Dönər yeyən yeddi tələbə zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onlardan üçü artıq evə buraxılıb. Dördünün vəziyyəti isə orta ağır kimi dəyərləndirilir, amma həyati təhlükələri yoxdur.
Yeddi universitet tələbəsi dərsdən sonra şəhərin mərkəzinə yaxın yerdə yerləşən kiçik bir kafedə birlikdə toyuq dönəri yeyib, Qafqazinfo xəbər verir. Bir müddət sonra onların hamısı qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıblar. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kafeyə gəlib və orada hökm sürən antisanitariyadan dəhşətə gəliblər. Onlar ərzaq nümunələri götürərək ekspertizaya aparıblar.
Hələlik ekspertiza nəticələri bəlli deyil, amma ekspertlər dönərin içinə əlavə olunan mayonezin keyfiyyətindən şübhələnir.
Əvvəllər kafe və restoranlarda sanitar normalara riayət olunmasına Sanitar-Epidemiologiya Xidməti nəzarət edirdi. 2018-ci ilin dekabrından isə bu işi 2017-ci ildə yaradılan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Bu qurum məhz iaşə sahəsində bütün normativlərin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılıb.