Bakıda yaşayış binasında partlayış nəticəsində üç nəfər həlak olub
Paylaşmaq
Paylaşmaq
Foto: Trend
Bakının mərkəzində birmərtəbəli taxta evdə partlayış baş verib və yanğına səbəb olub. Nəticədə bu evin bütün sakinləri – üç nəfərdən ibarət ailə həyatını itirib.
Partlayış yanvarın 9-da səhərə yaxın baş verib. Daşıyıcı divar çöküb, evin qalan hissəsi tamamilə yanıb. Alovu söndürəndən sonra yanğınsöndürənlər küllərin arasından ata, ana və onların qızının meyitlərini tapıb.
Qonşuların sözlərinə görə, bu ev sökülməli idi, amma ev sahibləri kompensasiyanın həcmi ilə razılaşmadıqları üçün evi boşaltmaqdan imtina edirmişlər. Bakı üçün bu, çox yayılmış bir vəziyyətdir.
Qonşular onu da danışıblar ki, dünən bu rayonda növbəti evi söküblər və buna görə də qazı bir neçə dəfə söndürüb, yandırıblar. Onlar hesab edrilər ki, növbəti dəfə qaz sönən zaman ev sahibləri sobanın qazını bağlamağı unutmuş və qaz yenidən veriləndə sızıntı baş vermiş ola bilər.
Bununla bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur. İnformasiya saytları yalnız araşdırma aparıldığını bildirir.
Məişət qazının sızması və ya qaz balonunun partlaması Azərbaycanda yaşayış binalarında baş verən yanğınların əsas səbəbidir. Ötən ilin noyabrında Gəncədə çoxmərtəbəli binada qaz sızması nəticəsində partlayış baş vermişdi. O zaman da üç nəfər həlak olmuşdu. Daha əvvəl, may ayında isə iki nəfər Bakı kafelərindən birində qaz balonunun partlaması nəticəsində həlak olmuşdu.