Bakıdan mövqe: “Avropa İttifaqı regionda öz iştirakını təmin etmək istəyir”
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətdə Avropa İttifaqı proseslərdən kənarda qalmamağa və onlarda iştirakçı olmağa can atır. Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O, Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilmiş görüş barədə fikirlərini bildirib.
- Brüsseldə Əliyev-Paşinyan görüşü: Avropa platforması alternativ olacaqmı?
- “Xatirədə qalanlar”. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra
- Həyat olduğu kimi. İkinci Qarabağ müharibəsindən sonra – Ermənistandan film
Avropa maliyyə yardımı edəcəkmi?
“Brüssel görüşü hazırda Qərbin müxtəlif qurumlarının postkonflikt proseslərində hansı şəkildə iştirak etmək istədiyini daha aydın göstərdi. Avropa İttifaqı böyük maliyyə imkanlarına malikdir və görüşdə belə aydın oldu ki, Azərbaycan və Ermənistan Avropa İttifaqının postkonflikt dövründə yardımlarla bağlı fəal olmasını və bu yardımın böyük olmasını istəyir. İkincisi, təbii ki, Avropa İttifaqı danışıqlar formatı deyil, bu təşkilatın xüsusiyyətinə uyğun olaraq hansısa mövzular müzakirə olunur”. Belçikanın paytaxtında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşünü şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə deyib.
Onun fikrincə, Avropa İttifaqından gözlənilən maliyyə yardımları realdır:
“Bir il ərzində biz Avropa İttifaqı, digər Avropa qurumları, ümumiyyətlə, Qərbdən belə bəyanatlar, mesajlar gözləyirdik. Ancaq indiyə qədər aktiv mövqe görməmişdik. Əgər sülhdən danışılırsa, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün də hansısa layihələr olmalıdır. Bu baxımdan bu görüş də əslində bir çağırış oldu ki, gəlin, prosesdə iştirak edin. Yoxsa ATƏT-in Minsk Qrupunun gündəmində olmuş məsələlər artıq aktual deyil, təzə status-kvoya uyğun Avropa İttifaqının yardımlar göstərməsi, xüsusən kommunikasiya ilə bağlı səyləri daha da konkret olacaq”.
Avropa regionda hansı işləri görə bilər?
T.Zülfüqarov bildirib ki, misal üçün, azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində Aİ fəal iştirakçı ola bilər. “Mən Almaniyada olarkən bu ölkənin Xarici İşlər Nazirliyinin bir məsul şəxsi ilə görüşdüm. Görüşdə deyildi ki, Azərbaycan Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyanın iştirakçısı deyil, ona görə də bizə kömək edə bilmirlər, buna ixtiyarları yoxdur. Amma bu, formallıqdır. Çünki bu bölgədə heç bir ölkə bu Konvensiyanın üzvü deyil. İkincisi, bu, humanitar bir addımdır. Başqa sözlə, onlar bu humanitar prosesdə iştirak etmək istəmirlər. Hesab edirəm ki, Brüssel görüşü bir dönüş yaradacaq”.
Sabiq nazir deyir ki, Avropa Zəngəzur dəhlizinin, konkret olaraq, dəmir yolunun tikintisində Azərbaycana və Ermənistana maliyyə yardımı edə bilər: “Dəmir yolunun çəkilişi, yolların bərpa olunması maliyyə tələb edən məsələdir. Yaxud insanların azad olunmuş ərazilərə qayıdışını təmin etmək də böyük maliyyə resursu tələb edir. O yerlərdə məktəblər, xəstəxanalar tikmək, yollar çəkmək lazımdır.
Səhərdən axşama qədər postkonflikt proseslərində iştirak etmək istədiyinizi deyirsinizsə, amma humanitar yardım etmək niyyətiniz yoxdursa, bəyanatlarınız əsassız olur.
Hesab edirəm ki, Brüssel görüşü bu məsələyə müəyyən qədər aydınlıq gətirəcək. Həm Azərbaycanın, həm də yəqin ki, Ermənistanın səyi və iştirakı ilə bu məsələlərdə dönüş yaranacaq. Çünki bölgəyə maliyyə köməyi lazımdır”.
Laçın və Zəngəzur dəhlizləri haqqında
“Ermənistan da, Azərbaycan da bu dəmir yolunun olmasında maraqlıdır. Bəzən bizdə belə fikir formalaşır ki, Zəngəzur dəhlizi təkcə bizə lazımdır. Ermənistan da Zəngəzur dəhlizi vasitəsi ilə öz mallarını Rusiya bazarlarına çıxaracaq. Digər tərəfdən, bəzən bizdə belə fikirlər səsləndirilir ki, Ermənistan böyük gömrük rüsumları qoyacaq, konkret malların tranzit keçidi üçün alınacaq haqlar böyük olacaq. Ancaq burada sadə bir məntiq var. Ermənistan 40 km yolda Azərbaycana maneələr yaratsa, axı sonra Ermənistanın malları Azərbaycan üzərindən keçəcək, Azərbaycan belə maneələr yaradacaq. Yəni burada iqtisadi maraqlar öz rolunu oynayacaq, bu məsələləri tənzimləyəcək”.
“Ermənistanın əsas narahatlığı odur ki, Laçın dəhlizi 5 illik, Zəngəzur dəhlizi isə müddətsizdir. Müharibədə uduzduqları üçün öhdəlik götürdükləri bu məsələni indi həyata keçirmək istəmirlər. Ancaq Zəngəzur dəhlizi kapitulyasiyanın bir şərti idi və Azərbaycan bu öhdəliyin üçtərəfli razılaşmada əksini tapmasına nail ola bilib. İndi Ermənistan bu öhdəlikdən qaçmaq istəyir. Zəngəzur dəhlizi davamlı fəaliyyət göstərən zolaq xarakterli kommunikasiya olacaq. Laçın dəhlizi isə bir müddətdən sonra Azərbaycanın tamamilə nəzarəti altına keçəcək”, – Azərbaycan XİN-in keçmiş başçısı bildirib.
Sülh müqaviləsi imzalanandan sonra sabitlik yaranacaqmı?
Perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağından danışan Tofiq Zülfüqarov fikirlərini belə tamamlayıb:
“Bəzən bizdə belə təəssürat yaranır ki, sülh müqaviləsinə qol çəkəndən sonra bütün məsələlər həllini tapacaq. Bu, belə deyil. Çünki kənardakı böyük oyunçular və Ermənistan çalışacaq ki, bu konflikt və Azərbaycana təzyiq mexanizmləri qalsın. Bu, ilk növbədə Qarabağa aiddir. Baxın, Ermənistanın baş naziri bəyan edir ki, ərazi bütövlüyü mövzusu heç də Qarabağa aid deyil. Bu, onu göstərir ki, sülh sazişinin əsas bəndi olan ərazi bütövlüyü və suverenliyi tələbinə qol çəksələr də, praktik siyasətdə buna əməl etməyəcəklər. Ona görə də, biz belə hallara hazır olmalıyıq.
Postkonflikt mərhələsi heç də birmənalı sülhə aparaq proses deyil. Tarixi perspektivdən baxsaq, görəcəyik ki, hələ də mübarizə davam edəcək. Strateji baxımdan bizə nə lazımdır? Əsas konflikt Qarabağdan sərhədə, ya da Zəngəzura keçsin. O halda biz Qarabağın məsələsinin tam həll olunmasına nail ola bilərik. Sülh sazişi, sülh sənədi hansısa mərhələ ola bilər. Ancaq bu o demək deyil ki, Ermənistanın bizimlə bağlı iddiaları sona çatacaq”.