Başkənd – 32 ildir boş qalan anklav
Başkənd – Azərbaycan ərazisində anklav
“Başkənd ermənilərə verilsə, biz burada məhv olacağıq. Həm dolanışığımız oradan çıxır, həm də buralar daha təhlükəsiz olmayacaq”.
Gədəbəyin Şınıx kənd sakini 53 yaşlı Vəli (soyadını demək istəmədi – F.M.) qonşu Başkənd ərazisində heyvandarlıqla məşğul olur. Deyir ki, Ermənistanın öz anklavı hesab etdiyi Başkənd Azərbaycanın nəzarəti altına keçəndən bəri elə burada saxladığı mal-qaranın hesabına ailəsini dolandırır.
“Mən tək deyiləm, ətraf kəndlərin camaatı buradan dolanır. Burada heyvan saxlayırıq. Bizim heç birimizin işi yoxdur. İşsizlikdir. Bu qoyunu saxlayırıq, sonra da satıb, həm heyvanların yeminə veririk, həm də özümüz dolanırıq. Zülmlə, zillətlə çörək tapıb yeyirik. Bu kənd getsə, daha burada dolana bilməyəcəyik. Məcburuq ki, külfətimizi götürüb, biz də çıxıb gedək”, – Vəli deyir.
Başkənd – ətraf kəndlərin örüş yeri
Başkəndin girişində bir neçə hərbi post qurulub. Yerli əhali kəndə giriş-çıxışda ciddi yoxlanılmasa da, müəyyən nəzarət olduğu görünür. Yanımızdan tez-tez hərbi maşınlar keçir.
Kənddə bütün evlər boşdur, çoxu baxımsızlıqdan uçub-dağılıb.
Ətrafda çox adam gözə dəymir. İndi burada yalnız Vəli kimi mal-qarasını örüş yerlərinə otarmağa gətirən və ya əkin-biçinlə məşğul olan ətraf kənd sakinlərini görmək mümkündür.
Vəli deyir ki, yaxınlıqdakı kəndlər Ermənistanın hərbi postlarından aşağıda yerləşdiyindən, həmin kəndlərin əhalisi öz torpaqlarında əkin-biçinlə məşğul ola, mal-qara saxlaya bilmir. Başkəndin coğrafi mövqeyi daha təhlükəsiz olduğu üçün təsərrüfat işlərini öz kəndlərində yox, burada aparırlar.
“Həm də Başkəndin torpağı örüş üçün də, əkin-biçin üçün də daha yararlıdır”, – Vəli deyir.
Hər iki tərəfin mövqeyi – anklavlar qaytarılmalıdır
2020-ci il ikinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın silahlı qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı nəticəsində 30 ildən çox müddətdə Ermənistanın nəzarətində qalan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf yeddi rayonun ərazisi yenidən Azərbaycanın nəzarəti altına qayıtdı. Bununla da, Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi məsələsinə dair həll olunmamış bircə məqam qaldı – anklavlar.
Azərbaycanın Ermənistan ərazisində səkkiz anklav kəndi var – Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli, bir də Naxçıvan Muxtar Respublikasının Kərki kəndləri. Bunlardan ilk dördünü Azərbaycan tərəfi qeyri-anklav kənd hesab edir. Çünki Azərbaycan ərazisinə bitişik, Ermənistanla sərhəddə yerləşirlər. Qalan kəndlər isə tamamilə Ermənistan ərazisi ilə əhatə olunub.
Ermənistanın isə Azərbaycan ərazisində bir anklavı var – Başkənd (ermənilər bu kəndi Artsvaşen adlandırır).
Azərbaycan tərəfi anklav və qeyri-anklav hesab etdiyi kəndlərinin qaytarılmasını qəti şəkildə tələb edir.
“Orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”, – deyə Azərbaycan prezidenti İlham Əliyev bu ilin yanvarında jurnalistlərlə görüşündə bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl anklavlar haqda danışarkən “Bizim məntiqimiz belədir: anklav anklava dəyişdirilməlidir. Onların nəzarəti altında olan onların nəzarətində qalır. Bizim nəzarət etdiyimiz bizdə qalır”, – desə də, bu günlərdə tamam fərqli fikir səsləndirib.
Ermənistanın Azərbaycanla sərhəd kəndlərinin sakinləri ilə görüşü zamanı Paşinyan yerdən verilən suala cavab olaraq “Artsvaşenin müstəqil Ermənistan Respublikasının tərkibinə daxil olduğunu” bildirib.
Daha sonra isə bunları əlavə edib:
“Məqsədimiz odur ki, “Azərbaycan 50 metrlik məsafədədir” sözlərini həyəcanla deməyəsiniz, deyəsiniz ki,“nə yaxşı Azərbaycan 50 metrlik məsafədədir, biz orada ticarətlə məşğul olacağıq, təsərrüfat quracağıq”. Orada buraxılış məntəqəsi də tikilə bilər ki, oradan keçən maşınlar Ermənistan Respublikasına rüsum ödəsin”.
Gədəbəy rayonu ərazisində yerləşən Başkənd yaşayış məntəqəsi sovet dövründə kənd təsərrüfatı ehtiyacları ilə əlaqədar SSRİ rəhbərliyinin qərarı ilə Ermənistan SSR-in tabeliyinə verilib. Həmin dövrdə kəndin əhalisi də əsasən ermənilərdən ibarət olub.
Ərazisi 40 kvadrat kilometr olan kəndin adı 1978-ci ildə dəyişdirilərək Artsvaşen (ermənicədən tərcümədə “Qartalkənd” deməkdir) adlandırılıb.
Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il 6–8 avqust tarixlərində həyata keçirilən hərbi əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçib.
Ermənilər kəndi tərk edəndən sonra Başkənddə məskunlaşma olmayıb. Ətraf kəndlərin sakinləri bu ərazilərdə kənd təsərrüfatı ilə məşğul olurlar.
“Başkənd alınmasaydı, Şınıx mahalını itirə bilərdik”
Başkənd əməliyyatı keçirilən zaman Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmli deyir ki, onlar əvvəlcə kənd nümayəndələri ilə danışıqlar aparıb, razılığa gəlməyə çalışıblar.
“Kənd sovetinin sədri, bir də Krasnoselsk (Çəmbərək) rayonunun icra başçısı yanlarında nümayəndələri ilə gəldilər. Orada bizdən də, onlardan da hərbçilər vardı. Razılaşma əldə etdik ki, yaz başlayır, əkin vaxtıdır, elə eləyək ki, bir-birimizə gediş-gəlişdə mane olmayaq. Doğrudan da, bir müddət bu cür davam elədi. Bizimkilər çıxdı öz sahələrinə, onlar da çıxdı öz sahələrinə əkin-biçinə.
Amma bir müddət sonra toqquşmalar yaşanmağa başladı. İlk ölən bizdən oldu. 1991-ci il idi. 6 nəfər poçt işçisi poçtdan qayıdarkən öldürülmüşdü, sonra onları od vurub yandırmışdılar.
Başkənddə ermənilər silahlanmağa başlamışdılar. Sonra bizim kəşfiyyatçılar məlumat gətirdi ki, onlar hücuma hazırlaşırlar. Biz də başladıq hərbi güc və hərbi istehkamı həmin ətrafda qurmağa. Kəşfiyyatçıların məlumatı düz çıxdı. 1992-ci il avqustun 5-də gecə onlar hücum eləyib bizim iki kəndimizi götürdülər. Görünür, özlərinə dəhliz açmaq, Başkəndi Ermənistanla birləşdirmək istəyirdilər.
Amma Qasımalılar kəndində ermənilərin qarşısı alındı və biz onları geri itələyərək Başkəndi götürdük. Şınıx tamamilə mühasirənin içində qalmışdı və biz Başkəndi almasaydıq, bütün Şınıx mahalını itirə bilərdik”, – Saleh Rüstəmli “Başkənd əməliyyatı” haqda danışır.
Başkənd niyə boş qalıb?
“Başkənd əməliyyatı”ndan sonra erməni əhali kəndi tərk edib. Həmin vaxtdan indiyə qədər kənd tamamən boş qalıb.
“Nə həmin vaxt, nə də sonra orada məskunlaşdırma aparılmadı. Bu onun göstəricisidir ki, biz oranı işğal məqsədilə götürməmişik. Bu, təhlükəsizlik üçün lazım idi. Heç bir ərazidə gözümüz yoxdur və biz beynəlxalq hüquqa əməl edirik”, – Saleh Rüstəmli deyir.
Respublikaçı Alternativ Partiyasının (ReAl) liderlərindən biri Natiq Cəfərli Başkənddə məskunlaşdırmanın aparılmamasının iki səbəbi olduğunu bildirir.
“Biri hüquqi səbəbdir. Ermənistan deyə bilərdi ki, bu mənim ərazimdir, siz orada məskunlaşmısınız və bunun təzminatını ödəməlisiniz.
Biri də var başqa iqtisadi-sosial məhdudiyyətlər. Məgər Azərbaycanın işğal altında olmayan 80 faiz ərazisində normal məskunlaşma var? Camaat onsuz da 30 ildir Bakıya axışıb.
Normal iqtisadi-sosial siyasət aparılsaydı, Bakıya axın da olmazdı. İndi Başkənddə də sosial infrastruktur qurmaq, iqtisadi fürsət yaratmaq o qədər də asan məsələ deyil. Təbii şəraitinə görə”, – N.Cəfərli deyir.
“Anklavların dəyişdirilməsi üçün referendum keçirilməlidir”
Natiq Cəfərli hesab edir ki, anklavların qarşılıqlı dəyişdirilməsi üçün hər iki ölkədə referendum keçirilməlidir.
“Mən düşünmürəm ki, Azərbaycan Ermənistan ərazisindən təqribən 30 kilometrdən çox uzaqda yerləşən Başkəndin yenidən Ermənistan tərəfinə verilməsinə razı olsun. Çünki bu gələcəkdə əlavə problemlər yaradacaq. Hətta əlavə problemləri bir kənara qoyun, logistik olaraq Ermənistanla həmin bölgənin gediş-gəlişi çox çətinliklər yarada bilər.
Əgər bu məsələ ərazi mübadiləsi konsepsiyasında həll olunacaqsa ki, belə bir ehtimal da var, bu, konstitusiya islahatı olmadan mümkün deyil. Çünki Azərbaycan Konstitusiyası da, Ermənistan Konstitusiyası da ərazi dəyişikliyinin ancaq referendum yolu ilə mümkünlüyünü təsbit edib. Ona görə də, mənə elə gəlir ki, bu, ən sonda həll oluna biləcək bir məsələdir”, – N.Cəfərli deyir.
“Qalan 4 kənd və Başkəndlə bağlı ərazi mübadiləsi edilə bilər”
Başkəndin dörd bir tərəfi Azərbaycan kəndləri ilə əhatələnib. Belə olduğu təqdirdə Azərbaycan oranı Ermənistan tərəfinin nəzarətinə versə belə, burada yaşayışın necə qurulacağı məchuldur. Bu səbəbdən də, Natiq Cəfərliyə görə, bu, o qədər də inandırıcı ssenari deyil.
“Bunu necə təsəvvür etmək olar ki, Ermənistan polisi, ordusu, rəsmi nümayəndələri əlini-qolunu sallayaraq 30 kilometrə yaxın Azərbaycan ərazisindən keçir, gedir Başkənddə hansısa bir iş görür. Bu inandırıcı gəlmir, açığı.
Eyni şey Azərbaycanın Ermənistanın içində olan kəndlərinə də aiddir. Düzdür, oralar sərhədimizə yaxındır, bəziləri 5, bəziləri 15 kilometr məsafədədir. Amma hər bir halda biz də gərək həmin 5-15 kilometr məsafəni Ermənistanın içindən keçib orada, məsələn, ərzaq təminatını həyata keçirək, bank, rabitə xidməti göstərək, ora qaz, işıq, su verək. Bu, çox çətin və mümkünsüz görünür”, – Natiq Cəfərli bildirir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ilkin mərhələdə söhbət ancaq Azərbaycan tərəfinin “qeyri-anklav” adlandırdığı dörd kəndin qaytarılmasından gedir. Növbəti mərhələdə isə Azərbaycanın qalan dörd kəndi və Ermənistanın Başkənd kəndi ilə bağlı məsələ tərəflər arasında ərazi mübadiləsi yolu ilə həll oluna bilər.
“Tələb etdiyimiz digər dörd kənd bizə qaytarılsa belə, orada azərbaycanlıların yaşaması problem olacaq. Çünki Ermənistanın içindən gedib-gəlməli olacağıq. Eləcə də, Başkənd Ermənistana hipotetik olaraq təhvil verilsə belə, ermənilər Azərbaycanın içindən gedib-gəlməli olacaqlar. Ona görə də, bu məsələnin həlli gələcəkdə ərazi mübadiləsi yolu ilə mümkündür, məncə”, – Elxan Şahinoğlu deyir.
“Dörd kəndin qaytarılması çərçivə sazişinin imzalanmasını sürətləndirəcək”
Son zamanlar Ermənistan-Azərbaycan sərhədində yaşanan hərbi insidentlər anklavlarla bağlı razılığın əldə edilməməsi ilə də əlaqələndirilir. Cəmiyyətdə bu zəmində yeni irimiqyaslı hərbi əməliyyatların mümkünlüyü müzakirə olunur.
Elxan Şahinoğlu böyük müharibənin baş verəcəyini zənn etmir.
“Görürsünüz ki, bölgədə nələr baş verir. Rusiya-Ukrayna müharibəsi şimalda, cənubda İsrail-İran gərginliyi artıb müharibəyə çevrilə bilər. Cənubi Qafqaza sülh sabitliyi lazımdır. Azərbaycan buna hazırdır. Amma Azərbaycanın əsas şərti odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün tanınması müqabilində sülh və ya çərçivə sazişi imzalasın.
Hesab edirəm ki, Paşinyan özü də daxilən buna hazırdır. Sadəcə, bir az ləngidir, çəkinir yerli radikallardan. O da başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanı xoşbəxt gələcək gözləməyəcək. Buna hazırlıq gedir.
Rusiya ilə münasibətlərdə artıq məsafə saxlayır. Amerika və Avropa İttifaqı Paşinyana dəstək versə də, Ermənistanın Azərbaycanla qarşıdurmasını istəmir”.
Politoloq bildirir ki, həmkarları arasında geniş yayılmış Amerika və Avropanın bölgədə müharibə istədiyinə dair fikirlərlə razı deyil:
“Əksinə, Fransa xaric qərb ölkələrinə burada sakitlik lazımdır. Odur ki, böyük müharibə olacağını zənn etmirəm.
O dörd kəndi bizə uzun müddət qaytarmasalar, Azərbaycanın xüsusi təyinatlıları ora daxil olacaq. Amma bu halda da böyük müharibə olacağını zənn etmirəm.
“Erməni adını eşidən heç kim bu kəndə gəlməz”
Başkənddən üzü Düzrəsullu kəndinə qədər keçdiyimiz ərazi boyu yol, demək olar ki, boş idi. Buradakı sakitliyi arabir ötüb keçən maşınların səsindən başqa heç nə pozmur.
Yol kənarı ilə aram-aram piyada gedən yaşlı qadın gözümə dəyir. Yaxınlaşıb söhbətləşirəm.
Düzrəsullu kənd sakini Taliyə Məmmədova bir vaxtlar Başkənddəki tibb məntəqəsində tibb bacısı işləyib. Başkənd əməliyyatı zamanı həyatlarını xilas etməyə çalışdığı yaralı əsgərləri indi də ürək ağrısı ilə xatırladığını deyir. Odur ki, Başkəndin Ermənistan tərəfinə verilməsini istəmir. O, bütün bu hadisələrin təkrar yaşanmasından qorxur:
“Müharibə vaxtı Başkənd ermənilərdə olanda biz çox zülm çəkdik. Bütün camaat başqa yollarla xəstəsini Tovuza, Şəmkirə aparırdı. Başkənddən ətraf əraziləri atəşə tuturdular. Erməninin təzədən burada olmağı bizə xeyir verməz. Yenə də təxribat törətməyə çalışacaqlar. Şınıxla bütün Gəncəni birləşdirən bir yerdir bura. Gəlsin erməni ortalıqda dayansın? Yenə bizim balalarımıza zülm eləsin?
Mənim 65 yaşım var, bir azdan biz artıq olmayacağıq, bizdən sonra gələn nəsillər yaşayacaq burada. Elə olsa, nəvələr-nəticələr bəlkə də qorxularından gəlməz bu kəndə. Erməni adını eşitsə, heç kim gəlməz buralara”.
“Mediaşəbəkə”nin dəstəyilə