“Banditizm”də Bəxtiyar Hacıyev Facebook statuslarını silməyə məcbur edilib
Bəxtiyar Hacıyev saxlanılıb
Günorta Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyev yoxa çıxıb. O, sosial şəbəkədə canlı yayım açmağa macal tapıb, amma ikinci saniyədə yayım kəsilib. Ancaq altı saat sonra Hacıyevin polis tərəfindən saxlanıldığı məlum olub. Sərbəst buraxılandan sonra aktivist mətbuat konfransı keçirib və polis əməkdaşlarının onu sosial şəbəkədəki statuslarını silməyə məcbur etdiklərini bildirib. O, həmçinin Azərbaycan vətəndaşlığından imtina etmək niyyətini açıqlayıb.
- Lili: rəssam niyə evinə qayıda bilmir?
- Almaniyadan deportasiya olunan növbəti siyasi mühacir məhkum edildi
- HRW Azərbaycan hakimiyyətindən azad sözə qarşı zorakılığı dayandırmağı tələb edib
Nə baş verib?
2022-ci il avqustun 22-də günorta saatlarında aktivist Bəxtiyar Hacıyev Facebook-da canlı yayım açıb, amma yayım cəmi iki saniyə davam edib. İzləyicilər sadəcə Hacıyevin “deyirəm, burax” eşidə bilir. Bundan sonra yayım kəsilir.
Bu video sosial şəbəkələrin Azərbaycan seqmentində dərhal sürətlə yayılmağa başlayıb, istifadəçilər Hacıyevin oğurlandığını, ya da saxlandığını ehtimal ediblər.
Dörd ay əvvəl – 2022-ci ilin aprelində Bəxtiyar Hacıyev Bakıda evinin qarşısında oğurlanmışdı. Sərbəst buraxılandan sonra aktivist başına torba salındığını, qeyri-müəyyən istiqamətə aparıldığını danışıb. Həmin şəxslər Hacıyevin Azərbaycanın daxili işlər nazirinin ünvanına səsləndirdiyi ittihamlardan və tənqidlərdən imtina etməsini istəyiblər. Döyüb, alçaldıb, təhqir etdikdən sonra aktivisti buraxıblar.
Hacıyevin harada olduğu haqda altı saat heç nə məlum olmayıb. Rəsmi açıqlama da verilməyib. Axşama doğru hüquq müdafiəçisi Rüfət Səfərov Bəxtiyar Hacıyevin “Bandotdel”də saxlandığını və artıq sərbəst buraxıldığını bildirib.
Bundan dərhal sonra Hacıyev öz ofisində mətbuat konfransı keçirib.
Bəxtiyar Hacıyev saxlanılması haqda
“Bu gün piyada ofisə gedərkən yolda dayanmış bir avtomobildə iki nəfərin mənə baxdığını, məni izlədiyini gördüm. Bir az irəlilədikdən sonra mülki geyimdəki bir şəxs mənə tərəf qaçmağa, məni tutmağa başladı. Mən təkrar oğurlanmaqdan ehtiyatlanaraq, yaxınlaşan şəxsin kim olduğunu bilmədiyim üçün oradan uzaqlaşmağa çalışanda üstümə hücum çəkdi, bir neçə nəfər zorakılıqla məni maşına mindirməyə çalışdı. Bu müddətdə imkan tapıb, canlı yayım aça bildim ki, ictimaiyyətin xəbəri olsun”, – Hacıyev bildirib.
Məni “Banditizm”ə (DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi) apardılar, maşından düşürəndə başıma və qollarıma vururdular. Orada bir müddət saxladıqdan sonra Baş İdarənin rəisi Əbülfət Rzayevin yanına apardılar.
Ə.Rzayev nazirlə bağlı postları silməyimi tələb etdi. Dedi biz güc nazirliyiyik, sənlə güclə danışırıq, gücümüzü nümayiş etdiririk, bir də belə olsa, səni həbsə göndərəcəm.
Sonra qaldırdılar yuxarı mərtəbəyə, Fuad Muradovu gətirdilər, o da gəlib mənə dövlətçilik dərsi keçdi, profilaktik söhbət etdi. Mən vəkil tələb etsəm də, təmin etmədilər.
Bir müddət sonra ekranını çatlatdıqları telefonumu gətirdilər, Vilayət Eyvazovla bağlı postları silməyi tələb etdilər. Bu arada Fuad Muradovla bağlı postları da sildirdilər.
4 ay əvvəl maskalı şəxslər tərəfindən oğurlananda da Fuad Muradov və Vilayət Eyvazovla bağlı postları sildirmişdilər.
Postları sildirərkən əməliyyatçılardan biri öz saxta Facebook profilindən yoxlayırdı, profil fotosunda Əli Kərimlinin fotosunu qoymuşdu. Çox güman ki, bu foto ilə cəbhəçilərin etibarını qazanıb, dostluqlarına girib, izləmək üçün.
Sonra yenidən Ə.Rzayevin yanına gətirdilər, o da növbəti dəfə məni hədələdi ki, bir də polis, nazirimiz haqqında xoşagəlməz nə isə yazsan, gücümüzü başqa formada göstərəcəyik. Mən də nə onun, nə də hakimiyyətin əbədi güc sahibi olmayacağını dedim, uzun həyat arzuladım ki, əlində güc olmayanda indi etdiklərinin cavabını görməyə ömrü bəs eləsin.
Daha sonra əməliyyatçılar tranzit nömrəli maşınla məni gətirib ofisimizin qarşısında düşürdülər.
Faktiki olaraq dövlət vətəndaşla bandit kimi davranır. Bir gün inşallah gün gələcək, dövran dönəcək, bu gün etdiklərinə görə cavab verəcəklər”, – aktivist qeyd edib.
Vətəndaşlıqdan imtina
Mətbuat konfransında Bəxtiyar Hacıyev bildirib ki, Azərbaycan vətəndaşlığında imtina etmək qərarına gəlib. Daha sonra isə Koreya Xalq Demokratik Respublikasının vətəndaşlığını almaq üçün bu ölkənin hakimiyyətinə müraciət etmək niyyətindədir.
Daha sonra aktivist vətəndaşlıqda imtina ərizəsini təqdim etmək üçün hüquq müdafəiçilərinin və jurnalistlərin müşayiəti ilə Prezident Administrasiyasına yollanıb. Ona administrasiyanın əsas binasına yaxınlaşmağa icazə verilməyib və ərizəsini Nərimanov rayonu ərazisində yerləşən qəbul şöbəsinə təqdim etmək tövsiyə olunub.
Şərhlər
Bəxtiyar Hacıyevin saxlanması sosial şəbəkələrin Azərbaycan seqmentində əsas mövzuya çevrilib. Bəzi xarakterik şərhləri təqdim edirik:
“Ölkədə cinayətkarlıq belə monopoliyadadır…”, – vəkil Aqil Layıc yazıb.
“Daxili İşlər Nazirliyi ölkə qanunlarına hörmətsizlik edərək, vətəndaşı rəsmi çağırışsız, vəkilsiz, zorakılıqla niyə dindirir?
Biz mafiya dövlətində yaşayırıq, yoxsa nə vaxtsa ölkədə hüquq mühafizə orqanlarının da qanuna hörmətinə şahid ola biləcəyik?” – journalist Xədicə İsmayılova sual edir.
Təəssüf və üzüntü ilə Bəxtiyar Hacıyevin başına gətirilənləri izlədim.
Vətəndaşla bu şəkildə davranmaq heç bir hüquqa, qanuna sığmamaqla yanaşı, cəzasızlıq mühitinin hökm sürdüyünün göstəricisidir.
Siyasi institutların, ictimai-siyasi fəalların bu qanunsuzluqları dayandırmağa gücü yetmir. Səlahiyyətli dövlət qurumları susur və ya prosesdə qərəzli mövqe tutmaqla iştirakçılığını bir daha təsdiqləyir”, — “Ümid” Partiyasının sədri İqbal Ağazadə bildirib.