Bakı və Xankəndi dialoqu: təzadlar və çıxış yolları - Bakıdan baxış
Bakı və Xankəndi dialoqu
Uzun sürən Azərbaycan–Ermənistan qarşıdurmasının həlli yolunda maneələrdən biri də Qarabağın erməni əhalisi məsələsidir. Ermənistan Bakı ilə Xankəndi arasında dialoqun beynəlxalq müşahidəçilərin iştirakı ilə aparılmasını istəyir. Rəsmi Bakı ultimatum dili ilə tanınmamış “DQR” hakimiyyətindən təslim olmağı və amnistiyaya ümid etməyi tələb edir. CSSC analitiklərinin fikrincə, Azərbaycan hakimiyyəti tərəfindən heç bir müddət dəqiqləşdirilməyib, bu isə o deməkdir ki, “yaxın vaxtlarda danışıqlar uğurla nəticələnməsə, Bakı birtərəfli qaydada Qarabağdakı erməni silahlı qüvvələrini nöqtə zərbələri ilə zərərsizləşdirəcək, Yerevanı və vasitəçiləri fakt qarşısında qoyacaq”.
Dolanışığı istixanalardan çıxan kəndlilərin ağır güzəranı
Bakıda fəaliyyət göstərən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində yaranmış vəziyyəti təhlil edib. Azərbaycanlı analitiklərin fikrincə, əsas problemlərdən biri Qarabağın erməni əhalisi məsələsidir.
“Son zamanlar danışıqlar prosesində müsbət ətalət müşahidə edilir. Tərəflərin kommunikasiyalar üzərində suveren hüquqlar, anklavların mübadiləsi, delimitasiya prosesinin qaçılmazlığı, Rusiya faktorunun regionda azaldılması, Vardanyan kimi layihələrin hər iki tərəfə zərəri, “beşinci kolona” qarşı mübarizə məsələləri üzrə ortaq mövqeləri var. Sülh sazişinin imzalanmasına yeganə ciddi maneə – Qarabağdakı qondarma “ordu” və “institutlar”dır”, – CSSC-nin təhlilində deyilir.
“Ermənistanın/Azərbaycanın mövqeyi”
“Rəsmi Yerevan Azərbaycan qoşunlarının “Ermənistan ərazisindən” geri çəkilməsi və beynəlxalq mexanizm çərçivəsində Bakı və Xankəndi arasında dialoqun başlanmasını prioritet sayır. Rəsmi Bakı separatçılardan təslim olmağı, qondarma “institutları” buraxmağı tələb edir, əvəzində isə onlara amnistiya (Azərbaycan ərazilərini təhlükəsiz tərk etmə) təklif edir”.
“Rusiya → separatçıların mövqeyi”
“Moskva sülh sazişinin imzalanmasına mane olmaq üçün separatçıları və Ermənistandakı proksi qüvvələri (müxalifət + Erməni Apostol Kilsəsi) hərəkətə gətirdi.
Rusiyanın təkidi ilə qondarma parlament 23:00-da toplanıb, Paşinyanın Qarabağla bağlı yanaşmasına (Azərbaycanın ərazi bütövlüyünün tanınmasına) etiraz etdi. Ardınca Araik Harutyunyan mitinqlərin keçirilməsini, separatçı hakimiyyət əleyhinə məlumatın axtarılmasını cinayət əsaslı işə çevirən sərəncam imzaladı, qondarma təhlükəsizlik qurumları isə Qarabağ ermənilərinə xaricdən gələn telefon zənglərinə cavab verməyi qadağan etdi.
Qondarma ordunu buraxmaqdan imtina edən rejim, silahlıların hətta Bakının qoşunları geri çəkəcəyi təqdirdə qalacağını bildirdi. Paralel olaraq Vardanyan Qarabağın rifah fonduna şəxsi vəsaitindən $50 mln. pul ayıracağını və bu vəsaitin artırılması məqsədilə erməni diasporu ilə danışıqlar apardığını bildirdi.
Belə güman eləmək olar ki, bununla Moskva rejimin Yerevandan maliyyə asılılığını azaldıb, separatçıları təmamilə öz nüfuzu altına salmaq istəyir”.
“Qərb amili”
“12 iyun tarixində ABŞ-da xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Buna qədər ABŞ-ın region üzrə xüsusi nümayəndəsi Lui Bono regiona səfər edib, ziddiyyətli bəndlər üzrə ABŞ-ın təkliflərini irəli sürdü.
Belə güman etmək olar ki, ən ziddiyyətli məqamlardan biri Qarabağdakı rejimin gələcək taleyi ilə bağlıdır. Dövlət Departamentinin Azərbaycan Prezidentinin amnistiya haqqında bəyanatını alqışlaması Vaşinqtonun Bakının məsələ ilə bağlı yanaşmasını müsbət qarşıladığından xəbər verir”.
“Dialoq = alternativ institutlar”
“Qondarma prezidentin qondarma müşaviri Babayana görə “Artsax Ermənistana onu Azərbaycanın tərkib hissəsi kimi tanımaq barədə mandat verməyib”.
Rejimin Ermənistana demarş elan etməsi, Qarabağ ermənilərini total nəzarətə alması və paralel olaraq Rusiyanın regional proksisinə çevrilməsi Bakı və Xankəndi arasında danışıqları qeyri-mümkün edir. Konstruktiv dialoq üçün qondarma institutlar buraxılmalı və onların yerinə Qarabağ erməniləri tərəfindən alternativ qurumlar yaradılmalıdır.
Belə mümkün alternativ qurumlardan biri Ağsaqqallar Şurası ola bilər. Bu institutun özəlliyi bundadır ki, o həm Ermənistan, həm Azərbaycanda (müəyyən struktur/funksiya fərqləri ilə) mövcuddur. Bu institut Qarabağ ermənilərini danışıqlarda təmsil etmək üçün kifayət qədər legitim olub, qondarma (“prezident, parlament, deputat, nazir”) institutlardan fərqli olaraq Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etmir”.
“Nəticə”
“Azərbaycanın Laçında NBM qurması Yerevanı Rusiyaya eksterritorial dəhliz vermək məcburiyyətindən xilas edib, onu Moskva ilə münasibətlərdə daha subyektli etdi.
Hazırda Bakının əsas hədəfi qondarma ordu və institutların aradan götürülməsidir.
Prezident Əliyev Laçında çıxışı zamanı “amnistiya əvəzinə istefa” tələbənin nə vaxta qədər keçərli olduğunu qeyd etmədi. Bu isə o deməkdir ki, Bakı yaxın həftə-aylarda nəzərdə tutulan görüşlərdə bu məsələ ilə bağlı irəliyiş əldə edilmədiyini gördükdə yenidən birtərəfli addım atıb, qondarma ordunu dəqiq zərbələrlə zərərsizləşdirib, Ermənistan və vasitəçiləri fakt qarşısında qoyacaq”.