Belarusda repressiyalar: TUT.by nəşrinin bütün rəhbərliyi və jurnalistləri həbs edilib
Belarusda ən böyük müstəqil TUT.by nəşrinin rəhbərliyi və bir neçə jurnalisti həbs edilib. Saytın özü bloklanıb. Hakimiyyət nəşri vergidən yayınmaqda günahlandırır. Belarus müxalifəttinin lideri Svetlana Tixanovskaya və Minskdəki ABŞ səfirliyi etiraz edib.
Euroradio-nun məlumatına əsasən, səhər TUT.by nəşrinin mərkəzi ofisinə axtarış aparmaq üçün güc strukturları əməkdaşları gəlib. TUT.by nəşrinin baş redaktoru Marina Zolotova və müavini Maksim Qaykonun evlərində də axtarış aparılıb.
Marina Zolotova saxlanılıb. Ondan başqa baş direktor, baş mühasib və həmin vaxt ofisdə olan jurnalistlər də daxil olmaqla bir neçə əməkdaş saxlanılıb. Ümumilikdə saxlanılanlar 13 nəfərdir.
- Rusiyanın təbliğat desantı Belarusu zəbt edib
- “Nexta” telegram kanalı faktiki olaraq Belarusdakı etirazlara rəhbərlik edir. Onun komandasında kimlər var və bu, necə işləyir
Jurnalistlər nədə günahlandırılır?
Belarusun Dövlət Nəzarəti Komitəsindən bildirilib ki, Maliyyə Araşdırmaları Departamenti tərəfindən “TUT BAY MEDİA” MMC-ə qarşı xüsusilə iri həcmdə vergidən yayınma maddəsi üzrə cinayət işi açılıb.
İttihamın mahiyyəti ondan ibarətdir ki, TUT.by qanunsuz olaraq Yüksək Texnologiyalar Parkının təqdim etdiyi vergi güzəştlərindən yararlanıb. Guya nəşr park rezidentlərinə icazə verilməyən fəaliyyət həyata keçirib və bundan gəlir əldə edib.

Reaksiya
“Bu gün biz hamımız medianın və müstəqil TUT.by portalının qəsdən qətlinin şahidi oluruq. O, 20 ildir mütəmadi olaraq belaruslara dürüst xəbərlər verir və müstəqil media nümunəsi olub”, – Belarus müxalifətinin lideri, 2020-ci ilin avqustunda keçirilən seçkilərdə prezidentliyə namizəd olmuş və seçkidən sonra ölkəni tərk etmək məcburiyyətində qalmış Svetlana Tixanovskaya deyib.
Öz müraciətində o, vəziyyəti “işğal” kimi dəyərləndirib.
“Mən və mənim komandam Evropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə əlaqədəyik. Biz Avropa İttifaqının dərhal reaksiya verməsini, müstəqil KİV-in dəstəklənməsi, jurnalistlərin müdafiəsi və repressiyalara rəğmən işin davam etdirilməsi üçün yardım proqramlarının təcili işə salınmasını tələb edirik”, – Tixanovskaya bildirib.
Həmçinin o, “redaksiyalara, jurnalistlərə və blogerlərə ünvanlanan repressiyalara görə bütün məsuliyyət daşıyanlara qarşı” sanksiyaların tətbiq olunmasına israr edir.
Birləşmiş Ştatlar Lukaşennko rejiminin müstəqil TUT.by portalına, onun jurnalistlərinə və əməkdaşlarına qarşı səngiməyən təqibini qınayır – ABŞ-ın Belarusdakı səfirliyinin bəyanatında deyilir.
“Vergi dələduzluğu haqda saxta istintaq bəhanəsilə TUT.by ofisində, o cümlədən də əməkdaşların evlərində axtarışlar əsas “cinayəti” 2020-ci il seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən dinc etirazları və buna cavab olaraq rejimin zorakı və amansız əməllərini obyektiv işıqlandırmaq olan kütləvi informasiya vasitəsinə qarşı yönəlmiş cəzalandırma tədbirləri silsiləsində sonuncu addımdır”, – bəyanatda deyilir.
Jurnalistlərə, fəallara və sadə narazı vətəndaşlara qarşı repressiyalar ötən ilin avqustunda ketləvi etirazlar başlayandan sonra güclənib. Müxalifət prezident Aleksandr Lukaşenkonu seçkiləri saxtalaşdırmaqda günahlandırır və istefasını tələb edir.