“Batumelebi” qəzetinin məlumatına görə, 7-18 yaş arası əlil uşaqlar cinsi zorakılığa məruz qalıb, bu zorakılıq lentə alınıb və sosial şəbəkələrdə daxili qruplarda yayılıb. “Əlil Qadınlar Alyansı” qeyri-hökumət təşkilatı yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi zorakılıq hallarının araşdırılması ilə bağlı prokurorluğa müraciət edib.
Alyansın rəhbəri Dea Eremaşvili deyir ki, əlil qadınların hüquqlarını müdafiə edənlərdən biri, fəal Tatia Dataşvili onunla əlaqə saxlayıb və şəxsi çatlarda qızlara qarşı cinsi zorakılığı əks etdirən videoların yayıldığını bildirib.
“Çoxlu videolar var, bizə 27-yə yaxın video daxil olub ki, onlar təkcə cinsi zorakılığı deyil, həm də kiçik qızlarla cinsi hərəkətləri əks etdirir. Bu yaxınlarda bir qızın qrup tərəfindən zorlandığı haqda danışdığı videoya baxdım”, – Dea Eremaşvili deyir.
Hüquq müdafiəçilərinin sözlərinə görə, qızlara təcavüz edən kişilərin də əlilliyi, yəni eşitmə problemi var.
“Batumelebi” nəşrinin jurnalistləri Instagram-da qızlara qarşı zorakılıq haqda yazan 17 yaşlı yeniyetmə ilə də danışıblar. Yeniyetmə deyir ki, analoji hallar Batumi, Tbilisi və Kutaisidə də baş verib.
“Bunlar 7-8, 10, 11, 12, 13 və 18 yaşlı qızlardır. Mənə deyildiyi kimi, bu, Batumidə də olub, Tbilisi və Kutaisidə də. Bu kişilər qızlara yad deyil, onları yola salmağı təklif edir, şirniyyat verir, harasa dəvət edir, uşaqlar da onlara güvənirlər.
Elə videolar var ki, qızlar və kişilər arasında belə dialoqlar gedir, elə videolar var ki, qızlara birbaşa cinsi əlaqə təklif olunur və ya çılpaq fotolar göndərilməsi xahiş olunur, sonra isə bu şəkillər pedofil qrupları arasında yayılır”, – deyə yeniyetmə deyir.
O deyir ki, zərərçəkənlərin videolardan xəbəri olub, bəziləri yaşları az olduğundan baş verənlərin mahiyyətini dərk etməsələr də, bəziləri qorxularından susublar.
Məlumatlı şəxslərin sözlərinə görə, videolar ən azı üç ildir çəkilib. Və hüquq müdafiəçilərinə görə, ən azı 12 kişi cinsi zorakılıqda iştirak edib, onlardan üçü Batumidə yaşayır.
“Batumelebi” 2019-cu ildə qızı cinsi zorakılığa məruz qalan qadınlardan biri ilə də əlaqə saxlayıb. Hazırda ailə xaricdə yaşayır, lakin qadının sözlərinə görə, istintaq maraqlansa, o, səkkiz yaşlı qızının cinsiyyət orqanına toxunan kişi haqqında ifadə verməyə hazırdır.
“2019-cu ilin sentyabrında qızımla Batumidə kirayədə qaldığımız vaxt idi. Bu adamın mənzilini kirayə tutmuşduq, mən onu tanıyırdım. Anladığım qədər bu adam uşaqlarla onlayn əlaqə saxlayır və onlara seks təklif edir. Mənə də dedilər ki, uşaqlar bu adamı görəndə ağlayır, ondan qorxurlar. Prokurorluq maraqlansa, məlumat verəcəm”, – ana deyib.