Bakıda təbii fəlakətlər
Bakıda qar yağdı. Elə anındaca qaz və internet verilişində fasilələr yarandı. İnternetin bura nə dəxli – aydın deyil, amma fakt fakt olaraq qalır ki, qar yağan kimi, internetdə də problemlər yaranmağa başlayır.
İstənilən halda Bakıda qar nadir haldır, yağış isə tez-tez yağır və daha təhlükəlidir.
Bakıda yağış sürüşmə, elektrik enerjisi və rabitədə fasilələrin yaranması, tıxaclar və yollarda bədbəxt hadisələrlə müşayiət olunur. Hər il kommunal xidmətlər şəhərin payız-qış mövsümünə hazır olduğunu bildirir, vəziyyət isə dəyişmir.
Sosial şəbəkələrdə şikayətlər, mediada ironik və ifşaedici məqalələr də topuğuna qədər çıxan gölməçələr kimi adi hala çevrilib. Bu hallarda da əsas müqəssir şəhərin İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olur.
Biz də araşdırmağa çalışdıq ki, “yağış faciələrinə görə əslində cavabdeh olan kimdir və onların baş verməməsi üçün nə etmək lazımdır.
Yollar
“Bilirsən, işdən neçədə çıxmışam? Altıda! Evə isə ona işləmiş gəlib çatmışam.
Riyad mərkəzdə işləyir, şəhərin qırağında da yaşayır. Yağışlı axşamın böyük hissəsini Neftçilər prospektində keçirdi. “Bax, burada durmuşdum, – o sosial şəbəkələrdə qısa müddət ərzində yayılan fotonu göstərir: axşam prospektdə dalbadal düzülən maşınların əlindən yer görünmür. Düzü, yer onsuz da görünmür, suyun altında qalıb çünki.
Ən çox əziyyət çəkən yolu tunellərdən keçənlər oldu. Dərnəgüldə yeni tikilən yol tunelləri sözün əsl mənasında suyun altında qaldılar. Səbəb axar və yağış kanalizasiyasının olmamasıdır; yağış suyu da dərin gölməçələrə yığılır. Bu zaman ən qorxulusu yaş mühərriklə yolun ortasında qalmaq təhlükəsidir, buna görə də sürücülər maşını lap aşağı sürətlə sürür, bu səbəbdən də yolda tıxaclar əmələ gəlir.
Yağış vaxtı işıqforlar da işləmir: su kabellərə keçir.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı vəziyyəti aşağıdakı kimi şərh etdi: “Şəhərdəki işıqforların bir hissəsi bizə tabedir, qalanı Daxili İşlər Nazirliyinə. İşıqforlar kabelə su keçəndən sonra və şəhərin bir sıra rayonlarında elektrik enerjisinin verilişi dayandırıldıqdan sonra sönür. O həm də əlavə etdi ki, İdarə artıq öz işçilərini nasazlıqları aradan qaldırmağa göndərib.
DİN tərəfindən işıqforlara görə cavabdeh ““Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsidir. Müəssisənin şöbələrindən birinin rəhbərinin katibəsi bildirdi ki, onların ictimaiyyətlə əlaqələr şöbəsi yoxdur, özləri də şərh vermirlər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yağışlı günlərdə avtomobil sürməməyi və ictimai nəqliyyatdan istifadə etməməyi məsləhət görür. Amma bunu misal üçün, uşaqlarını şəhərin o başına məktəbə aparan valideynlərə başa salmağa çalışın.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov yoldakı sellərlə bağlı vəziyyəti belə şərh edir:
“İş orasındadır ki, Abşeron ərazisində olan kommunikasiyaların 90%-i köhnə, sovet dönəmindən qalmadır. Onlar da sıradan çıxır. Bundan başqa da bizim 200 planlaşdırılmamış gölümüz var. Onlardan 7-si təbii, qalanı isə neftin hasilatı zamanı yaradılmış süni göllərdir. Onlar qrunt sularının səviyyəsini qaldırır. Torpağı cəmi 20 santimetr dərinliyində qazan kimi su çıxır.
Bundan başqa da rayondan gələnlər burada kanalizasiya sistemi olmayan qanunsuz evlər tikdilər. Bu torpaqlar isə gələcəkdə yaşıllaşdırma üçün qurudulub. Buna görə də zirzəmilərdəki su, qrunt suları ora axır.
Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova danışır: “Mən balaca olanda, küçədə yağışın altında qaçırdıq. Xəstələnməkdən, ayağımızı islatmaqdan da qorxmurduq. Yolun hər iki tərəfində yağış suyunun axması üçün həmişə yağış barmaqlıqlar vardı. Bu su kanalizasiyadan ayrı olan xüsusi sistem vasitəsiylə düz dənizə axıdılırdı. Tək yağış deyil, həm də qar suyu. Ya da misal üçün, yanğın olanda onun söndürülməsi üçün istifadə olunan su da ora axırdı.
Sonradan, 90-cı illərdə bu sistemi ləğv etdilər, onu məişət tullantılarının da axıdıldığı ümumi kanalizasiya ilə birləşdirdilər. Kanalizasiya və yağış suyu sisteminin birləşdirilməsi səbəbindən də kanalizasiya suyu düz küçələrə tökülürdü. İyin qarşısını almaq üçün bu barmaqlıqların üstünü bağladılar.
Buna görə də indi yağış yağanda su axıb getməyə yer tapmır. İndi ya həmin köhnə sistemi bərpa etmək, ya da təzəsini tikmək lazımdır. Hər şeydən əlavə də hər bir kanalizasiya sisteminin öz keçiriciliyi var.
Zemfira xanım da qrunt sularının qalxdığını qeyd etdi. Onun sözlərinə görə, Xəzər sahilində ümumiyyətlə hündür binalar olmamalıdır. “Qrunt suları əsasən köhnə evlərin zirzəmilərinə yığılır. Təzə binalarda isə özülə beton vurulur. Su onu əhatə edir, vaxt keçdikcə də o çatlayır və çökür.
“Azərsu” ASC-yə kanalizasiya ilə bağlı sorğu göndərsək də cavab almadıq. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı müsahibəsində deyib ki, hazırda yolların cəmi 16-17%-də yağış-kanalizasiya sistemi var. Ancaq mövcud problemin yaranmasında yağış-kanalizasiya sisteminin olub-olmaması rol oynamır: “Kanalizasiya şəbəkəsi ötən əsrin 70-ci illərində qurulub və həmin dövrün tələbatı üçün hesablanmışdı. Şəhər əhalisinin sayı isə o vaxtdan xeyli artıq və sistem tələbatı ödəmir.
A. Cəbrayıllının sözlərinə görə, indi yağış suları bütün çirkab suları kimi bir kanalizasiya və təmizləyici qurğulara axır. O bildirdi ki, “Azərsu gələcək üçün sistemin yenidən qurulması planını hazırlayıb, bu sistemə görə yağış suları ümumiyyətlə təmizlənməyəcək, birbaşa olaraq göllərə və yaxud Xəzər dənizinə ötürüləcək”.
Sürüşmələr
Bakıdakı 48 saylı məktəb təpənin yamacında yerləşir, buna görə də burada torpaq sanki çoxyarusludur – məktəbin üzərindən yuxarıdakı terassaya qalxan divar ucalır. Həmin bu divar da məktəbin idman meydançasına uçdu.
Bakıda yağışdan sonra sürüşmələr tez-tez olur, misal üçün Bayıl qəsəbəsində. Burada yamac o dərəcədə sıldırımdır ki, şəhərlilər geologiyanın terminologiyasına rəğmən bu təpəni dağ adlandırır.
“Müvafiq qurumlara məlumat verilib, lazımi tədbirlər görüləcək, narahat olmayın, uşaqlar mövcud və potensial uçqundan zərər çəkməyəcəklər, – Nazirliyin Qaynar xəttinin call center işçisi gümrah səslə xəbər verdi.
FHN-də bildirdilər ki, həmin hadisəyə görə Təhsil Nazirliyi və İcra Hakimiyyəti cavabdehdir. Hadisə yerinə gələndə burada İcra Hakimiyyətinin iki yük maşınını və buranı tərk edən məktəb direktorunu gördük (dedilər ki, Təhsil Nazirliyinə gedir). Burada olan İH nümayəndələri isə rəsmi məlumat verməkdən boyun qaçırdılar.
Artıq bir həftə ötməsinə baxmayaraq, məktəbin idman meydançasında vəziyyət dəyişməz olaraq qalır. Meydançanın asfaltında çatlar hələ də qalıb, yamacdakı divar da təmir olunmayıb.
Elektrik enerjisi verilişində yaranan fasilələr
Bütün yağışlı gün ərzində Natella məktəbdə soyuqdan donurdu – işıq kəsilmişdi. Onun elitar təhsil kompleksində oxumasına baxmayaraq, yeni plastik pəncərələrdən süzülüb axan yağış kabeli islatdı. “Bütün günü məktəbi gəzmişik, bir sinifdən o biri sinfə keçmişik, – qəfil əyləncəyə sevinən şagirdlər deyir.
Yağış, qar və külək tez-tez həm də yeraltı kabellərin, elektrik və rabitə xətlərinin sıradan çıxması ilə müşayiət olunur. Şəbəkə mühəndisi Vasif Quliyev deyir: “Çöldə istifadə olunan kabel qapalı yerlərdə çəkiləndən fərqlənir, ilk növbədə də izolyasiyanın qalınlığına görə. Deməli, qiyməti də daha bahadır. Qənaət məqsədiylə adətən adi kabeldən istifadə edirlər, o da iki-üç qışdan sonra çat verməyə başlayır. Buna görə də şəbəkə kabeli çəkəndə onu həmişə mütləq ya büzməli şlanq və ya qapalı trankda çəkmək lazımdır.
Mühəndis izah edir ki, kabelin kompüterəmodemə birləşdiyi yer kabelin otağa girdiyi nöqtədən aşağı səviyyədə yerləşirsə, suyun axması və kabelə qoşulan qurğunun sıradan çıxması baş verə bilər. Buna görə də router və ya kompüterin tezliklə xarab olmasının qarşısını almaq üçün kabel həmişə aşağıdan yuxarı gəlməlidir. Yeri gəlmişkən, mühəndisin sözlərinə görə, islanmadan ən çox telefon kabelləri zərər çəkir; buna sübut xətdəki küy, rabitənin aşağı səviyyədə olması.
Yekun
Yekunda da aşağıdakı nəticələrə gəlmək olar:
Yağış fəlakətlərinin iki səbəbi var.
Birincisi, şəhər əhalisinin sayı artdı, bu da axar sular üçün sistemin əsaslı şəkildə dəyişdirilməsinə ehtiyac yaratdı.
İkincisi, dövlət nəinki dəyişikliklər etmədi, hətta sovet illərindən qalan mövcud sistemi də yeniləmədi.
Bölünmüş səlahiyyət və kollektiv məsuliyyətin əcaib sistemi vəziyyəti bir az da ağırlaşdırır. Yəni, heç də həmişə aydın deyil, cavabdeh olan kimdir və bakılıları təbii fəlakətlərdən kim qorumalıdır.