Barıt çəlləyi üstündə
Qarabağ münaqişəsinin həlli yollarının axtarışını dəstəkləyən demək olar ki, bütün beynəlxalq layihələr iki yol göstərir – siyasi danışıqlar və xalq diplomatiyası. “İkinci yola böyük həcmdə maliyyə ayrılır, düşmənçiliyin aradan qaldırılması və iki cəmiyyət arasında əlaqələrin yaradılması məqsədi ilə layihələr reallaşdırılır, amma bunun effekti birmənalı deyil.
Aydın məsələdir ki, Ermənistan və Azərbaycan kimi demokratik ənənələrin inkişaf etmədiyi ölkələrdə “ikinci yol aparıcı qüvvə olub siyasi aktivlik yarada bilməz. İctimai fikir nə Ermənistanda, nə də Azərbaycanda qərarların qəbul edilməsində əsas amil sayılmır. Buna görə də xalq diplomatiyasının siyasi danışıqlara gətirib çıxaracağına və kompromis tapmağa kömək edəcəyinə ümid bəsləyənlər bir az sadəlövh görünür.
Bununla belə, Ermənistan və Azərbaycanda vəziyyət bu mənada əsaslı şəkildə fərqlənir, halbuki ikinci yolun təşəbbüskarları ya mahiyyətin dərinliyinə varmadan, ya da bu bərabərliyi saxlamağı özlərinə borc bilərək, israrla iki cəmiyyət arasında bərabərlik işarəsini qoyurlar.
Axırda da elə alınır ki, beynəlxalq cəmiyyətlər tərəfindən ən yaxşı niyyətlə xüsusən də media və xalq diplomatiyası sahəsində maliyyələşdirilən birgə Ermənistan-Azərbaycan layihələri gözlənilən nəticələri vermir.
Azərbaycanda ya ümumiyyətlə layihələrdə iştirakdan imtina edirlər. Ya da açıq iştirakdan imtina edərək, “alicənablıqla “pul xərcləməyə razılıq verirlər.
Ermənistan və Qarabağda birgə layihələr və hətta pasifist təbliğat cəmiyyətdə böyük müqavimətlə üzləşmir, bu, tam açıq şəkildə ifadə olunur və iştirakçılar təqiblərə məruz qalmır. Bununla belə, siyasi “yol çərçivəsində irəliləyişin olmaması və sərhədin o tayındakı konfrontasiya elə bir vəziyyətə gətirib çıxarır ki, Ermənistanda bu layihələrin səmərəsi o qədər də hiss olunmur. “Sülhməramlılar adətən humanist, amma real siyasətdən uzaq olan marjinal insanların dairəsi kimi nəzərdən keçirilir.
Əslində Ermənistanda Qarabağdakı münaqişə ilə bağlı kifayət qədər geniş fikir spektri var – radikal vətənpərvər yanaşmalardan tutmuş neqativ-skeptik fikirlərə qədər.
Ermənistanda qapalı mövzular demək olar ki, yoxdur. Bu təkcə Qarabağ münaqişəsinə deyil, həm də deyək ki, ordudakı vəziyyətə də aiddir. Bu yaxınlarda hərbi məlumatların məxfiləşdirildiyi Azərbaycandan fərqli olaraq, Ermənistanda insidentlər, qurbanlar və yaralananlar, insan haqlarının pozulması və məhkəmə prosesləri barədə demək olar ki, bütün informasiya verilir. Bu heç də o demək deyil ki, Ermənistan Ordusunda insan haqları pozulmur, sadəcə informasiya əsasən açıq olur.
Rəsmi dərc olunmayanların yerini öz etirazını açıq şəkildə ifadə və informasiyanı dərc edə bilən qeyri-hökumət təşkilatları və sosial qruplar doldurur. Misal üçün, Helsinki Vətəndaş Assambleyasının ofisləri beynəlxalq təşkilatların dəstəyilə vaxtaşırı silahlı qüvvələrdə vəziyyətlə bağlı hesabatlar dərc edərək, ciddi nöqsanları göstərirlər. Qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları isə hər həftə Hökumət Evinin qarşısında etiraz aksiyaları keçirərək, ədalətin bərpa olunmasını tələb edirlər və konkret yüksək vəzifəli şəxslərin adlarını çəkirlər.
Bununla belə, Ermənistanda nisbi açıqlıq böyük demokratikliyin göstəricisi deyil, çünki informasiya bolluğuna baxmayaraq, onun siyasi yükü yoxdur və ictimai fikir qərarların qəbul edilməsinə təsir etmir. Bu, erməni “demokratiyasının fərqli cəhətidir – hər necə olsa, dövlət qərarları başqa motivlərdən çıxış edərək, qəbul edilir.
Azərbaycanda vəziyyət sözsüz ki, daha ağırdır – mətbuatdakı yazılar göstərir ki, fərqli fikir daşıyıcıları qəddarcasına təqib olunur, informasiya gizlədilir və ancaq bir informasiya mənbəyi var – rəsmi təbliğat.
Fərq ilk baxışdan gözə böyük görünsə də, mahiyyət əslində eynidir – qərarlar fikir spektri nəzərə alınmadan, dar dairə tərəfindən qəbul edilir.
Düzdür, 2016-cı ilin iyul ayında bu tezis ilk dəfə ciddi şəkildə şübhə altına qoyuldu. İyulun 17-də Yerevanda polis post-patrul alayı ələ keçirildi, həmin gün dərc olunan ilk bəyanatda qiyamçılar – “Sasna tsrer (“Sasunlu çılğınlar) qruplaşması bildirdi ki, aksiyaları hakimiyyətin Qarabağ üzrə məğlubiyyətçilik siyasətinə qarşı etirazdır. Qruplaşmanın üzvləri əvvəl də bildirirdilər ki, Ermənistan hakimiyyəti yolverilməz ərazi güzəştlərinə getməyə hazırdır, onlar isə buna imkan verməyəcəklər.
Bu şayiələri müəyyən mənada Serj Sarkisyan da təsdiqlədi, o etiraf etdi ki, 2011-ci ildə Kazanda imzalanan müqaviləyə görə, Qarabağın statusunun tanınmasının əvəzində Ermənistan silahlı qüvvələri keçmiş Qağlıq Qarabağ Muxtar Respublikasının ətrafındakı bir sıra rayondan çıxarılmalıdır.
Yeri gəlmişkən, Serj Sarkisyanın bu bəyanatı ancaq bəzi vətənpərvər dairələrdə narazılıqla qarşılandı, siyasi qüvvələr və ictimai qurumlar isə ona heç fikir də vermədilər və Serj Sarkisyanı məğlubiyyətçilikdə ittiham etməyi və onun istefasını tələb etməyi lazım bilmədilər.
Bununla belə, “Sasna tsrerlə bağlı hadisələr iyulun 31-də bitəndən sonra Serj Sarkisyan hökuməti dəyişdi və Qarabağ mövzusu ilə bağlı ritorikanı bir qədər sərtləşdirdi. Ekspertlər Serj Sarkisyana “Sasna tsrerin xalq tərəfindən dəstəklənməsi, yoxsa əksinə, qruplaşmanın Serj Sarkisyanın mövqeyinin sərtləşdirilməsi üçün “pərdə olması barədə bir qərara gəlməkdə çətinlik çəkirlər.
Bununla belə, “Sasna tsrerlə bağlı məsələ radikal xalq etirazının təcəssümü oldu və aydın oldu ki, görünən apatiyaya və hətta ağrılı kompromislərin qaçılmazlığı haqda bəyanatlara baxmayaraq, geniş fikir spektrinin olmasına baxmayaraq, Ermənistan cəmiyyətində istənilən “güzəştli qərar zamanı üzə çıxa bilən güclü radikal potensial yetişir. Və bu potensial qərarların qəbul edilməsində əsas amil olacaq.
Bu tendensiyalar ondan xəbər verir ki, Qarabağ münaqişəsində, eyni zamanda da Ermənistan və Azərbaycanda vəziyyət get-gedə daha çox barıt çəlləyinə oxşayır. Azərbaycanda qığılcım indiki status-kvonun saxlanması zamanı münaqişənin beynəlxalq səviyyədə dondurulması ola bilərsə, Ermənistanda status-kvonun dəyişdirilməsini nəzərdə tutan istənilən qərar partlayışa səbəb ola bilər. Və bu zanman harada ictimai fikrin, harada dövlət təbliğatının, harada isə bayağı özünüqoruma instinkti və milli maraqların dərki olduğunu anlamaq çətin olacaq.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc olunub: 18.12.2016