Bakı-Tbilisi-Bakı qatarı mayın 1-dən işləməyə başlayacaq? Tbilisidən gələn xəbəri Bakı şərh etmir
Bakı-Tbilisi-Bakı qatarı
“Son beş ildə Gürcüstanda yaşayan qoca anamı görməyə cəmi iki dəfə gedə bilmişəm. Halbuki Bakı-Tbilisi qatarı işləyəndə ildə 3-4 dəfə gedib dəyirdim”.
54 yaşlı Cəmil Atayev əslən gürcüstanlıdır. Bakıda ali təhsil alandan sonra daha ata ocağına qayıtmayıb. Valideynləri, bütün qohum-əqrəbası orada qalsa da, özü Azərbaycanda qalıb, işləyib, ailə qurub. Azərbaycanın quru sərhədləri bağlanana qədər tez-tez Gürcüstana gedib-gəlsə də, son zamanlar doğma rayonuna da, anasına da həsrət qalıb.
“Təyarə çox bahadı, hər deyəndə getmək olmur. Şükür Bakı-Tbilisi qatarı yenə işləyəcək. Düzdü, hələ bilmirik biletlər neçəyə olacaq”.
Üç ay sonra – may ayının 1-dən etibarən beş illik fasilədən sonra Bakı-Tbilisi-Bakı qatar reysi yenidən işə düşməlidir.
Bunu fevralın 18-də Gürcüstanın baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdən sonra bildirib.

“Dəmir yolu ilə sərnişindaşımaları bizim turizm üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün təchizat proqnozunu da müzakirə etdik. Əlbəttə ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli ola bilməyimiz üçün planları və baxışları bölüşmək çox vacib idi”, – deyə o qeyd edib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, sözügedən görüş zamanı Davitaşvili Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birinin nəqliyyat sahəsində əməkdaşlıq olduğunu vurğulayıb.
“Buna görə də biz hər il bir araya gəlirik və il üçün planları müzakirə edirik. Bu gün həmkarımla görüşdə birgə layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsini də müzakirə etdik – işlərin yekun mərhələsi bu il istifadəyə veriləcək. Biz, həmçinin bu infrastrukturu idarə edəcək Gürcüstan və Azərbaycan arasında birgə müəssisənin yaradılması barədə danışdıq ki, bu da bizə bu sahəni daha səmərəli yükləməyə və daha çox yük cəlb etməyə imkan verəcək”, – deyə Levan Davitaşvili bildirib.
Görüşdə “Orta Dəhliz”in artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək.
Bundan əvvəl fevralın 12-də Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası haqda Gürcüstanın baş naziri İrakli Kobaxidze söz açıb.
O Dubayda səfərdə olduğu zaman jurnalistlərlə söhbətində bildirmişdi ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə olunub.
“Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır. Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.
Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.
“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək”, – deyə Baş nazir Kobaxidze bildirib.
Azərbaycan rəsmiləri nə İrakli Kobaxidzenin, nə də Levan Davitaşvilinin Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası haqda açıqlamasını şərh etməyiblər.
5 il əvvəl 2020-ci ilin martında Kovid-19 pandemiyası səbəbilə Azərbaycanın quru sərhədlərinin bağlanması ilə vaxtilə ən populyar dəmiryolu reyslərdən olan Bakı-Tbilisi-Bakı reysi də dayandırılıb.
Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-da COVID-19 virusunun artıq qlobal ictimai səhiyyədə təhlükə təşkil etmədiyini elan edib. Dünyanın bütün ölkələri quru sərhədlərini artıq çoxdan açıb. Azərbaycan hazırda quru sərhədləri bağlı qalan yeganə ölkədir.
Sonuncu dəfə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2025-ci il aprelin 1-dək uzadılıb.
Mayın 1-dən Bakı-Tbilisi-Bakı dəmiryolu reysinin bərpası ehtimalı ölkənin quru sərhədlərinin nəhayət açılacağı ümidini yaradıb.