Bakı və Yerevan kompromisə hazır deyil? Münhendə Əliyev-Paşinyan-Blinken görüşü
Münhendə Əliyev-Paşinyan-Blinken
Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti görüş baş tutub. Bu dəfə İlham Əliyevlə Nikol Paşinyan arasında danışıqlar 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılıb. Münasibətlərin bu hədsiz gərgin dövründə ABŞ dövlət katibi Entoni Blinken və komandası görüşdə vasitəçi və iştirakçı kimi çıxış edib.
Görüş başa çatdıqdan sonra verilən mesajdan məlum olub ki, tərəflər heç bir məsələ ilə bağlı ciddi razılaşma əldə etməyiblər. Mətndə yalnız deyilir ki, tərəflər mövcud problemlərin bütün spektrini müzakirə ediblər.
Görüş ərəfəsində tərəflərin mövqeləri birmənalı və qəti idi, bir tərəfin güzəştləri öncədən digər tərəfin bərabər səviyyəli güzəştlərini nəzərdə tuturdu. O cümlədən, söhbət Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən və azərbaycanlıların Laçın dəhlizini bağlamasından gedir.
Ən başından aydın idi ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan sülh sazişinin məzmunu da müzakirə olunacaq. Bir gün əvvəl Ermənistanın baş naziri bildirmişdi ki, Ermənistan tərəfinin təklifləri Azərbaycana təqdim olunub.
Təfərrüatlar – danışıqlardan sonra tərəflərin verdiyi məlumatlar, eləcə də hazırda regiondakı vəziyyət haqda.
- Zelenski Əliyevə zəng edib. Bu nə deməkdir? Bakıdan şərh
- Ankara və Yerevanın yaxınlaşması fonunda Bakının mövqeyi. Bakıdan şərh
- Azərbaycanda baş konsulluq Rusiyanın nəyinə lazımdır? Bakıdan şərh
Danışıqlar ərəfəsindəki vəziyyət
Özlərini ekoloji fəal kimi təqdim edən azərbaycanlılardan ibarə qrup Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolda – Laçın dəhlizində aksiyalarını davam etdirir. Tanınmamış respublikanın blokadası 69 gündür davam edir.
Müxtəlif ölkələrin siyasətçiləri, beynəlxalq təşkilatlar, eləcə də Avropa Parlamenti Azərbaycanı dəhlizi açmağa çağırıb. Bununla belə, Bakı yolun açıq olduğunu elan edir: etirazçılar regionda yerləşən Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə aid nəqliyyatın hərəkətinə imkan verirlər.
Azərbaycan hakimiyyəti dəfələrlə Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşəcək “Zəngəzur” adlandırdıqları oxşar dəhlizin açılmasını gözlədiklərini bəyan edib. Ermənistan dərhal istənilən marşrutu təqdim etməyə hazır olduğunu bəyan edir, lakin “dəhliz” verməkdən qəti şəkildə imtina edir, çünki bu, əraziyə suveren nəzarətin itirilməsi deməkdir.
Fevralın 16-da Ermənistanın baş naziri bildirib ki, onun komandası sülh sazişinin mətni üzərində işi başa çatdırıb və öz təkliflərini Azərbaycana və ATƏT-in Minsk Qrupunun vasitəçi ölkələrinə (ABŞ, Fransa, Rusiya) təqdim edib.
Bakıdan informasiya
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra Azərbaycan telekanalları üçün danışıqların gedişini şərh edib.
Əliyev qeyd edib ki, üç gün əvvəl Azərbaycan tərəfi Ermənistandan sülh müqaviləsinin mətni ilə bağlı təkliflərinə cavab alıb.
“İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil”, – deyə o bildirib.
Azərbaycan prezidenti Laçın dəhlizindəki vəziyyətə də toxunub:
“Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz.
Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik.
Deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır.O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər”.
Əliyev Azərbaycan tərəfinin regional kommunikasiyaların açılması ilə bağlı təkliflərinin bəzi təfərrüatlarını da bölüşüb:
“Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.
Yerevandan informasiya
İclas başa çatdıqdan dərhal sonra Ermənistan hökumətinin mətbuat xidməti onun nəticələri barədə məlumat yayıb.
Müzakirə edilən mövzular
• Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişi;
• regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması,
• əvvəllər Praqada əldə edilmiş razılaşmalara uyğun olaraq iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi.
“Baş nazir Paşinyan Ermənistan tərəfinin həqiqətən də regionda uzunmüddətli sülh və sabitliyin təminatına çevriləcək belə bir sazişin imzalanmasına nail olmaq əzmini təsdiqləyib.
Eyni zamanda, Nikol Paşinyan Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz blokadaya alınmasını və bunun nəticəsində Dağlıq Qarabağda humanitar, ekoloji və enerji böhranının yarandığını vurğulayıb”, – deyə hökumətin məlumatında bildirilir.