“Bakı tarixi yenidən yazır və Ermənistana hədə-qorxu gəlir”: “Qərbi Azərbaycan” narrativi haqqında
“Qərbi Azərbaycan” narrativi
Son aylarda Ermənistan və Azərbaycan arasında baş verən hadisələr Ermənistan cəmiyyətində narahatlıq doğurur. Azərbaycan tərəfindən edilən təzyiqlər nəticəsində Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanması üçün əsas şərtləri qəbul edib. Bunlara beynəlxalq məhkəmələrdən geri çəkilmək və Azərbaycanın sərhədindəki üçüncü qüvvələrin çıxarılması da daxildir. Lakin “sülh” görüntüsünün arxasında Bakıdan yeni tələblər gəlməkdə davam edir və erməni analitiklərinin fikrincə, bu, “düşünülmüş təbliğat kampaniyasının” bir hissəsidir. Söhbət Azərbaycan hakimiyyətinin Ermənistan ərazisini “Qərbi Azərbaycan” adlandırmasından gedir.
Bu tezis artıq uzun müddətdir ki, Azərbaycan cəmiyyətinə, məktəblərdən tutmuş media səhifələrinə qədər aşılanır. Prezident İlham Əliyev və digər yüksək çinli məmurların bəyanatları, “Qərbi Azərbaycan icması”nın yaradılması və anti-erməni ritorikası bu planların uzunmüddətli xarakter daşıdığını göstərir.
Erməni ekspert dairələri bu təbliğatı təkcə Ermənistana deyil, ümumilikdə regionun sabitliyinə qarşı təhdid kimi qiymətləndirirlər.
Onların fikrincə, İrəvanın bu aqressiv siyasətə qarşı təmkinli yanaşması Bakıya sərbəstlik verir və bu, Ermənistanın təhlükəsizliyini və hətta mövcudluq hüququnu şübhə altına alır.
Azərbaycan Prezidentinin bu kimi bəyanatları narahatlıq doğurur: “Bu ərazidə heç vaxt Ermənistan olmayıb. Müasir Ermənistan bizim torpağımızdır. Mən bunu hər dəfə deyəndə, mənə irad tuturlar ki, guya ərazi iddialarım var. Amma bu, tarixi həqiqətdir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə zaman-zaman qeyd edir ki, Azərbaycan tərəfindən ərazi iddialarına dair əsaslı şübhələr var. Bu kontekstdə “Qərbi Azərbaycan” narrativini misal çəkir və bunu Ermənistanın ərazi bütövlüyünə birbaşa təcavüz kimi qiymətləndirir: “Qərbi Azərbaycan dedikdə, yalnız Azərbaycanın qərb bölgələri nəzərdə tutula bilər. Ermənistan ərazisində Qərbi Azərbaycan ola bilməz”. Lakin Ermənistan hakimiyyəti bu məsələdə səs-küy qaldırmır.
Azərbaycanşünas Tatevik Ayrapetyanın şərhi: Bakı sülhə hazırlaşırmı və niyə Ermənistanın bütün ərazisini “Qərbi Azərbaycan” adlandırır?
- Ermənistan yaşlı erməninin başını kəsmiş azərbaycanlının axtarışını dayandırdı. Niyə?
- Qarabağa qayıdış: Rəqəmlər artır, suallar qalır
- “Müharibə olmayacaq, sülh olacaq” – Paşinyanın Ermənistan parlamentində digər bəyanatları
Ermənistanın güzəştləri Bakının əl-qolunu açdı
“Ermənistanın ciddi güzəştləri müqabilində tərəflər “sülh sazişi”nin mətnini razılaşdırdılar. Ermənistan hakimiyyəti Azərbaycanın demək olar ki, bütün şərtlərini qəbul etdi. Bu barədə bəyanat 2025-ci il martın 13-də səsləndi. Ardınca Bakı dezinformasiya kampaniyasına başladı və Ermənistanı sərhəddə atəş açmaqda ittiham etdi.
Amma vəziyyət ilk baxışdan göründüyündən daha mürəkkəb və təhlükəlidir.
Azərbaycanda aparılan ictimai müzakirələr, dövlət televiziyasındakı çıxışlardan tutmuş məktəb və universitet dərsliklərinə qədər, ardıcıl və genişmiqyaslı anti-erməni təbliğatla doludur.
Bu ritorika yeni deyil, lakin onun bu qədər genişlənməsi 2022-ci ilin oktyabrında baş verən mühüm hadisə ilə əlaqədardır. Həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan Praqada rəsmi olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı.
Bu bəyanatdan sonra Azərbaycan prezidenti açıq şəkildə dedi: bu ərazilərdə heç vaxt Ermənistan olmayıb, müasir Ermənistan qədimdən Azərbaycan torpaqlarıdır.
Bu cür ritorika güclü təbliğat maşını ilə dəstəklənir və təkcə Qarabağ münaqişəsindən kənara çıxan artan təhdidlərdən xəbər verir.
Əliyevin mövqeyi
“Qərbi Azərbaycan icması” ilə görüş zamanı Əliyev belə demişdi:
“Biz bunu məqsədyönlü, təşkilatlanmış və düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq. Bununla yanaşı, birgə səylərlə Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırlamalıyıq. Bu məsələ indi gündəmimizdədir, çünki Qarabağ münaqişəsi həll olunub. Ola bilsin, bu barədə əvvəllər danışmaq tez idi. Amma indi vaxt itirməməliyik”.
Bakı “Qərbi Azərbaycan” ideyasını xüsusilə Qarabağın ələ keçirilməsindən sonra aktiv şəkildə təbliğ etməyə başlayıb. Əliyev də etiraf edir ki, o, bu məsələni əvvəlcə bilərəkdən gündəmə gətirmirdi. Doğrudan da, 23 illik hakimiyyəti dövründə o, “Qərbi Azərbaycan” ifadəsini işlətməyib. Əvvəllər yalnız İrəvan, Sevan, Zəngəzur kimi ərazilərlə bağlı iddialar səsləndirilirdi. Amma bu dərəcədə açıq şəkildə Ermənistanın mövcudluğunu şübhə altına alan bəyanatlar verilmirdi.
Aydındır ki, Əliyev bu tezisin onun işğalçılıq siyasəti çərçivəsində nə qədər absurd və riskli olduğunu anlayırdı. Ona görə də Qarabağ problemi mövcud olduğu müddətdə bu fikri açıq şəkildə dilə gətirmirdi.
2023-cü ilin mayında hakim partiyanın deputatı Məlahət İbrahimqızı təsdiqlədi ki, “Qərbi Azərbaycan” məsələsi əvvəl gündəmə gətirilsəydi, bu, Qarabağ məsələsinin həllini çətinləşdirərdi. O qeyd etdi ki, “Qərbi Azərbaycan” məsələsi üçün əvvəlcə Xankəndini azad etmək lazım idi. İndi isə bu reallaşıb və növbəti hədəf haqda açıq danışmaq olar.
“Qərbi Azərbaycan” tezisinin məqsədi
Söhbət sadəcə olaraq azərbaycanlı qaçqınların geri qayıdışından və ya onların hüquqlarının bərpasından getmir.
Burada məqsəd Ermənistan Respublikasının ərazisinə “Qərbi Azərbaycan” kimi saxta bir adın zorla tətbiq edilməsidir – bu adın nə coğrafi, nə siyasi, nə də tarixi əsası var.
Bu termin Bakının uzunmüddətli işğalçı məqsədlərini açıq göstərən təbliğat kampaniyasının bir hissəsidir.
Regionun demoqrafik mənzərəsi SSRİ-nin 1979 və 1989-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən:
1979-cu ildə sovet Ermənistanında 160 841 azərbaycanlı yaşayırdı. 1989-cu ilə qədər bu rəqəm 84 860 nəfərə qədər azalmışdı. Eyni dövrdə sovet Azərbaycanında (Dağlıq Qarabağ istisna olmaqla) 1979-cu ildə 352 410 erməni yaşayırdı, Dağlıq Qarabağda isə 123 076 nəfər. Beləliklə, həmin vaxt Azərbaycanda yaşayan ermənilərin ümumi sayı 475 486 nəfər təşkil edirdi. 1989-cu ilə qədər Azərbaycanda (Dağlıq Qarabağ istisna olmaqla) ermənilərin sayı 245 000 nəfərə düşmüş, Dağlıq Qarabağda isə bu rəqəm 145 450 nəfərə çatmışdı.
Azərbaycanda erməni əhalisinin sayının kəskin azalması Sumqayıt, Bakı, Kirovabad və digər şəhərlərdə baş vermiş qırğınlarla bağlıdır. Bu hadisələr əlavə sübuta ehtiyac duymadan mətbuatda və televiziyada geniş şəkildə işıqlandırılmışdı. Sovet dövründə bu faktlarla bağlı cinayət işləri açılmışdı, baxmayaraq ki, sonradan bu hadisələr “xuliqanlıq” kimi təsnif edilmişdi.
Narrativin təhsil sisteminə daxil edilməsi
“2022-ci il dekabrın 24-də İlham Əliyevin çıxışı “Qərbi Azərbaycan” ideyası ətrafında genişmiqyaslı təbliğat kampaniyasının başlanğıc nöqtəsinə çevrildi.
Bakıdakı dövlət aparatının təşəbbüsü ilə bu ideyanın təbliği məqsədilə xüsusi televiziya kanalı, onlayn platformalar və film seriyaları işə salındı. Bu mənbələrdə israrla vurğulanırdı ki, Ermənistanın ərazisi “əslində qədim azərbaycan torpaqlarıdır”. Azərbaycan Milli Televiziya və Radio Şurası bu kampaniyanı rəsmi şəkildə təsdiqləyərək onun fasiləsiz yayımını təmin etdi.
Eyni zamanda, işğalçılıq narrativi təhsil sisteminə də sirayət etdi. 2023-2024-cü tədris illərində Azərbaycanın tarix dərsliklərinə köklü dəyişikliklər edildi.
Deputat Məlahət İbrahimqızının bəyanatından:
“Qərbi Azərbaycan guşəsi yaratmazdan əvvəl proqramlara onun tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı dərsliklər daxil edilməlidir. Çünki bu proses kompleks şəkildə təşkil olunmalıdır. Əvvəlcə maarifləndirici iş aparmaq, kitablar vasitəsilə Qərbi Azərbaycanın tarixini yenidən yazmaq və dərsliklərə əlavə etmək lazımdır”.
Elə də oldu. Bu gün Azərbaycanın dərsliklərində Ermənistanın bütün ərazisi “Qərbi Azərbaycan” kimi təqdim olunur.
Azərbaycanın 2024-cü ildə nəşr olunmuş 5-ci sinif tarix dərsliyindən bir parça:
“Moskva rəhbərliyi Ermənistan SSR-ə Azərbaycan SSR-ə məxsus olan bəzi torpaqları, o cümlədən Şərur-Dərələyəz və Qərbi Zəngəzuru verdi. Nəticədə Azərbaycan Naxçıvandan təcrid olundu. Əcdadlarının torpaqlarından zorla qovulmuş həmvətənlərimiz sonradan Qərbi Azərbaycan icmasını yaratdılar. Bu icma beynəlxalq təşkilatlar qarşısında tarixi irsimizin və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün çıxış edir. Onlar vətənə qayıdış uğrunda mübarizəni davam etdirirlər”.
Məhz 5-ci sinifdə uşaqlar tarix fənnini öyrənməyə başlayır və bu ideyaları kiçik yaşlardan mənimsəyirlər.
Bu materiallarda ermənilər düşmən və xəyanətkar kimi təsvir olunur.
2025-ci il aprelin 6-da dövlət kanalı AzTV-də yayımlanan verilişdə bildirilib ki, “ermənilərin genetik kodunda sülhə canatma yoxdur, yalnız terrorizm, vandalizm, işğalçılıq və soyqırım var”.
Bundan əvvəl, martın 31-də Ermənistanın ərazisi “Qərbi Azərbaycan” kimi təqdim olunub və Ermənistanın Araqaçotn vilayətinə aid Talin və Aqarakdan görüntülər nümayiş etdirilib.
Təhsil sisteminə də daxil edilmiş bu cür sistemli təbliğat gənclərdə tarixə dair təhrif olunmuş təsəvvür yaradır və Bakının aqressiv siyasəti üçün zəmin hazırlayır.
Narrativin institusionalizasiyası
«Yanvar 2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qərbi Azərbaycan” Tədqiqatlar Mərkəzi fəaliyyətə başlayıb. Onun açılış mərasimində iştirakçılar “Qərbi Azərbaycan”ı “öz vətənlərinin ayrılmaz hissəsi və Azərbaycan dövlətinin və millətinin yeni hədəflərindən biri” kimi elan ediblər. Əvvəlcə, 2023-cü ilin oktyabrında, eyni tipli mərkəz Bakı Dövlət Universitetində də yaradılmışdı.
Belə strukturların yaradılması Bakının niyyətlərinin ciddiliyini və təhlükəsini, siyasi rəhbərliyin təhdid dolu ritorikasını çox aşan hədəfləri göstərir.
“Qərbi Azərbaycan” ideyasının akademik mühitdə institusionalizasiyası təbliğatın sistemli xarakterini vurğulayır.
Bu, Ermənistanla bağlı ərazi iddialarının legitimləşdirilməsinə və Azərbaycanın aqressiv siyasəti üçün yeni ideoloji bazanın formalaşdırılmasına yönəlib».
Yerevan siyasi qiymət verməlidir
«Ermənistan qorxmalı deyil. Əksinə, Azərbaycanın aqressiv siyasəti Yerevana Bakının həqiqi işğalçı niyyətlərini ifşa etmək imkanı yaradır.
Ermənistanın Azərbaycanın yalançı tezislərini inandırıcı şəkildə təkzib etmək və bunları öz təhlükəsizliyinin qorunması üçün istifadə etmək üçün bütün tarixi və coğrafi əsasları var.
Bakı öz strategiyasını dövlət səviyyəsində həyata keçirir. Və Yerevan bu təhdidə, yalnız Ermənistanı deyil, bütün regionun sabitliyini də təhdid edən bu məsələyə aydın siyasi qiymət verməlidir.
Ermənistanın susqunluğu sülhə aparmır. Bu, yalnız Azərbaycana təşviq verir, ona absurdan narativləri cəzalandırılmadan irəlilətməyə imkan tanıyır.
Yerevanın passivliyi o qədər irəliləyib ki, İlham Əliyev öz iddialarını xarici diplomatik nümayəndələrinin qarşısında sərbəst şəkildə dilə gətirir.
Hər nə qədər mütəxəssislər və məsələyə bələd olanlar onun bəyanatlarının absurd olduğunu başa düşsələr də, dünyada həqiqətin məlum olmadığı bölgələr var və Bakının yalanları maliyyə investisiyası sayəsində asanlıqla yayılır.
Azərbaycanın siyasətini ona qarşı çevirmək lazımdır, onun mövqeyini susqunluqla gücləndirməyə imkan verməmək lazımdır. Ermənistan bu planların ifşa edilməsində mənfəət əldə edən tərəf kimi, özünü və regionu artan təhdiddən qorumaq üçün qətiyyətli addımlar atmalıdır».
“Qərbi Azərbaycan” narrativi