Bakılını Londonda təəccübləndirən yeddi nəsnə
Əvvəlcədən xəbərdarlıq edirəm ki, Big Ben reallıqda kinodakı kimi böyük deyil, Bukinqem sarayı bizim şərqli baxışlarımıza görə çox da sadədir, Baker Street də əvvəlki kimi deyil, heç tüstü də düz əməlli yoxdur.
Londona stereotipləri dağıtmaq üçün getməyə dəyər. London haqqında nə düşündüyünüzdən asılı olmayaraq, əslində o tam fərqlidir. Nə qədər bura gəlsən də, hər dəfə səni təəccübləndirəcək.
Hər bir bakılını mütləq təəccübləndirəcək 7 səbəb sadalayacam. Əvvəlcədən deyim ki, bu, gəzməli-görməli yerlər haqqında deyil.
1. Şaquli evlər
Onları təyyarədən də görmək olur – qırmızı kərpicdən olan səliqəli binalar. Evlər ayrı-ayrı mənzillərdən ibarətdir, hər birinin özünün giriş qapısı, kiçik dəhlizi, mətbəxi və birinci mərtəbədə qonaq otağı var, dəhlizdən isə pilləkən ikinci mərtəbəyə, yataq otaqlarına qalxır.
Bu “Viktoriya dövrünün evidir” – bu cür evlər kraliça Viktoriyanın hakimiyyəti dövründə kütləvi şəkildə tikilirdi. Sürətlə böyüyən orta təbəqə üçün tikilirdi. Yəni bu, bizim “xruşovka”ların analoqudur, minimum evlər. Amma “xruşovka”lardan fərqli olaraq, “Viktoriya dövrünün evləri” rahat və kifayət qədər genişdir. Nə yuxarıda, nə də aşağıda qonşular var. Evin arxasında isə özünün kiçik həyəti də olur.
Yeri gəlmişkən, burada birinci mərtəbənin pəncərələrində şəbəkələr olmur, giriş qapısı isə taxtadan ola və açarla bağlana bilər. Bəzilərində isə hətta qapıda kiçik şüşə “pəncərələr” olur. Bu, hamının “seyf” kilidli dəmir qapısı olan Bakıya heç bənzəmir.
2. Bu, vanna ilə nə etmək olar?
Müasir mənzillərdə və müasir otellərdə hər şey bizim adət etdiyimiz kimidir. “Viktoriya dövrünün evi”ndə və ya daha köhnə oteldə bakılının çoxlu sualı yarana bilər.
Ayrıca isti və ayrıca soyuq su kranından necə istifadə etmək olar? Niyə hamam otağında bir-birindən iki metr aralıda həm vanna, həm də duş kabinəsi var? Vannanın özünün duşu yoxdursa, onun özünü necə yumaq olar?
Bu, belə stereotipdir ki, britaniyalılar vannadan çıxıb, dərhal dəsmalla qurulanır? Yoxsa həqiqətdir? Hələ də dəqiq bilmirəm, soruşmağa da həya edirəm.
3. Hazır ət
İndi deyəcəksiz ki, nə olsun ki, bizdə də böyük marketlərdə qiyməni plastik qablarda satırlar. Fərq ondadır ki, Londonun supermarketlərində hər növ hazır ət satırlar. Hətta artıq hazır kiftələr. Bu, normal, təzə ətdir və artıq həm steyk, həm də şorba üçün doğranıb.
Yuyulmuş göyərti və tərəvəz də var. Yəni qazanlara və boşqablara müxtəlif çeşiddə ərzağı tökməklə yemək hazırlamaq olur.
4. Metro
Qısaca bu haqda demək olar ki, çox sayda xətlər və stansiyaların olmasına baxmayaraq, ondan istifadə etmək çox asandır. Sxemə baxıb, işarələrlə irəliləyin.
Bundan başqa, stansiyalar o qədərdir ki, şəhərin mərkəzində (və “borunun” – yerlilər metronu bu cür adlandırır – olduğu yerlərdə) siz problemsiz istədiyiniz yerə gedə bilə və heç bir başqa marşruta əyləşməyə bilərsiz. İki stansiya arasında bir neçə yüz metr məsafə ola bilər –Bakının stansiyaları arasında uzun məsafələrlə müqayisə olunmazdır.
5. Növbələr
Növbələrlə ehtiyatlı olun – onları görməyə bilərsiz. İnsanlar növbədə bir-birindən əl uzaqlığı məsafəsində dayanır.
Bu, Bakıya qayıdandan sonra mənim ənənəvi iki aylıq depressiyamın əsas səbəblərindən biri oldu. Azərbaycanda növbədə hamı bir-birinə söykənib durur.
Bununla razılaşmayan hər kəsə tez-tez Qırmızı körpüdən keçməyi məsləhət görürəm [Azərbaycanla Gürcüstan arasında sərhəddə gömrük məntəqəsi – redaktor qeydi].
6. Parklar və ümumiyyətlə yaşıllıq
Yaşıllıq bakılını istənilən şəhərdə təəccübləndirən şeydir. Londonda parklar şəhərin ərazisinin iyirmi faizidir. Heç bir oliqarx da onların yerində “elit” çoxmərtəbəli binalar tikmir. Heç kim də yola mərmər plitələr düzmür. Ancaq ot, ağac, dələlər və kök göyərçinlər olur.
7. Onlar yeməyini gizlədir
Söhbət mətbəxdən gedəndə, britaniyalıların özünütənqidi öz apogey nöqtəsinə çatır. “Bizim mətbəximiz yoxdur”, – onlar sizə bunu deyəcək. “Fiş end çips” və karrili toyuq, deyə cavab verəcəklər.
Cücəni və balıqla kartofu Bakıda da yeyə bilərik. Londonda isə çoxlu daha maraqlı şeylər var – misal üçün, “pie” – bu, bizim piroqun analoqu deyil, xırıltılı xəmirdən olan “qab”da bişmiş nəsədir. Misal üçün, souslu ət. Və ya püre layı altında bişirilmiş tərəvəzli qiymə.
Bundan başqa, yağ və zeytunlu skon, Yorkşir pudinqi və “İton qarışığı”nın dadına da baxın.
“İton qarışığı”nı (Eton mess) təsadüfən Hitrou aeroportunun kafesində tapdım. İnanın ki, özümün hansısa qəşəng adada ölkəm olsa, Eton mess həm bayraqda, həm gerbdə, həm də milli valyutanın üzərində təsvir olunacaq. Həyatımda bundan dadlı heç nə yeməmişəm.