Bakı təqdim olunan sübutlara baxmayaraq, Ermənistanın cənubundakı kəndin atəşə tutulmasını təkzib edir
Azərbaycan Ermənistana atəş açıb
Ötən gecə Azərbaycanın silahlı qüvvələrinin bölmələri yenidən Ermənistanın Sünik vilayətinin Xoznavar kəndi istiqamətində atəş açdıqları deyilir. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, yaşayış evi zədələnib, xəsarət alan olmayıb.
Bakı bu məlumatı təkzib edir. Bildirilir ki, “Azərbaycan ordusunun bölmələri heç vaxt mülki şəxslərə və obyektlərə atəş açmır”.
Bundan əlavə, Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan tərəfi “yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa və gələcək təxribatlar üçün zəmin yaratmağa çalışır”. Bu isə erməni ekspertlərin fikrincə, yaxın zamanda Bakının Ermənistandan guya atəş açılması ilə bağlı əsassız məlumatlar yayacağına işarədir.
Hakim fraksiyanın deputatı Armen Xaçatryanın fikrincə, Bakının məqsədi sərhəd bölgələrində yaşayanlar arasında panika yaratmaqdır. Amma müxalifətçi deputat Tiqran Abramyan hesab edir ki, bu qəsdən və sistematik şəkildə edilən pozuntulara daha ciddi yanaşmaq lazımdır.
- “Əgər Tramp tələb etsə, Bakı İrəvanla sülh müqaviləsi imzalayacaq” – ABŞ analitikinin rəyi
- “Bakı tarixi yenidən yazır və Ermənistana hədə-qorxu gəlir”: “Qərbi Azərbaycan” narrativi haqqında
Ermənistan Müdafiə Nazirliyinin zədələrlə bağlı fotolarla paylaşdığı məlumat
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, mayın 29-a keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Xoznavar kəndi istiqamətində atəş açıblar. Budəfəki atəş nisbətən qısa müddətli olub, saat 01:00-dan 01:15-ə qədər davam edib.
“Azərbaycan tərəfini mülki yaşayış evinin atəşə tutulması faktını araşdırmağa və bununla bağlı ictimai açıqlama verməyə çağırırıq”, – məlumatda belə deyilir.



Xoznavar kəndində yaşayış evinin atəşə tutulduğunu təsdiqləyən Ermənistan Müdafiə Nazirliyinə məxsus fotolar. Evin pəncərələri zədələnib.
Hadisənin başvermə şəraitini müəyyən etmək üçün ekspertiza aparılır
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Armen Xaçatryan xatırladır ki, bu, ilk belə hadisə deyil. Mart ayının ortalarından etibarən yerli sakinlər və Müdafiə Nazirliyi vaxtaşırı Azərbaycan tərəfdən atəş açılması barədə məlumat verirlər. Xaçatryanın sözlərinə görə, hadisənin detalları ekspertizanın nəticələrindən sonra aydın olacaq:
“Bir sıra kriminalistik və ballistik ekspertizalar təyin edilib. Güllələrin hərəkət istiqamətini müəyyənləşdirmək üçün cinayət işləri açılıb. Atəş məqsədli şəkildəmi, təsadüfən, yoxsa başqa səbəblərləmi açılıb – bunu dəqiqləşdirmək lazımdır.”
Müxalifətçi deputat ayıq-sayıq olmağa çağırır
Müxalif “Şərəfim var” Partiyasının katibi Tiqran Abramyan isə xatırladır ki, son 2-3 ay ərzində Ermənistan cəmiyyəti müxtəlif ölkələrdən münaqişənin tezliklə həll olunacağı ilə bağlı nikbin bəyanatlar eşidir. O, xəbərdarlıq edir ki, bu bəyanatlar əsl vəziyyəti gizlədən “bəzəkli qabıqdan” başqa bir şey deyil:
“Bu fonda müəyyən bir “rahatlıq zonası” formalaşıb. Elə bir təəssürat yaranır ki, hər şey sülhə doğru gedir. Amma əslində artıq 1,5-2 aydır ki, cəbhənin müxtəlif sahələrində Azərbaycanın məqsədli və sistematik pozuntuları qeydə alınır”.
Deputat hesab edir ki, Sünik vilayətinin Xnatsax və Xoznavar kəndləri istiqamətində tez-tez atəş açılması onların sərhədə yaxınlığı ilə bağlıdır. Onun fikrincə, məhz bu səbəbdən bu kəndlər Azərbaycan Silahlı Qüvvələri üçün “asan hədəfə” çevrilib.
Eyni zamanda, Abramyan ABŞ və Rusiyadan gələn xəbərdarlıqlara diqqət yetirməyə çağırır. Görünür, o, ABŞ dövlət katibi Marko Rubionun Azərbaycanla Ermənistan arasında silahlı toqquşma riskinin real olması barədə bəyanatını nəzərdə tutur. Oxşar xəbərdarlıqla Rusiya müdafiə naziri Andrey Belousov da çıxış edib. O, hətta eskalasiyanın konkret istiqamətini də göstərib: “Ermənistanın Sünik vilayəti ətrafında gərginlik qalmaqdadır”.
Ermənistan tərəfi Azərbaycanın yaydığı məlumatı yoxlayıb və təkzib edib. Bakı reaksiya verməyib.
May ayının əvvəlində Ermənistanın Baş nazir aparatından verilən məlumata görə, atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan tərəfi ilə informasiya mübadiləsi aparılıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakıdan diplomatik kanallar vasitəsilə daxil olan məlumatlar Yerevan tərəfindən araşdırılıb. Onun sözlərinə görə, aparılan yoxlama nəticəsində məlum olub ki, Ermənistan tərəfi tərəfindən belə pozuntular qeydə alınmayıb. Qriqoryan həmçinin qeyd edib ki, yoxlamanın nəticələri barədə Azərbaycana ətraflı məlumat təqdim edilib.
“Bundan əlavə, biz Azərbaycana məhz onun tərəfindən törədilən pozuntularla bağlı da informasiya təqdim etmişik. Ümid edirik ki, bu məlumatlar ətraflı araşdırma üçün əsas olacaq”, – deyə Qriqoryan əlavə edib.
Lakin Bakı bu məsələ ilə bağlı səssizliyini qoruyur. Ermənistanın təqdim etdiyi məlumatların araşdırılması ilə bağlı hələlik heç bir informasiya yoxdur.
Azərbaycan Ermənistana atəş açıb
Azərbaycanda xəbərlər