Bakıda azərbaycanlı jurnalistin Moskvada saxlanılmasına və deportasiya edilməsinə qarşı etiraz aksiyası keçirilib
Bakıda Rusiya səfirliyinin qarşısında bir qrup jurnalist etiraz aksiyası keçirib. Onlar azərbaycanlı bloger və jurnalist Fuad Abbasovun Moskvada miqrasiya qanunvericiliyini pozmaqda ittiham edilərək saxlanılmasına qəzəbləniblər. Abbasov mayın 28-də vətənə deportasiya edilməlidir. Bundan başqa, vəkili bildirir ki, saxlanılarkən jurnalist döyülüb.
Fuad Abbasov kimdir və niyə onu deportasiya edirlər?
Fuad Abbasov Rusiyada yaşayan azərbaycanlı bloger və jurnalistdir. Onun adı Moskvanın “Neolit” restoranındakı dava ilə əlaqədar səs-küylü hadisədə halanıb.
• Rusiya milli azlıqların hüquqlarını müdafiə edən şəxs Azərbaycana ekstradisiya edilib
• Azərbaycan-Rusiya münasibətlərində “bal ayı”
Bu il fevralın 15-də həmin restoranda çeçenlərlə azərbaycanlılar arasında kütləvi dava düşmüşdü. Fuad Abbasov bu davanı erməni əsilli Rusiya vətəndaşının saldığını bildirib və həmin şəxsin pasport məlumatlarını yayıb, “Kavkazskiy uzel” portalı bildirir. Bu adamın özü hadisəyə aidiyyatı olduğunu inkar edir.
Bundan sonra mayın 16-da Abbasov saxlanılıb və onu deportasiya etməyə hazırlaşırlar. Jurnalist isə bunun kiminsə “sifarişi” olduğundan şübhələnir. Abbasovun fikrincə, bu, ya “erməni lobbisinin”, ya da Rusiyadakı Azərbaycan diasporasının onu sevməyən liderlərindən birinin işidir.
Rəsmi versiyaya görə, Abbasovu yaşamaq icazəsi ilə bağlı problemlər üzündən deportasiya etmək istəyirlər. Bununla belə, 1news saytı bildirir ki, Abbasovun deportasiya olunmasını Rusiyadakı bir neçə azərbaycanlı icması tələb edib. Əgər vəkil və digər müdafiəçilər onun azad edilməsinə nail olmasalar, mayın 28-də Fuad Abbasov Azərbaycana deportasiya olunacaq.
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları saxlanılan jurnalistə baş çəkib, amma bu haqda heç bir açıqlama verməyiblər.