Baş tutmayan Hava Hücumundan Müdafiə
İki qonşu ölkə olan və müxtəlif regional təhlükəsizlik sistemlərini seçən Ermənistan və Gürcüstan elan etdikləri niyyətlərə uyğun hərbi müdafiəni qura bilmirlər.
Avropa İttifaqı ilə Gürcüstan arasında imzalanan və bu il iyulun 1-də qüvvəyə minən Assosiasiya haqqında sazişə əsasən sonuncu öz təhlükəsizliyini Avro-Atantika standartlarına uyğun qurmağa çalışır. Gürcüstanda NATO-nun Təlim Mərkəzinin açılması, çox sayda birgə təlimlərin keçirilməsi ilə yanaşı, labüd məqamda ölkənin hava hücumundan müdafiəsini (HHM) də qərb məcrasına yönləndirmək bu məqsədlər daxilindədir.
Ekspertlər qeyd edirdilər ki, Cənubi Qafqazda Qərbin hava hücumuna qarşı müdafiə vasitələrinin peyda olması regionun təhlükəsizlik sisteminin tamamilə dəyişdirilməsinə gətirib çıxara bilər, axı hazırda burada ancaq Rusiya istehsalı olan hava hücumuna qarşı vasitələr var. Təsadüfi deyil ki, Gürcüstanın NATO-ya üzv ölkələrdən HHM vasitələri almaq cəhdləri tək Rusiyada deyil, elə Gürcüstanın özündə də böyük müqavimətlə üzləşib. Gürcüstanda NATO HHM-nin yaradılması cəhdləri müdafiə naziri İrakli Alasaniyanın öz vəzifəsini itirmək bahasına başa gəlib.
Hazırki müdafiə naziri Tina Xidaşeli bildirir ki, Gürcüstanın niyyətlərinin realizəsi və ordusunun qərb modelli HHM vasitələri ilə təchiz olunması üçün əlindən gələni edəcək.
Nazir bildirib ki, Fransa Gürcüstanı HHM sistemlərinin texniki vasitələri ilə təchiz edəcək. Raket əleyhinə sistemlərin alınmasının 2017-ci ilin yanvar ayında realizəsi planlaşdırılır. Xatırladaq ki, 2015-ci ildə Tbilisi gürcü ordusuna fransız yerüstü müşahidə radarlarının və raket sistemlərinin alınması haqda müqavilələr imzalayıb. İlk müqaviləni Gürcüstanın Müdafiə Nazirliyi Fransa-Amerika “ThalesRaytheonSystems (TRS) şirkəti ilə, ikinci müqaviləni isə fransız MBDA şirkəti ilə bağlayıb.
Gürcüstanda bu günə qədər də fransız raket hücumundan müdafiəsinin Cənubi Qafqaza gəlməsi məsələsinə şübhə ilə yanaşırlar. Bir çox ekspertlər hesab edirlər ki, Rusiya ilə münasibətlərin düzəlməsinə meyilli olan siyasətçilər, o cümlədən də Gürcüstanın məxfi “idarəçisi olan Bidzina İvanişvili müqaviləni pozmaq istəyəcəklər.
Amma 8-9 iyulda Varşavada keçiriləcək və Gürcüstanın yeni dəstək proqramı ala biləcəyi NATO sammiti vəziyyəti kəskin dəyişə bilər. Gürcüstan Avro-Atlantikanın tərəfdaş ölkəsi elan ediləcək. ABŞ-ın dövlət katibi Con Kerrinin iyulun 6-da Tbilisiyə səfəri buna sübutdur.
Maraqlıdır ki, Gürcüstan tərəfindən Qərbin raket əleyhinə müdafiə sistemlərinin alınması prosesinə paralel olaraq Rusiya Ermənistan HHM-nin “özəlləşdirilməsi prosesinə başlayıb. Bu iki prosesin nə dərəcədə bir-biri ilə bağlı olması məsələsinə ekspertlər qiymət verə bilmir. Bununla belə aydındır ki, Rusiya Fransaya aid raket əleyhinə müdafiə sistemlərinin Gürcüstana gəlib çıxması və Tbilisinin NATO üzvlüyünə namizəd elan edilməsinə hazırlaşmağa çalışır.
Amma Moskvanın Ermənistan və Rusiyanın HHM sistemlərini birləşdirmək, daha doğrusu, Ermənistan HHM vasitələrini öz komandanlığı altına almaq cəhdləri də asan başa gəlmir. Birgə HHM qruplaşmasının yaradılması haqda müqavilənin 2015-ci ilin dekabr ayında imzalanmasına baxmayaraq, Ermənistan parlamenti 2016-cı ilin iyun ayında müqaviləni güclə ratifikasiya edə bildi.
Parlamentdə Qarabağ danışıqlarında vəziyyətin kəskinləşdiyi halda Ermənistanın öz səmasına nəzarət etmək imkanından məhrum olunacağı barədə çoxsaylı xəbərdarlıqlar səsləndirildi. Nəticədə bu arqumentlərin heç bir təsiri olmadı və 131 deputatdan 102 nəfəri Ermənistan və Rusiyanın HHM-nin birləşdirilməsi leyinə səs verdi. Ancaq 8 deputat bunun əleyhinə oldu.
Rusiya və bəzi Ermənistan ekspertləri buna qədər Ermənistan və Rusiya HHM-nin birləşməsinin faydasını göstərməyə çalışır və qeyd edirdilər ki, Yerevan Rusiya hava hücumundan müdafiənin imkanlarından istifadə edə biləcək. Digər ekspertlər isə bu arqumentlərin gülməli olduğunu deyirdilər.
Lragir.am qəzetinin icmalçısı Akop Badalyan hesab edir ki, Ermənistanla Gürcüstan arasındakı bölücü xətlərin iki ölkənin müxtəlif inteqrasiya birliklərini seçməsi ilə bağlı dərinləşmə tendensiyası var. Onun fikrincə, bölücü xətlərin dərinləşməsi Ermənistan-Gürcüstan sərhədində arzu olunmaz nəticələrə gətirib çıxara bilər.
Ermənistanın Rusiyanın regional siyasətinin poliqonuna daxil olmağı, eyni zamanda da Gürcüstanın “düşmənə çevrilməsi təhlükəsi Ermənistanın ekspertlər çevrəsində yaxşı başa düşülür. Yerevanda müqavilənin ratifikasiyasına qədər hətta Rusiya ilə birgə HHM-nin yaradılmasına qarşı etiraz aksiyaları da keçirildi. Ermənistanın hava məkanının müdafiəsi məsələlərinin tənzimlənməsi orqanının Rusiya tərəfindən idarə olunacağı daha böyük etiraza səbəb oldu.
KTMT Xarici İşlər Nazirlərinin iyulun 4-də Yerevanda keçirilən iclasında KTMT-nin 2025-ci ilə qədər inkişaf konsepsiyası təsdiqləndi. Bu konsepsiya oktyabrda Yerevanda Vladimir Putinin iştirakı ilə keçiriləcək KTMT sammitində qəbul olunacaq. Rusiyanın KTMT yanında nümayəndəsi Viktor Vasilyevin bildirdiyinə görə, bu konsepsiyada NATO-nun KTMT üçün təhdid kəsb etdiyi elan oluna bilər.
Öz növbəsində, NATO-nun 8-9 iyulda keçiriləcək sammitində Rusiya NATO-ya təhdid kimi dəyərləndirilə bilər. KTMT deyil, məhz Rusiya. Amma Yerevan deyəsən, Rusiya ilə birlikdə Şimali Atlantika Alyansının düşməni olmağa hazırdır. Bu isə odeməkdir ki, iki qonşu ölkə – Ermənistan və Gürcüstan barrikadaların əks tərəflərində ola bilərlər.
Dərc edilib: 07.07.2016