Bayden və Putin danışıqları: sanksiya təhdidi və Kremlin tələbi
Bayden və Putinin Ukrayna haqda danışıqları
ABŞ və Rusiya prezidentləri video-görüş keçirib və bu görüşdə əsas müzakirə mövzusu Ukrayna ətrafındakı vəziyyət olub. Co Bayden xəbərdarlıq edib ki, Ukrayna sərhədində hərbi eskalasiya halında ciddi iqtisadi sanksiyalar tətbiq olunacaq və digər tədbirlər görüləcək. Putin isə NATO-nin şərqə doğru genişlənməyəcəyinə dair zəmanət tələb edir.
Ukraynanın “Hromadske” teleşirkətinin Ağ Ev və Kremlin rəsmi bəyanatlarına istinadəv verdiyi məlumatına əsasən, tərəflər yaranmış böhranın həlli yollarına dair fikir mübadiləsi ediblər.
Bayden Ukrayna sərhədlərində Rusiya hərbi qüvvələrinin cəmlənməsi ilə bağlı Birləşmiş Ştatların və Avropa ölkələrinin dərin narahatlığını ifadə edib. O vurğulayıb ki, hərbi eskalasiya halında ABŞ və müttəfiq ölkələr Rusiyaya “ciddi iqtisadi və digər tədbirlərlə” cavab verəcəklər.
ABŞ prezidenti Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib, deeskalasiya və diplomatiyaya qayıtmağa çağırıb.
Baydenin iradlarına cavab olaraq Putin bildirib ki, “məsuliyyəti Rusiyanın üzərinə qoymaq lazım deyil”, çünki NATO “Ukrayna ərazilərinin assimilyasiyası” ilə bağlı təhlükəli addımlar atır və RF əraziləri yaxınlığında hərbi potensialı yüksəldir.
Kremldə qeyd olunur ki, Rusiya NATO-nun şərq istiqamətində genişlənməyəcəyinə və RF ilə qonşu ölkələrdə zərbə hücum silah sistemləri yerləşdirilməyəcəyinə dair “hüquqi təsdiqlənmiş zəmanət” almaq istəyir.
Bundan başqa, Kremldən Kiyevin Minsk razılaşmalarına və “Normand formatına” münasibətdə “destruktiv xətt” tutduğu bildirilib.
ABŞ və Rusiya prezidentləri video-konfrans formatında danışıqlara Kiyev saatı ilə 17:00-da başlayıblar və iki saat sonra bitiriblər.
RF və ABŞ prezidnetləri bu cür ünsiyyət formatından ilk dəfədir ki, istifadə edirlər. Putin Somidəki iqamətgahda, Bayden isə Vaşinqtonda Ağ evdə olub.
Ukrayna-Rusiya sərhədində yaşanan yeni gərginlik və 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya geniş miqyaslı hərbi müdaxilə hazırladığı haqda informasiyanın yayılması fonunda danışıqlar qapalı formatda keçirilib.
Bu danışıqdan əvvəl Putin bildirib ki, Rusiya Zelenskiyə NATO-nun şərqə doğru genişlənməməsi haqda danışıqlara başlamağı təklif edir. Bayden isə öz növbəsində vurğulayıb ki, Kremlin NATO və Ukrayna münasibətlərində müəyyən etməyə çalışdığı heç bir “qırmızı xətt”i qəbul etmir.