Bakıda güclü yağışın fəsadları, insanların ümidsizliyi
Bakıda güclü yağışın fəsadları
Bir həftə əvvəl intensiv yağışların yaratdığı fəsadlar aradan qaldırılmamış bu gün yenidən yağış nəticəsində Bakı sakinləri çətin anlar yaşayıblar. Yenə sosial şəbəkələrdə küçələrdə sel axması, böyük gölməçələrin yaranması, yolların keçilməz hala düşməsini əks etdirən video və fotolar yayılıb. Oktyabrın 21-də su basması nəticəsində iki nəfərin öldüyü Sabunçu tunelinə yenə də su yığılıb. Sabunçu Dəmiryolu Vağzalı da su altında qalıb.
İlk yağışdan bir neçə gün sonra oktyabrın 26-da evləri, həyətyanı sahələri suyun altında qalan sakinlərin vəziyyətini öyrənmək üçün yağışdan ən çox ziyan çəkmiş Sabunçu rayonuna baş çəkdik.
“Qəza xidməti hələ dünən gəlib çıxıb”
Bura Sabunçu rayonu, Pirşağı qəsəbəsidir. Sakinlər deyir ki, yağış yağan gün qəsəbənin kanalizasiya sistemi yağış sularına tab gətirə bilməyib, demək olar ki bütün evləri su basıb.
“Həmin gecədən kanalizasiya xətti tamamilə çökdü. Həyətlərimizi su basdı. Mən özüm həyətimdən suyu motorla çəkdim. Qəza xidməti hələ dünən gəlib çıxıb bizim məhəlləyə. O da kanalizasiyanı aça bilmədilər, çıxıb getdilər. Biz öz cibimizin pulu ilə asfaltı qazdırıb, kanalizasiyanı təmir etdirməyə çalışırıq. Bu da haradan baxsan 350-500 manat arası xərc deməkdir”, – sakinlərdən Sədi Əsgərov deyir.
Sədi Əsgərov 50 ildən çoxdur Sabunçu rayonunda yaşayır. Əvvəllər də yağış yağanda oxşar halla üzləşsə də, indiki qədər müşkül vəziyyətə düşmədiklərini deyir.
Onun sözlərinə görə, qəsəbə sakinləri hava haqqında məlumatı narahatlıqla izləyir və yağışların kanalizasiya sistemi bərpa olunmadan başlayacağından qorxurlar.
“İndi bax iki günə yenə yağış deyiblər. Onda bizim vəziyyətimiz necə olacaq? Kanalizasiya işləmir. Əvvəllər də yağış yağanda kanalizasiya tutulurdu, gəlib açırdılar. İndi günlərdir ki, aça bilmirlər. Zəng edib şikayət etməkdən bezmişəm. Vallah yorulmuşuq”, – deyə, Əsgərov şikayətlənir.
Bu gün yağış yağdığı üçün qəsəbə sakinləri ilə yenidən əlaqə saxladıq. Bildirdilər ki, xoşbəxtlikdən onların yaşadığı əraziyə yağıntı çox düşməyib. Əvvəlki yağışın fəsadları olduğu kimi qalsa da, yeni problemlər yaranmayıb.
“Dedim heç olmasa uşağı evdən çıxarım”
Pirşağı qəsəbəsinin “2-ci sovxoz” deyilən ərazisində isə kanalizasiya xətti ümumiyyətlə yoxdur. Sakinlərin istifadə etdiyi sanitar qovşaqlar quyu sistemilidir.
Hüseynovlar ailəsi də bu ərazidə yaşayır. 21 oktyabr gecəsi onlar evlərinə dolan yağış suyunun səsinə oyanıblar.
Evin ikinci mərtəbəsindən hövlnak aşağı düşən Türkan Hüseynova içərinin su ilə dolmağa başladığını görüb. Həmin vaxt evdəki bütün texniki avadanlıqlar – soyuducu, paltaryuyan maşın, adapterlər və sairə elektrikə qoşulu halda imiş.
Suya elektrik düşə biləcəyindən qorxan qadın 5 yaşlı qızı İlknuru həyətə çıxarıb.
“Su əvvəlcə zirzəmiyə, oradan da qonaq otağına dolmağa başladı. Sonra mətbəx, dəhliz, bütün ev suyun içində qaldı. Hələ ki su dizdən aşağı olanda əşyalardan cəmi bir-iki döşəyi ikinci mərtəbəyə qaldırmaq imkanım oldu, qalan bütün yorğan-döşək, xalçalarımız suya batdı, ələ gələsi bir şey qalmadı. Ondan sonra gördüm ki, su dizdən yuxarı qalxıb. Dedim heç olmasa uşağı evdən çıxarım. İnanın allaha, elə qorxdum ki, birdən uşağı tok vurar”, – deyə qadın danışır.
Gecə təxminən 02:00 radələrində ailənin çağırışına Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib. Türkan Hüseynova deyir ki, gecə səhərə qədər evə dolan yağış sularını çıxarmağa çalışıblar.
“FHN işçiləri suçəkən motoru evin içinə sala bilmədilər. Ona görə onlar həyətdəki suyu çəkəndə, mən, qaynanam, bir də qonşumuz evin içindəki suyu vedrə ilə yığıb həyətə tökməyə başladıq. Zirzəmi tamam su altında qaldı. Orada qab-qacaq, bir də qışlıq azuqə üçün qablaşdırdığım mürəbbə, kompot, turşuları saxlayırdım, hamısı xarab oldu. Paltaryuyan, soyuducu, televizor, tozsoran, ütü, qısası bütün texniki avadanlıqlar zay oldu. Heç qaz sobamız da işləmədi o gündən”, – deyə Hüseynova bildirir.
“Vergi ödəyəndə yaxşıdır, kömək tələb edəndə pis?”
Su basması nəticəsində Alqayıt Hüseynovun altmışdan çox ev quşu tələf olub.
“Toyuq-cücənin hini zirzəmidə yerləşir. Orada gecə torpaq sürüşdü, evin fundamentinin bir tərəfi uçdu. 30 toyuq, 10 ördək, 26 hindi yağış suyunda boğulub öldü. Mən səhəri gün yaxınlaşdım Sabunçu rayon İcra Hakimiyyətinə, oradan məni göndərdilər Abşeron rayon İcra Hakimiyyətinə, Abşerondan da Sabunçuya. Bir-birlərinin üstünə atırlar. Deyirəm, qardaş, mən hər il Sabunçu icra nümayəndəliyinə vergi ödəyirəm. Deməli, vergi ödəyəndə yaxşıdır, kömək tələb edəndə pis? Bəs, mənə kömək eləmək sənin öhdəliyində deyilsə, pul almaq niyə sənin öhdəliyindədir?”, – deyə o sual edir.
Evini su basandan sonra Alqayıt Hüseynov burada tək qalır, ailəsi müvəqqəti olaraq qohumlarının evinə yerləşib. Dediyinə görə, ev yaşanacaq vəziyyətdə deyil.
“Bizə heç kim kömək eləməyəcək”
Hüseynovların qonşuluğunda yaşayan Mənzər Nəsirovanın da evi yağışdan zərər görüb. İki il öncə bankdan aldığı 11 min manat kreditlə təmir etdirdiyi evinin divarlarına hopan su nəmişlik yaradıb, oboylar qopmağa başlayıb, tavana bir neçə yerdən çat düşüb.
Amma yaşı 65-i haqlayan qadın buna görə heç bir dövlət qurumundan kömək istəməyib. Çünki bunun bir faydası olacağına inanmır.
“Kömək istəyənləri də görürəm, heç nə eləmirlər. Bax mənim qonşum cavan gəlindir, əri təzəlikcə vəfat edib, indi evi özü dolandırır. Güclə evinin kanalizasiya quyusunu düzəltdirmişdi, yağış yağanda quyu çökdü, yazıq qız qaldı pis gündə. Nə paltarını yuya bilir, nə qab-qacağını. Yəni mən ümidimi çoxdan üzmüşəm, heç kimdən də heç nə istəmirəm”.