Belaruslu müxalifətçi Kiyevdə asılmış vəziyyətdə tapılıb
Avqustun 2-də səhər yoxa çıxan belaruslu müxalifətçi, “Ukraynada Belarus Evi” ictimai təşkilatının rəhbəri Vitali Şişov Kiyev parkında asılmış vəziyyətdə tapılıb.
Ukraynanın “Hromadske” telekanalının verdiyi məlumata əsasən, Şişovun meyiti evinin yaxınlığında tapılıb.
- Belarus hakimiyyəti beynəlxalq reysi Minskdə endirərək müxalifətçini həbs edib
- Belarusda repressiyalar: TUT.by nəşrinin bütün rəhbərliyi və jurnalistləri həbs edilib
Şişov evdən qaçış üçün çıxandan sonra yoxa çıxmışdı. Hadisə yerindən onun telefonu və şəxsi əşyaları götürülüb. Polis qəsdən adam öldürmə maddəsilə cinayət işi başladıb.
Şişovun həmkarları danışıblar ki, onun və sevgilisinin dəfələrlə tanımadıqları şəxslər tərəfindən, eyni zamanda evlərinin yanında dayanan maşınlardan izləndiklərinin şahidi olublar. Həmçinin onlara müxtəlif insanlar yaxınlaşıb Ukrayna və Belarusdakı fəaliyyətlərilə bağlı suallar veriblər.
“Ukraynada Belarus Evi” ictimai təşkilatdır və Aleksandr Lukaşenko rejimindən ziyan gördüyü üçün Ukraynaya qaçan bütün belaruslulara yardım etməklə məşğuldur.
2020-ci ilin avqustunda Belarusda prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən izdihamlı etiraz aksiyaları Aleksandr Lukaşenko rejimi tərəfindən müxalifətə qarşı kütləvi repressiyalara səbəb olub.