Belarusların fleşmobu: “Lukaşenko sənin ölümün haqda nə deyərdi?”
Belarus prezidenti Aleksandr Lukaşenkonun Vitebskdə ölən koronaviruslu xəstə ilə bağlı söylədikləri bir çox Belarus sakinini o dərəcədə təhqir edib ki, onlar düşünməyə başlayıblar: onlar da infeksiya qurbanı olarsa, görəsən, dövlət başçısı onlar haqda nə deyəcək?
Euroradio-nun verdiyi xəbərə görə, Facebook-da fleşmob başlayıb: belaruslar Lukaşenko üslubunda epitafiyalar qoşurlar. Məzmun isə koronavirus qurbanına çevrildiklər üçün dövlətin yox, özlərinin günahkar olduğundan ibarətdir.
Lukaşenko nə deyib?
Jurnalistlər Aleksandr Lukaşenkodan Belarusda koronavirusla bağlı vəziyyət haqda soruşublar. Əvvəlcə məlum olub ki, dövlət başçısı cəmi dörd nəfər ölənlə bağlı mətbuatda “səs-küy qoparılmasından” narazıdır. Sonra isə Lukaşenko gözlənilmədən COVID-19 virusunun qurbanı olan bir nəfər haqda təhqiramiz fikirlər səsləndirib:
“Dünən Şertsnevdən [Nikolay Şertsnev, Vitebsk vilayıt administrasiyasının sədri] sonuncu ölüm halı ilə bağlı soruşdum. O dedi ki, “Necə yaşamaq olar? 135 kq çəki!” ürək demək olar ki, işləmir, burası ağrıyır, orası ağrıyır, bir dəstə xəstəlik. Virus zəiflərə, immuniteti olmayanlara hücum edir”.
Sosial şəbəkələrdəki reaksiya
Belə çıxır ki, koronavirusdan öldüyü üçün adam özü günahkardır, ümumiyyətlə 135 kq çəki ilə “necə yaşamaq olar”? Lukaşenkonun sözləri insanları qəzəbləndirib. Onlar qeyd ediblər ki, sağlamlıqla bağlı istənilən problemi həyat təhlükəsi yaradan “zəiflik” kimi yozmaq mümkündür ki, bunu da məmurlar norma hesab edirlər. Odur ki, sosial şəbəkə istifadəçiləri Lukaşenkonun onların arxasınca nə deyə biləcəyinə dair variantlar qoşur və #прашчальнаесловапрэзидзента (#prezidentinvidasözü) heşteqi ilə paylaşırlar.
“Nə istəyirdi ki, ekzotir yerləri gəzirdi, orda necə xəstəliklərə yoluxub, tək tanrı bilir…” – istifadəçilərdən biri Jeni Mantseviç hesb edir ki, prezident Lukaşenko onun ölümündən sonra belə deyə bilər.
“Nə istəyirdi ki? 56 kiloqram, immunitet nə gündə, bu da… şeirlərini imzalayır! İnsan dilində deyildi axı: beynini yorma, quruyacaq, bu da axırı”, – şairə Kristina Bandurinanın versiyası belədir.
Bu da jurnalist Ales Piltsenkonun variantı:
“İlahi, dalınca ağlamağa adam tapıblar! 36 yaş, nə ev, nə ailə, nə qadın sahibidi, Həyatı boyu altdan-altdan şər atıb… Rusiyadan plaskartla çukçaların yanına gedib, üç sutka qalıb orda – normaldı? Aydın məsələdir ki, yoluxub da…”
Koronavirusdan ölən qadının oğlu Lukaşenkodan milisə şikayət edib
Eyni zamanda Belarus sakini Aleksandr Matveyev milisə müraciət edib və prezident Lukaşenkonun öz öhdəliklərini yerinə yetirərək əhalini koronavirus pandemiyasından qorumadığı üçün məsuliyyətə cəlb olunmasını tələb edib.
Euroradio-nun məlumatına əsasən, Matveyevin anası Vitebsk vilayətinin klinik xəstəxanasında aprelin 2-də vəfat edib. Öz ərizəsində Matveyev yazıb:
“Lukaşenko Aleksandr Qriqoryeviçə qarşı cinayət işinin açılmasını tələb edirəm…, çünki Belarus Respublikasının prezidenti vəzifəsində ikəno, xüsusi təhlükəli virusun yayılmasından əhalinin qorunması üçün lazımi tədbirləri həyata keçirməyib və nəticədə 02.04.2020 tarixində Vitebsk şəhərinin klinik xəstəxanasında Matveyeva Lidiya Dmitriyevna ölüb”.
Aleksandr özü Fransada yaşayır və koronavirus pandemiyası zamanı anasının yanına gələ bilməyib. 68 yaşlı Lidiya Matveeya Vitebsk vilayət xəstəxanasının nevrologiya şöbəsində bir neçə həftə müalicə olunub. Onun sözlərinə görə, ona üç dəfə fərqli diaqnoz qoyulub. Koronavirusa yoluxması haqda isə ancaq morqdan verilən arayışda yazılıb.
“Qorxu odur ki, insanlara heç bir məlumat verilmir, ölənlərin soyadları rəsmən açıqlanmır, hər şey gizlədilir. İnsanlar ölkəmizdə nə baş verdiyini bilməlidirlər. Karantin vacibdir, həkimləri qorumaq vacibdir”, – Aleksandr Matveyev deyir.
Aprelin 6-a olan məlumata əsasən, Belarusda koronavirusa yoluxduğu təsdiqlənən 13 nəfər ölüb. COVID-19 virusuna yoluxanların ümumi sayı 700 nəfərə çatıb.