Bakıda Rusiya səfirliyi qarşısında bir qrup azərbaycanlı hüquq müdafiəçisinin etiraz aksiyası baş tutub. İştirakçılar Rusiyadan Ukraynada işğalçı müharibənin dayandırılmasını tələb ediblər. Aksiya iştirakçılarından birinin sözlərinə görə, yerli polis “Azərbaycanın yeni müttəfiqi”nin təhlükəsizliyini mühafizə edib.
Martın 4-də bir qrup hüquq müdafiəçisi Rusiyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı Rusiyaya Ukraynada işğalçı müharibəni dayandırmaq çağırışı edilib. Hüquq müdafiəçiləri “İşğala son!” şüarı səsləndiriblər.
Polis əməkdaşları “təhlükəsizlik tədbirləri” baxımından aksiya iştirakçılarına səfirliyin binasına yaxınlaşmağa icazə verməyiblər – “Turan” agentliyindən bildirilib.
Etiraz təşkilatçıları bəyanatlarını PF-nin diplomatik nümayəndəliyinin yaxınlığında oxuyublar.
Bəyanatda Rusiyanın Ukraynaya qarşı işğalına son qoyulması, Rusiya qoşunlarının Ukraynadan tam çıxarılması və qonşularla problemləri danışıqlar masası ətrafında həll etmək tələbləri yer alıb.
Bundan sonra etirazçılar bəyanatı polis əməkdaşlarına veriblər, sonuncular onu səfirliyə təqdim edəcəklərinə söz veriblər.
Açıqlama
“Əliyevin polisləri 5 nəfərin Rusiya səfirliyi qarşısında etiraz bəyanatı oxumasına imkan vermədi. Səbəbini soruşdum, “səfirliyin təhlükəsizliyini təmin edirik” dedilər. Dedim ki, 5 nəfər əliyalın, silahsız adamın 2 dəqiqə bəyanat oxuması onlara təhlükə deyil, əsas təhlükə mənbəyi oradadır, bizi onlardan qorumalısınız.
Bir neçə gün əvvəl Ukrayna səfirliyi qarşısında minlərlə insan toplaşmışdı, heç onda təhlükəsizlik yadlarına düşmürdü.
Sonra piyada ofisə qayıdırıq, yolda qarşımızı kəsiblər ki, bu tərəfdən yox, başqa tərəfdən keçin. Bütün variantları təklif etdik ki, bizi müşayiət edin, taksi ilə yola salın. İzah etdik ki, başqa fikrimiz olsa, elan etmədən gələrik və elə edərik ki, heç ruhunuz da duymaz. Amma anlamadılar. Keçdilər ənənəvi hozuluqlarına, itələməyə başladılar.
Əliyev sağ olsun, müttəfiqinin səfirliyinin yanından keçməyə də qoymur artıq”, – aksiya təşkilatçılarından biri, hüquq müdafiəçisi Bəxtiyar Hacıyev sosial şəbəkədə yazıb.