Bakı və Abşeronun su təchizatı: 30 anbar, 95% vəd və köhnə risklər
Bakının su təchizatı
2026-2035-ci illəri əhatə edən yeni Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı, tullantı suları və yağış suları sistemlərini müasirləşdirməyi qarşısına məqsəd qoyub.
Bu proqram Prezident İlham Əliyev tərəfindən 12 yanvarda elan edilib və Bakı şəhəri, onun qəsəbələri, ölkənin ikinci böyük şəhəri Sumqayıt və ümumilikdə Abşeron regionunu (cəmi 64 yaşayış məntəqəsi) əhatə edir.
Proqramın əsas hədəfi regionu dayanıqlı və fasiləsiz içməli su ilə təmin etməkdir. Bu məqsədlə təqribən 30 yeni su anbarının tikintisi, mövcud magistral su kanallarının və paylayıcı şəbəkələrin 200 km-dən çox hissəsinin yenidən qurulması planlaşdırılır.
Nəticədə, Bakı və Abşeron əhalisinin fasiləsiz (24 saat) su təminatı hazırkı ~70%-dən 95%-ə yüksələcək, kanalizasiya xidmətlərindən faydalanan əhali isə 50%-dən 95%-ə çatdırılacaq. Eyni zamanda su itkilərinin hazırkı 40-45% səviyyəsindən kəskin şəkildə azaldılması və su təchizatında 100% sayğaclaşdırma təmin olunması qarşıya qoyulub.
Texniki infrastruktur və davamlı təchizat
Dövlət Proqramının texniki komponenti genişmiqyaslı infrastruktur layihələrindən ibarətdir. İlk növbədə, yeni su anbarlarının tikintisi nəzərdə tutulur – onların sayı 30-a yaxın olacaq ki, bu da regionun su ehtiyatlarının yığımı və paylanmasında mühüm artım sayılır.
Bununla paralel, magistral su kəmərlərinin və paylayıcı şəbəkələrin yenilənməsi həyata keçiriləcək. Köhnəlmiş boru xətlərinin dəyişdirilməsi nəticəsində xətlər üzrə itkilərin azaldılması hədəflənir.
Yağış suları və tullantı suları sistemləri də proqramda xüsusi yer tutur. Bakı şəhərində hər intensiv leysan yağışı zamanı yolların su altında qalması və nəqliyyatın iflic vəziyyətə düşməsi yerli sakinlər üçün tanış mənzərədir.
Bu problemin həlli üçün proqram çərçivəsində Bakının 30 küçəsində yeni yağış suları kollektorlarının qurulması planlaşdırılıb. Bu kollektorların yağış sularını effektiv drenaj edərək şəhərin sel basma riskini əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir.
Bununla yanaşı, tullantı sularının təmizlənməsi infrastrukturu yenilənəcək. Xəzər dənizinə axıdılan çirkab sularının 100% təmizlənməsi hədəf kimi qoyulub, xüsusilə Hövsan Aerasiya Stansiyasının modernizasiyası və gücünün artırılması gündəmdədir.
Nəhayət, ilk dəfə olaraq Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu inşa olunur. Abşeron yarımadasının su təminatını yaxşılaşdırmaq məqsədilə Xəzər dənizinin suyunu içməli suya çevirəcək bu pilot layihəyə artıq start verilib.
Zavod tamamilə xarici sərmayə hesabına qurulur və təxminən gündəlik 300 min kubmetr (illik ~100 milyon m³) su emal gücünə malik olacaq. Duzsuzlaşdırma texnologiyası sayəsində Abşeron regionuna əlavə su axını təmin ediləcəyi deyilir.
Xəzərin suyu açıq okean suyuna nisbətən daha az duzludur və müasir membran texnologiyaları ilə təmizləndikdən sonra həm içməyə yararlı, həm də texniki və suvarma məqsədləri üçün uyğun su əldə etmək mümkündür.
Sosial təsirlər və urbanizasiya təzyiqləri
Yeni dövlət proqramının ən mühüm nəticələrindən biri region əhalisinin həyat keyfiyyətinə müsbət təsir göstərəcək sosial dəyişikliklərdir. Bakı və Abşeron yarımadasında hazırda əhalinin yalnız 70%-i fasiləsiz (sutkada 24 saat) içməli su alır ki, geridə qalan təxminən 30%-lik kəsim gündəlik su qrafiki ilə yaşayır.
Bu, yüz minlərlə insanın evlərində suyun ancaq müəyyən saatlarda verilməsi, əlavə su çənləri qurmaq məcburiyyəti, yaxud su daşımaq zərurəti deməkdir. Proqram tam icra olunduqda fasiləsiz su təchizatının 95%-ə çatacağı, yəni faktiki olaraq bütün paytaxt və Abşeron sakinlərinin bütün sutka təmiz su əldə edəcəyi gözlənilir.
Hazırda regionda kanalizasiya xidməti də əhalinin yalnız yarısını (təqribən 50%-ni) əhatə edir. Nəticədə, əksər qəsəbələrdə və yeni yaşayış massivlərində tullantı suları ya açıq kanallara axıdılır, ya da yeraltı quyularda toplanır ki, bu da ekoloji və sağlamlıq riskləri yaradır.
Kanalizasiya şəbəkəsinin 95%-ə genişləndirilməsi ilə bu problem köklü surətdə həll edə bilər. Poqramın sonunda Bakı və Abşeron yarımadasında yaşayış məntəqələrinin demək olar hamısı mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmuş olmalıdır.
Urbanizasiya ilə bağlı təzyiqlər Bakı regionunda son onilliklərdə kəskin artıb. Ölkə iqtisadiyyatının mərkəzi olan paytaxt əhali cəzb etməyə davam edir – insanlar iş və xidmətlərə çıxış üçün kütləvi şəkildə bura köçür. Bunun nəticəsində, Bakı-Sumqayıt-Abşeron metropolitan zonasının əhalisi 1990-cı illərdən bəri xeyli çoxalıb (hazırda qeyri-rəsmi 4.5 milyona yaxın olduğu təxmin edilir) və ölkə əhalisinin təxminən yarısına çatıb.
Bu sürətli əhali artımı və sənayeləşmə suya tələbatı dəfələrlə yüksəldib. Məsələn, Abşeron yarımadasında yeni tikilən yaşayış kompleksləri, fabrik və zavodlar həm içməli, həm də texniki su təminatı tələb edir. Dövlət Proqramının bu artan urbanizasiya təzyiqini nəzərə alaraq tərtib olunduğu ehtimal edilir.
Suyun keyfiyyəti və etibarlılığı da sosial rifaha təsir edən amillərdəndir. Paytaxtın bəzi kənar kənd və qəsəbələrində sakinlər illərlə layiqli içməli suyun olmamasından şikayət ediblər. Məsələn, Nardaran və ətraf kəndlərin bəzilərində indiyədək yay aylarında şəbəkə suyu demək olar ki, verilmir, əhali ya quyulardan, ya da maşınlarla daşınan sudan istifadə edir.
Bəzi ərazilərdə verilən suyun keyfiyyəti də aşağı olduğu üçün vətəndaşlar məcbur qalıb ev şəraitində filtirlər hazırlayır, suyu əlavə təmizləyirlər. Bu proqram su çatışmazlığından əziyyət çəkən həmin ərazilərə xüsusi diqqət yetirəcəyi proqnozlaşdırılır.
Mərkəzləşdirilmiş şəbəkənin genişlənməsi, yeni anbarların tikilməsi sayəsində uzaq qəsəbələrə də dayanıqlı suyun çatdırılması mümkün olacaq.
Korrupsiya və gecikmə riskləri
Belə genişmiqyaslı infrastruktur proqramının icrasında potensial risklərdən biri korrupsiya halları və layihələrin gecikməsi ola bilər. Azərbaycanın keçmiş təcrübəsi göstərir ki, bəzi iri su layihələri planlaşdırılandan baha başa gəlib və səmərəliliyi aşağı olub.
2007-2010-cu illərdə Dövlət Neft Fondu hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə 779,6 milyon manat sərf olunmuşdu. Müstəqil ekspertlərin rəyinə görə isə bu kəmərin real dəyəri maksimum 300 milyon manata bərabər olmalı idi; yəni layihə xərcləri bir neçə dəfə şişirdilərək artıq vəsait mənimsənilib.
Həmin dövrdə bu kimi maxinasiyalar cəzasız qaldı və ictimaiyyət ayrılan pulların hara xərcləndiyi barədə yetərincə məlumat ala bilmədi.
Bu problem təkcə bir layihə ilə məhdudlaşmır. Uzun illər su təchizatı və kanalizasiya sektoruna cavabdeh olan “Azərsu” ASC (Azərbaycanda su təminatı və kanalizasiya xidmətlərinə məsul dövlət şirkəti) qeyri-şəffaf fəaliyyəti, böyük maliyyə zərərləri və bahalı inzibati xərcləri ilə gündəmə gəlib.
2020-ci ildə Hesablama Palatasının hesabatına əsasən Azərsu 401 milyon manat dövlət dəstəyi almasına baxmayaraq, cəmi 10 milyon manat vergi ödəyib, yəni dövlətdən aldığı vəsait ödədiyindən 40 dəfə çox olub.
Şirkət hətta 7 milyard manatdan artıq yığılmış zərərə baxmayaraq Bakıda lüks ofis binası tikdirib. Bu faktlar göstərir ki, dövlət şirkətlərində şəffaflıq problemi var və ayrılan pulların effektiv xərclənməsinə zəmanət yoxdur.
Ekspertlər vurğulayırlar ki, Azərbaycanda dövlət satınalmaları çox vaxt formal rəqabətlə, əvvəlcədən müəyyən edilmiş senari üzrə həyata keçirilir. Bu isə bərabərsizliyi və korrupsiya riskini artırır.
Gecikmə riskləri
Dövlət Proqramının uğurla gerçəkləşməsi üçün vaxtında və keyfiyyətlə icra da önəmlidir. Keçmişdə bəzi infrastruktur layihələrində ləngimələr müşahidə olunub – bürokratik maneələr, podratçıların işləri gecikdirməsi, yaxud layihə-smeta sənədlərinin dəfələrlə dəqiqləşdirilməsi kimi səbəblərdən planlaşdırılan müddətlər aşılıb.
Yeni su proqramı isə konkret 2035-ci il hədəfi ilə başlayır və bu müddət ərzində bütün işlərin tamamlanması gözlənilir. Prezident İlham Əliyev müşavirədə xüsusi olaraq vurğulayıb ki, proqram təxminən 10 illik zaman kəsiyinə yayılıb və ilkin hesablamalara görə bu müddət kifayət qədərdir; lakin bir gün belə yubanmaya yol verilməməlidir.
O, həm hökumət, həm də Prezident Administrasiyası səviyyəsində nəzarətin güclü olacağını, icra qrafikindən geri qalan məmurların cavab verməli olacağını bildirib.
Beynəlxalq təcrübə: İsrail və Səudiyyə Ərəbistanı nümunələri
Dövlət Proqramının hazırlanmasında və xüsusən də Abşeron yarımadasının su təminatında innovativ həllər axtarılarkən müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Xüsusilə İsrail və Səudiyyə Ərəbistanı kimi su qıtlığı ilə mübarizədə uğur qazanmış ölkələrin modelləri Azərbaycan üçün maraq kəsb edir.
İsrailin su təsərrüfatı modeli dünyada ən effektiv sistemlərdən biri sayılır. Ölkə illik cəmi 250 mm civarında aşağı yağıntıya malik olmasına baxmayaraq, su idarəçiliyi sahəsində texnoloji sıçrayış edib və bu problemi strateji üstünlüyə çevirib.
Azərbaycan bu təcrübədən yararlanmaq üçün son illərdə İsraillə əməkdaşlığı gücləndirir. 2022-ci ildə Azərbaycan İnvestisiya Şirkəti İsrailin “IDE Technologies” şirkəti (dünyada duzsuzlaşdırma sektorunda tanınmış lider) ilə Xəzər suyunun duzsuzlaşdırılması zavodu yaradılması üzrə Anlaşma Memorandumu imzalayıb.
Həmin vaxtdan etibarən İsrail mütəxəssisləri Abşeronun su problemlərinin həlli üçün texnologiya transferi üzərində çalışır. 2025-ci ilin sentyabrında Bakıda keçirilmiş “Baku Water Week” tədbirində İsrailin milli su şirkəti “Mekorot” nümayəndəsi Barak Qraber bildirib ki, duzsuzlaşdırma üzrə dünya üzrə ən yaxşı texnologiyaların cəlbi üçün tender təşkil olunub və ən optimal texnoloji həll seçilib.
Bu, bir növ beynəlxalq yarışma idi və İsrail şirkətləri də orada iştirak edib. Nəticədə, Xəzərin suyunun duzsuzlaşdırılması zavodu layihəsi üzrə tenderdə İsrailin IDE şirkəti ikinci yeri tutub (müxtəlif mərhələlərdə təklif verib).
Səudiyyə Ərəbistanı da su təminatı baxımından önəmli beynəlxalq nümunədir. Səudiyyə, ümumən Körfəz bölgəsi ölkələri ilə birgə, hazırda dünyanın duzsuzlaşdırılmış su istehsalının 44%-dən çoxunu həyata keçirir.
Səudiyyə həm də bu sahədə öz mühəndislik şirkətlərini qlobal markaya çevirib. Xüsusilə ACWA Power – Səudiyyə Ərəbistanının su və enerji şirkəti hazırda dünyada 13 ölkədə 90-dan çox layihə həyata keçirir və investisiya portfelinin toplam dəyəri $97 milyard dollara yaxındır.
Məhz ACWA Power Bakı və Abşeronun ilk duzsuzlaşdırma zavodunun inşası üzrə keçirilən beynəlxalq müsabiqədə qalib gəlib. 2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikilməsi planlaşdırılan zavod üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə ACWA Power arasında müvafiq saziş imzalanıb.
Layihənin dəyəri təxminən $407 milyon qiymətləndirilir və zavod gündəlik 300 min m³ (ildə ~110 milyon m³) su istehsal edəcək gücdə olacaq. Müqaviləyə əsasən, ACWA Power zavodu dizayn edib tikəcək, tam xarici sərmayə qoyacaq və 25 il müddətində istismar edəcək, bu dövrdə istehsal etdiyi suyu Azərbaycan tərəfinə satacaq, müddət bitincə isə obyekti dövlətə təhvil verəcək.
Bakının su təchizatı