Belarusdakı etirazlar haqqında nə bilmək lazımdır
Belarusda artıq bir aydan çoxdur ki, 2010- ci ildən bəri ən böyük etiraz aksiyası keçirilir. Həmin il adamlar prezident seçkilərinin nəticələri ilə bağlı etirazlarını bildiriblər. Minskdə nümayişçiləri milis dağıdıb. Müxalifət liderləri Nikolay Statkeviç və Andrey Sannikov həbs edilib, Aİ ilə ABŞ Belarus rejiminə qarşı sanksiyalar tətbiq edib.
İndi vəziyyət başqadır. Bu dəfə mitiqnlərə 3 nömrəli dekret və ya “tüfeylilik vergisi” səbəb olub. Xalq çıxışları ölkənin bir çox şəhərində keçirilir. Martın 25-i isə ən kütləvi aksiya nəzərdə tutulub. Hromadske.ua nə baş verdiyini araşdırmağa və əsas sualları cavablandırmağa cəhd edib.
Nəyə qarşı çıxış edirlər
Etirazların başlamasının bilavasitə səbəbi “tüfeylilik vergisi”ni nəzərdə tutan “Sosial ələbaxımlılığın qarşısının alınması” barədə dekret olub. Yarım ildən artıq bir zaman kəsiyində “dövlətin maliyyələşdirilməsində” iştirak etməyən vətəndaşın ödəməli olduğu vergi xalq arasında belə adlandırılıb. Prezident Aleksandr Lukaşenko məlum sənədə hələ 2015-ci ilin baharında qol çəkib, lakin 2017-ci il fevralın 20-də vətəndaşların 2015-ci ilə görə ödəyəcəyi verginin müddəti başa çatıb.
Rezonans doğuran sənədin ideyası iş qabiliyyətli əhalinin ya xəzinəyə vergi ödəməsindən, ya da işə düzəlməsindən ibarət olub. Müxalifətçilər bu cür mövqeni konstitusiyaya zidd hesab edirlər.
Hansı şüarlar səslənir
Dekreti ləğv etmək tələbləri ilə yanaşı, daha radikal şüarları da eşitmək olar: “Lukaşenko, get!”, “Lukaşenko, sən nə vaxt partlayacaqsan?”, “Zəhləmizi tökmüsən”, “Diktaturaya yox”, “Rədd olsun gədalar”, “Lukaşenko, istefa et!”, “Belarus, yaşa!” Adamlar işsizliyə, aşağı əmək haqqına, qiymətlərin bahalaşmasına qarşı etiraz edirlər.
Aksiyalar hansı şəhərlərdə keçirilib və nə dərəcədə kütləvi olub
Etiraz dalğası Belarusun bütün iri şəhərləri boyu yayılıb. Aksiyalar Minskdə, Qrodnoda, Qomeldə, Vitebskdə, Mogilyovda, Brestdə və Orşa, Molodeçno, Bobruysk, Baranoviçi kimi əhalisi az olan digər şəhərlərdə keçirilib.
Mitinqlər bütün hallarda razılaşdırılmıyıb: məsələn, martın 15-də hakimiyyət Qrodno və Mogilyovda marşlara icazə verməyib, Minskdə isə əksinə, razılıq əldə edilib.
Küçələrə bir neçə yüzdən başlayaraq bir neçə minədək adam axışır. Fevralın 17-də Minskdə baş tutmuş aksiyada 5 minədək adam iştirak edib. Bu, 2010-ci ildən bəri paytaxtda keçirilmiş ən kütləvi aksiyadır.
Dekret kimə şamil olunur
Belə demək olarsa, “xoşbəxt məktub”ları ölkənin 5,5 milyon iş qabiliyyətli vətəndaşından 470 mini alıb. Yəni 8,5 faizi.
470 min nəfərin 11 faizdən bir az çoxu məlum vergini ödəyib.
Vergini ödəmək zərurəti barədə sənədi almış şəxslərin çoxu qanuna görə, ümumiyyətlə, onu ödəməməli, ya da ağır maliyyə vəziyyətinə görə ödəmək iqtidarında deyil. Aleksandr Lukaşenko yaranmış vəziyyətə görə öz administrasiyanı və hökuməti günahlandırıb və yerli hakimiyyəti hər bir konkret halı araşdırmağa çağırıb.
Tələbələr, keşişlər, iş bacarığı olmayanlar, əlillər, həddi-büluğa çatmayanalar, 55 yaşından yuxarı qadınlar və 60 yaşından yuxarı kişilər məlum vergini ödəməkdən azad ediliblər. Uşaq bağçasına getməyən, yeddi yaşınadək övladını tərbiyə edənlər, uşaqları əlil olanlar, həmçinin öhdəsində üç və üçdən çox həddi-büluğa çatmamış uşaq olan valideynlər tüfeyli sayılmır.
Vətəndaş vergini ödəməyəcəyi təqdirdə onu ya cərimə, ya da 15 sutkayadək həbs gözləyir. Onu həmçinin məcburi qaydada ictima faydalı işlərə cəlb edəcəklər.
Küçəyə kim çıxır
Yerli KİV qeyd edir ki, aksiyada əvvəllər siyasi fəallığı qeyd olunmamış insanlar toplaşır.
Məsələn, “Avroradio”nun jurnalisti Zmiser Lukaşuk Hromadske.ua-ya müsahibəsində qeyd edib: “Küçələrə həmişə Lukaşenkonun elektoratı olan təqaüdçü nənələr çıxırlar”.
Hansı müxalif qruplar iştirak edirlər
Martın 15-də baş tutmuş akziya zamanı Belarus anarxistləri təşəbbüsü öz üzərinə götürüb. Yerli hüquq-mühafizə orqanları mitinqdən sonra məhz bu hərəkatın iştirakçılarını kobud formada saxlayıb.
Bundan başqa, mitinqlərin təşkilində Birləşmiş Vətəndaş Partiyası (BVP), “Belarus Xristian Demokratiyası” (BXD), “Azadlıq Uğrunda” hərəkat iştirak edib.
Lakin adı çəkilən siyasi təşkilatların liderləri Anatoli Lebedko, Vitali Rımaşevski, Yuri Qubareviç martın 10-da Molodeçnoda baş tutmuş mitinqlər zamanı saxlanıldıqlarından, martın 25-də keçiriləcək aksiyada iştirak edə bilməyəcəklər.
Etirazın liderləri varmı
Prezidentliyə sabiq namizəd, siyasi məhbus Nikolay Statkeviç özünü 3 nömrəli dekretə qarşı etirazın lideri elan edib. O, kütləvi olacağı gözlənilən, martın 25-də keçiriləcək aksiyanın təşkilini də öz üzərinə götürüb. Statkeviçin etiraz aksiyalarında iştirakı şəxsən onun həbsinə səbəb ola bilər.
Milis nesə reaksiya verir
İlk fevral mitinqləri heç kəs saxlanılmadan və demək olar ki, hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan keçib, hərçənd məlum aksiyalar hakimiyyətlə razılaşdırılmayıb. Lakin “qeyri-tüfeylilərin” fəallığı azalmayıb və milis tərəfindən təzyiq artıb.
Fevralın 26-da Vitebskdəki aksiyadan sonra fəal Tatyana Severines saxlanılıb. Sonra Brestdə sanksiyalaşdırılmamış aksiyaların iki iştirakçısı həbs olunub.
Martın 11-də hüquq-mühafizə orqanları Molodeçno şəhərindəki aksiyalardan sonra Birləşmiş Vətəndaş Platforması və Belarus Xristian Demokratiyası partiyalarının liderlərini saxlayıb.
Nəticədə, Bahar hüquq-müdafiə mərkəzi və FIDH təşkilatının məlumatlarına görə, Belarusda martın 17-dək etirazlarda iştirakı üzündən 200 adam saxlanılıb.
Martın 15-də baş tutmuş aksiyadan sonra İnternetdə mülki geyimli şəxslərin mitinqdən sonra adamları saxlaması barədə video nümayiş etdirilib. Bir dəfə mülki geyimli hüquq-mühafizə əməkdaşları hətta etiraz iştirakçılarını həbs etmək üçün trolleybusu mühasirə ediblər.
Lukaşenko martın 21-də guya Belarus ərazisində provokasiya hazırlayan “onlarla quldurun” həbs olunduğunu bəyan edib. Prezidentin sözlərinə görə, saxlanılanlar Belarus, Ukrayna, Polşa və Litvada “düşərgələrdə məşq ediblər”.
Onun sözlərindən sonra daha 20 adam saxlanılıb ki, onların arasında 2006-cı ildə öz mövcudluğuna son qoymuş “Ağ legion” təşkilkatının sabiq liderləri, Bobruysk şəhər icraiyyə komitəsində rəsmi qeydiyyatdan keçmiş “Vətənpərvər” klubunun iştirakçıları da var. Belarus dövlət kanalları DTK əməkdaşlarının saxlanılanların mənzillərinin qapılarını necə sındırdıqlarını nümayiş etdirib. Bəyan edildiyi kimi, bəzilərinin üzərində silah tapılıb. Lakin sosial şəbəkə iştirakçıları onun əsl olmadığından şübhələnirlər.
Hakimiyyətin mövqeyi
Aleksandr Lukaşenko 3 nömrəli dekretin qüvvəyə minməsini müvəqqəti təxirə salıb. Belaruslar 2017-ci ildə qalmaqallı vergini ödəməli olmayacaqlar. Lakin prezident bununla yanaşı ictimaiyyət qarşısında çıxışında bəyan edib ki, güzəştə küçənin təzyiqi altında deyil, hakimiyyətin öz səhvlərini etiraf etməsi səbəbindən gedib. Bundan başqa, prezident təqdiqləyir ki, 3 nömrəli dekret iqtisadi deyil (dövlət bu vergidən çox pul əldə etməyəcək), “mənəvi və ideoloji” məna daşıyır.
Lukaşenko etiraz təşkilatçılarını “5-ci kolon” adlandırıb və xalqı onları “bulkanın içindəki üzüm kimi çıxarıb atmağa” çağırıb.