Bakı Moskvaya qarşı cinayət işi açdı: Yekaterinburq hadisəsi diplomatik savaşa çevrilir
Bakıdan Moskvaya qarşı cinayət işi
Azərbaycan-Rusiya münasibətləri son illərin ən gərgin mərhələsinə daxil olub. Yekaterinburqda baş verən hadisələr iki ölkə arasında təkcə diplomatik deyil, həm də hüquqi qarşıdurma yaradıb.
Bu hadisələrin fonunda 2024-cü il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Çeçenistan üzərində vurulması insidenti ilə bağlı yeni iddialar yayılıb.
O vaxt hadisənin səbəbləri rəsmi şəkildə tam açıqlanmasa da, Azərbaycan-Rusiya münasibətlərində təhlükəsizliklə bağlı narahatlıqları artırmışdı. Bu gün isə mediada yayılan və Rusiya Müdafiə Nazirliyinin təlimatını ehtiva etdiyi iddia edilən materiallar bu hadisənin təsadüfi yox, daha geniş kontekstli ola biləcəyi ehtimalını gündəmə gətirib.
Qardaşların ölümü və cinayət işi: rəsmi Bakının ittihamları
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi reyd zamanı saxlanılan azərbaycanlı qardaşlar, Ziyəddin və Hüseyn Səfərov, polis nəzarətində ölüblər.
Azərbaycan Baş Prokurorluğu onların “işgəncəyə və xüsusi qəddarlığa məruz qalaraq” qətlə yetirildiyini bəyan edib və Rusiya güc strukturlarına, FTX, Daxili İşlər Nazirliyi və Rosqvardiyaya qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə cinayət işi açıb.
Baş Prokurorluğun bəyanatında qeyd edilir ki, “qurbanlar tamamilə müdafiəsiz vəziyyətdə olublar. Onlara dəfələrlə ağır zərbələr endirilib, həm yolda, həm polis bölməsində”. Rəsmi ekspertiza nəticələri də bu versiyanı təsdiqləyir.
Məhkəmə-tibbi ekspertiza: “qabırğalar ikitərəfli qırılıb, beynə qansızma olub”
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənovun sözlərinə görə, Hüseyn Səfərovun bədənində sümüklərin yerdəyişmiş sınıqları, döş qəfəsinin deformasiyası, göz və dodaq nahiyəsində qançırlar, xayalıqda və bud nahiyəsində də sıyrıqlar və zədələr aşkarlanıb. Daxili müayinədə isə “kəllədaxili qansızmalar, qabırğaların ikitərəfli və çoxsaylı sınıqları, ağciyərlərin cırılması və ikitərəfli hemapnevmatoroks” müəyyən edilib.
Ədalət Həsənov bildirib: “Ölüm səbəbi posttravmatik və posthemorragik şokdur”.
Səfir nota ilə çağırılır, cavab mübahisəyə səbəb olur
İyulun 1-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona şifahi nota təqdim olunub. Bakı isə bu görüşdə Rusiyaya öz etiraz notasını təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin sözlərinə görə, “etiraz notasında Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərə görə qəti etiraz bildirilib”.
Hacızadə əlavə edib ki, Rusiya hüquq-mühafizə orqanlarının bu hərəkətləri həm Rusiya qanunvericiliyinin, həm də beynəlxalq hüququn pozuntusudur və azərbaycanlılara qarşı etnik dözümsüzlük nümayiş olunub.
Qarşılıqlı addımlar: Sputnik ofisində əməliyyat, mədəniyyət tədbirlərinin ləğvi

Hadisələr fonunda Azərbaycan “Rossiya Seqodnya” agentliyinin Bakıdakı filialında, Sputnik-Azərbaycan ofisində əməliyyat-axtarış tədbirləri keçirib və fəaliyyətin qanunsuz olduğunu bəyan edib. Rusiya tərəfi buna etiraz etsə də, Azərbaycan bildirib ki, ofisin fəaliyyəti qanunvericiliyə uyğun aparılıb və cinayət işi açılıb.
Azərbaycan, həmçinin Rusiyanın Azərbaycanda keçirməyi planlaşdırdığı bütün mədəniyyət tədbirlərini də ləğv edib. Rusiya Prezidentinin mədəniyyət üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu addımı “Azərbaycanın mədəniyyət mənzərəsini yoxsullaşdıran” qərar adlandırıb. Lakin Azərbaycan XİN onun bu fikirlərini “qərəzli və təhrifedici” adlandırıb:
“Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük”.
Rusdilli məktəblərlə bağlanması iddiaları
Yekaterinburqda baş verən hadisələr fonunda Azərbaycanda rus dilinin tədrisi ilə bağlı məsələlər də yenidən ictimai müzakirəyə çıxarılıb. Oxu.az və digər hökümətə yaxın yerli media qurumlarının yaydığı məlumata görə, bəzi məktəblərin valideyn “WhatsApp” qruplarında rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı barədə qeyri-rəsmi bildirişlər yayılıb.
Məlumatlara görə, bu qərarın əsas məqsədi Azərbaycan dilinin əsas təhsil dili kimi mövqeyini gücləndirmək və bütün vətəndaşların vahid təhsil mühitinə inteqrasiyasını təmin etməkdir. İddialar Rusiyada yaşayan azərbaycanlılara qarşı artan ayrı-seçkilik kontekstində ictimai rezonans doğurub.
Yayılan məlumatlara əsasən, islahatların mərhələli şəkildə həyata keçirilməsi, müəllimlər üçün ixtisasartırma proqramlarının təşkili və tədris dilinin Azərbaycan dilinə tam keçidi nəzərdə tutulur. Hazırda Elm və Təhsil Nazirliyinə sorğu göndərilib, lakin rəsmi təsdiq və ya təkzib təqdim olunmayıb.
Eyni zamanda, bəzi ictimai platformalarda bu təşəbbüsün ideoloji yox, mədəni və praktiki səbəblərlə əsaslandırır, həm də “təzyiq deyil, tədricən uyğunlaşma” yolu ilə həyata keçirilməsinin vacibliyini vurğulayırlar.
Bu iddialar müxtəlif zamanlarda səsləndirilib, lanki real əksini tapmayıb. Hazırki gərginlik fonunda Rus dilində tədris aparılan məktəblərin gələcəyi də sual altında ola bilər.
Rusiya tərəfi: “reaksiya emosionaldır”
Kreml hadisəyə münasibətində Azərbaycanı emosional davranmaqda ittiham edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Bakının reaksiyası emosionaldır. Rusiyalı jurnalistlərin saxlanılması ikitərəfli münasibətlərin ruhuna uyğun deyil. Ümid edirik, bu məsələ həllini tapacaq”.
Politoloq: “Rusiya münasibətləri bilərəkdən gərginləşdirir”

Politoloq Elxan Şahinoğlu baş verənləri Azərbaycan-Rusiya münasibətlərində əvvəlcədən gözlənilən bir gərginliyin davamı kimi qiymətləndirir:
“Dekabrda təyyarəmizi vurdular, insanlarımızı öldürdülər. Nə üzr istəyən oldu, nə kompensasiya verildi. İndi də işgəncələr və qətllər. Üstəlik, Kreml mediası yalan məlumatlar yayır ki, qardaşlar guya kriminal avtoritetlərdir”.
Şahinoğlu əlavə edir ki, Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmləri, miqrantların deportasiyası, kənd təsərrüfatı məhsullarına embarqo, gündəmdədir. Amma bu siyasət yalnız Rusiyanın öz maraqlarına zərbə vura bilər:
“Bu hadisələr fonunda biz, əlbəttə ki, Türkiyə ilə ittifaqı da gücləndirməliyik. Mütləq mənada Türkiyənin Azərbaycanda hərbi bazası olmalıdır ki, İran və Rusiya təzyiq göstərmək istəyəndə qarşılarında Türk–Azərbaycan ittifaqını görsünlər”.
Təyyarənin vurulması ilə bağlı üzə çıxan yeni iddialar
Söhbət ötən ilin dekabrında baş vermiş və Azərbaycan Hava Yollarına məxsus “Embraer E190” təyyarəsinin Çeçenistan ərazisində vurulduğu hadisədən gedir. Hadisə ilə bağlı yeni bir iddia üzə çıxıb.
“Minval.az”a daxil olan anonim məktubda Rusiya Müdafiə Nazirliyinin təlimatı ilə təyyarənin vurulduğu, əmr verən HHM kapitanının səs yazıları və radar məlumatları yer alıb. Məktubda kapitan Dmitri Sergeyeviç Paladiçukun izahatında deyilir:
“08:13-də mənə telefonla hədəfi məhv etmək əmri verildi… 08:13:33-də raket buraxıldı… 08:13:48-də yenidən atəş açmaq əmri verildi”.
Həmçinin redaksiya bildirir ki, bu məktubun həqiqiliyini tam təsdiqləməsələr də, üç səsli mesajın real olması və istintaqa təqdim ediləcək dərəcədə ciddi dəyərləndirilməsi zəruridir:
“Bu məlumatlar faciənin baş vermə şəraitini araşdıran Azərbaycan Respublikasının səlahiyyətli orqanları üçün faydalı ola bilər”.
Əgər bu məlumatlar sübuta yetirilərsə, bu hadisə Azərbaycan-Rusiya münasibətlərində təkcə diplomatik böhran deyil, açıq hərbi təxribat kimi də qiymətləndirilə bilər.
Sonda
Baş verənlər təkcə insan hüquqları pozuntusu deyil, həm də geosiyasi siqnaldır. Azərbaycan ilk dəfədir ki, Rusiya Federasiyasının güc strukturlarına qarşı rəsmi cinayət işi açır. Bu, Kremlin Cənubi Qafqazda dominant mövqeyinə açıq çağırışdır.
Əsas sual indi budur: Rusiya bu ittihamları necə cavablandıracaq? Cavab verdikcə yoxsa susduqca, qarşıdurma hüquqi müstəvidən diplomatik müstəviyə, oradan da daha geniş regional qarşıdurmalara keçə bilər.
Bu dəfə tək sual “kim günahkardır?” deyil. Sual budur: “Kim cavab verəcək?”
Bakıdan Moskvaya qarşı cinayət işi