13 iyul 2021-ci il tarixində axşam saatlarında Azərbaycanda ilk müstəqil ADO teatrının yaradıcısı, aktyor Elmin Bədəlov Heydər Əliyev sarayının qarşısında “Yeddinci Məkan” adlı küçə rəqsini nümayiş etdirib. Onun sözlərinə görə, bu performans Azərbaycan Dağınıq Oda (ADO) teatrının yaranmasının doqquzuncu ildönümünə həsr olunub. Lakin performans zorakılıqla dayandırılıb.
Təxminən iki dəqiqəlik performansdan sonra özünü Heydər Əliyev sarayının mühafizə rəisi kimi təqdim edən şəxs aktyorun nümayişinə mane olub, məcburi şəkildə onu bir neçə dəqiqə saxlayıb və Elmin Bədəlova qarşı fiziki zorakılıq göstərib.
Elmin Bədəlovun küçə performansı zorakılıqla dayandırılıb. Foto: JAMnews
Elmin Bədəlov deyir ki, insanlara incəsənət lazımdır, teatrların açılmağını tələb edirəm.
“Ən qədim dövrlərdən bütün dünyada incəsənətin inkişafı küçədən başlayıb. Hər şey küçədən başlayır. Təəssüf ki, Azərbaycanda küçə incəsənəti inkişaf etməyib. Mən də aktyor kimi buna kömək olmaq istəyirəm.
Düşündüm ki, rənglərimlə başlaya bilərəm. İnsanlara sevgi və rəqs ötürmək istəyirəm.
Elmin Bədəlov və polis əməkdaşları. Foto: JAMnews
Mən haranısa yandırmıram, partlatmıram, pis işlə məşğul deyiləm. İncəsənət çox gözəldir. İndiki məqamda – pandemiya və müharibədən sonra insanlara incəsənət lazımdır. Məhz mən bunu edəcəyəm. Mən rəqsimi mane olsalar da, baş tutmuş hesab edirəm”, – aktyor jurnalistlərə açıqlamasında bildirib.
Bir neçə dəqiqə sonra polis əməkdaşları əraziyə gələrək, məsələni həll etməyə çalışıb və Elmin Bədəlov sərbəst buraxılıb.