalı dayandırmaq niyyətindədir.
Schaeffler
Avtomobil istehsalçıları və aerokosmik sahə üçün təchizatçı olan şirkət “əminliyin olmaması” səbəbilə Böyük Britaniyadakı iki zavodunun bağlandığını elan edib.
Siemens
Bu şirkət Böyük Britaniyada dəyəri 5 milyar dollardan artıq məhsul satır və 15 min iş yeri açıb.
Şirkət rəhbərliyinin fikrincə, “Brexit üzündən yaşanan xaos Böyük Britaniyanın nüfuzunu zədələyir və onu gülünc vəziyyətə salır”.
Brexit haqda hər şey
Brexit termini ingilis dilində iki sözdən yaranıb – Britain və exit, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması mənasını verir.
Bu söz 2016-cı ilin mayında Böyük Britaniyada keçirilən referendumdan sonra yaranıb. Həmin referendumda kiçik fərqlə (iki faizdən az) Aİ-dən çıxmaq tərəfdarları qələbə qazanıb.
Bu, Britaniya tarixində sözügedən məsələ ilə bağlı ikinci referendum olub. Birincisi 1975-ci ildə keçirilib və Avropa İttifaqında üzv olmağın tərəfdarlarının qələbəsi ilə nəticələnib.
Aİ-dən çıxışın lehinə səs verən britaniyalılar nədən narazıdır? Onlar nəyə nail olmaq istəyir?
Böyük Britaniyada Avropa İttifaqından çıxışın lehinə səs verənlər əsasən Mühafizəkarlar Partiyasının tərəfdarları, ali təhsili olmayan yaşlı nəslin nümayəndələridir.
Bu insanlar inanırlar ki, Avropa İttifaqından getməklə ölkə üçün ənənəvi sahələrdə, məsələn, kənd təsərrüfatında və balıqçılıqda daha çox iş yerlərinin açılmasına və miqrantların Britaniyaya gəlişinin qarşısının alınmasına nail olmaq mümkün olacaq.
Niyə gənclər və müxalifət Brexit-ə qarşıdır?
Brexit əleyhdarları əsasən, gənclər, yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərin əməkdaşları və biznes təmsilçilərindən ibarətdir. Parlamentdə Brexit-ə qarşı müxalif Leyboristlər Partiyası çıxış edir, amma Mühafizəkarlar Partiyasının bəzi deputatları da bu mövqeyi müdafiə edir.
Bu insanlar öz karyeralarını əsasən Böyük Britaniya üçün tarixi ənənəvi sahələrlə yox, yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərdəki iş yerləri ilə bağlayırlar. Brexit nəticəsində ilk zərər görən məhz bu iş yerləri olacaq və gənclərin bu qisminə Britaniyanı tərk edib, Hollandiyada, ya da Almaniyada yaşamaq daha çox sərf edəcək.
Müxalifətin dəstəyinə gəlincə, bir çox ekspertlərin fikrincə, bunda daha çox leyboristlərin onların siyasi opponentləri mühafizəkarlara qarşı siyasi mübarizələri ifadə olunur.
Niyə bu perspektiv Avropa İttifaqını məyus edir?
Böyük Britaniya iqtisadiyyatına görə dünyada beşinci yeri tutur. Bu ölkəni itirmək bütün Avropa İttifaqının iqtisadiyyatı üçün zərbə olacaq.
Britaniya cəmiyyətində parçalanma və separatizm təhlükəsi
2016-cı il referendumunun nəticələri yalnız cəmiyyətdə yox, həm də Böyük Britaniya parlamentində və hökumətində də parçalanmaya səbəb olub.
Bundan başqa Birləşmiş Krallığın üç hissəsində – Şotlandiya, Uels və Şimali İrlandiyada seçicilər Avropa İttifaqından çıxışın əleyhinə səs verib. Böyük Britaniyanın Aİ-dən çıxacağı təqdirdə Şotlondiyanın hakim partiyası Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması ilə bağlı referendum keçirməklə hədələyir.
Hökumət Brexit məsələsinə görə parçalanıb. Amma 2019-c ilin martından bu artıq o qədər də əhəmiyyətli deyil, çünki hökumət Brexit prosesini idarə etmək imkanından məhrum edilib. Qərar qəbul etmək hüququ parlamentə keçib.
Amma bunu eləmək çətin olub. Referendumda sadəcə “hə” və ya “yox” cavabı tələb edən yalnız bir sual qoyulmuşdu və bu, sadə çoxluqla həll olunurdu. Parlamentdə isə Brexit-lə bağlı bir-biri ilə əlaqəli çox sayda məsələ həll olunmalıdır və bu məsələlər ətrafında Brexi tərəfdarları və əleyhdarları öz aralarında heç cür razılığa gələ bilmirlər.
Britaniyanın Avropa İttifaqından çıxışı üçün son müddət 2019-cu il martın 29-u idi. Amma ölkə heç cür razılığa gələ bilmədi. Yeni müddət aprelin 12-ə təyin edilib. Amma baş nazir Tereza Mey Avropa İttifaqına müraciət edərək müddəti iyulun 30-a qədər uzatmağı xahiş edib.
Hazırda ən mümkün görünən ssenarilər
Ən riskli olan Avropa İttifaqından ilkin razılıq olmadan çıxış ssenarisidir (no deal Brexit). Bu, Avropa iqtisadiyyatına dərin inteqrasiya etmiş Böyük Britaniya iqtisadiyyatı üçün çox ağır zərbə ola bilər. Bu cür ssenari zamanı onlarla istehsalat dayana, on minlərlə insan işsiz qala bilər, qiymət artımı və məhsul, o cümlədən dərman qıtlığı da mümkündür.
Hazırda ən mümkün görünən ssenarilər:
• Böyük Britaniya Avropa İttifaqının ən əsas komponentlərindən birində – Gömrük İttifaqında qalacaq
• Yeni referendum keçiriləcək.