Bakı-Sumqayıt-Bakı qatarında keçən həyatlar
Bakı-Sumqayıt-Bakı sürət qatarı
Səhər saat 07:10. Sumqayıt Dəmiryolu Vağzalı. Hava yağışlı və soyuqdur. Vağzalın ensiz platformasında onlarla insan dayanıb, Bakıya yola düşəcək qatarı gözləyir.
Əhalisinin sayı 400 minə (burada yaşayan qaçqın və məcburi köçkünlərlə birlikdə) yaxın olan şəhərin əksər sakinləri hər gün işləmək üçün Bakıya üz tutur. Onların öz deyimilə desək, “Sumqayıtdakıların yarısı Bakıya işləməyə gedir, digər yarısı da Bakıda iş axtarır”. Qısası, onların fikrincə, Bakıda iş imkanları daha çoxdur.
- Azərbaycanda uşaqpulu: Nədir və nə üçün verilmir? 9 suala cavabda
- “Gəlin cinayətin adını ənənə qoyaq”. Niyə Gürcüstanda erkən nikah problemini həllini tapmır?
- “Google maps”in belə tanımadığı “Məzunlar evi”nə yolüstü səfər
Səhərlər Sumqayıtdan Bakıya, axşamlar Bakıdan Sumqayıta sıxlıq olur
Hər gün Bakı və Sumqayıt arasında gün içində iki istiqamətdə – Bakı-Pirşağı-Sumqayıt və əksinə, Bakı-Xırdalan-Sumqayıt və əksinə – beş vaqonlu ikimərtəbəli müasir sürət qatarları sərnişin daşıyır. Birinci istiqamət üzrə Sumqayıtdan Bakıya 21, Bakıdan Sumqayıta 19 reys, ikinci istiqamət üzrə Sumqayıtdan Bakıya 9, Bakıdan Sumqayıta 11 reys həyata keçirilir. Birinci istiqamət üzrə qatar məzil başına təxminən 55 dəqiqəyə, ikinci istiqamət üzrə isə 40 dəqiqəyə çatır. Niyə təxminən? Çünki qatarlar nə qədər müasir olsa da, gecikmələr də yaşanır.
Sumqayıtdan Bakıya səhər reyslərində, Bakıdan Sumqayıta isə axşam reyslərində həddən artıq sıxlıq olur. Bakı-Sumqayıt şossesində daimi tıxaclar bu iki şəhər arasında yaşayan və işləyən insanları nəqliyyat vasitəsi kimi qatardan istifadəyə sövq edir.
Bakı-Sumqayıt arası işləyən müasir sürət qatarlarında gedişhaqqı 1 manatdır. Ödənişi ya ADY (Azərbaycan Dəmir Yolları) kartı, ya da istənilən bank kartı ilə etmək mümkündür. Sistem belədir ki, gedişhaqqı sərnişinin balansından qatara mindiyin stansiyada yox, düşdüyün stansiyanın turniketindən keçərkən çıxılır.
“Yenə gecikirik, bu dəfə qovulacağıq”
Platformada dayanan üst-başı yağışdan su içində adamların çoxunun üz ifadəsi yorğun, taqətsiz və qaşqabaqlıdır.
“Bu dəfə dəqiq qovulacağıq”, – bir gözü qol saatında olan cavan hündür oğlan yanındakı orta yaşlı kişiyə deyir.
İki iş yoldaşı bir öncəki reysə çatmayıblar. Belə məlum olur ki, bu hal birinci dəfə deyil yaşanır. Əvvəlki reysə minə bilsəydilər, qatar başqa heç bir dayanacaqda dayanmadan birbaşa Bakıya gedəcəkdi. İndi isə arada dörd stansiya və hərəsində itirəcəkləri azı 3 dəqiqə var. Oğlanın narahatlığı da bundandır.
Bakı-Sumqayıt qatarının platformaya yaxınlaşdığını anons edən səs vağzal boyu yayılır. Hamı qatar gələn tərəfə boylanır. Qatarın uzaqdan görünməsilə dayandıqları yerdən irəliləməyə, bir-birinin növbəsinə keçməyə çalışırlar.
“Gəlin biz qabaq tərəfdən minək, onda daha tez çatarıq”, – yeniyetmə bir oğlanın zarafatına yanındakı yaşıdları gülür. Digər sərnişinlərin yeniyetməyə tərs-tərs baxmasından görünür ki, oğlanın zarafatı ancaq dostlarına xoş gəlib.
Qatarın qapılarının açılması ilə sərnişinlərin içəri axın etməsi bir olur.
Bayaq işə gecikdiyi üçün narahat olan gənc pəncərə kənarındakı oturacaqlardan birində oturub, ondan arxada gələn yol yoldaşı üçün də yer tutur.
“Gəl, gəl, yerini saxlamışam”, – deyə dostunu haylayır.
“Ətəyi bir günə tikim deyə Bakıdan Sumqayıta tikiş maşnı daşımalıyam?!”
“Ona dedim axı sabaha çatmayacaq, əlimdə başqa işlərim var. O boyda yolu tikiş maşınını dartıb evə gətirim balaca bir yubkanı gecə ilə tikmək üçün? Bir gün gözləsin”,– mənimlə üzbəüz əyləşən ortayaşlı kök qadın telefonla kiməsə səsli mesaj yollayır.
“Dərzisiniz”? – ilk ağlıma gələn sualı verirəm.
“Həə, qızım. Dünən bir ətək tapşırmışdılar mənə, demişdim ki, çatdırmaram bu günə. İndi məndən şərikimə şikayət edir”,– hərarətlə danışmağa başlayır.
“Əvvəllər “Velotrek”in içində balaca köşküm vardı, sovetdən qalma da bir tikiş maşınım. Haradasa 15-16 il olar. Orada başlamışdım işləməyə, indi “Nizami” metrosundan yuxarıdayam. Amma elə o vaxt da qatarla gedib-gəlirdim. Mənə deyirdilər ki, ərinmirsən qatarla “28 may” metrosuna gedib, oradan “20 yanvar”a gəlməyə?! Vallah qatar rahatlıqdır. Evim də vağzala yaxındır axı. Bu tərəfdən hamı qatara minir deyə, taksilərin müştərisi az olur. Amma neyləyəsən, taksiyə minəndə gərək oturub gözləyəsən ki, bu, nə vaxt adam yığıb tərpənəcək”, – dedikdən sonra fikri yenidən mesaj gələn telefonuna yönəlir.
Vaqondakıların çoxu yolboyu mürgüləyir. Sanki dünənki iş gününün yorğunluğu hələ də canlarından çıxmayıb, yuxularını alıb, dincəlməyiblər.
Ayaqüstə dayanan yaşlı və xeyli arıq kişini əməlli yuxu aparır. Çiyninə söykəndiyi oturacaqda oturmuş qadın ayağa qalxıb ona əyləşməyi təklif edir. Kişi başı ilə “çox sağ ol” eləyib oturur. Əyləşəndən sonra canına gələn rahatlıq üzündən oxunur.
Bu nümunə yolboyu bir də təkrarlanmır. İnsanlar əsasən bir-birinə etinasız görünür.
“Dörd il qatarla Bakıya universitetə gedib-gəlmişəm”
“Qatar Xırdalan dayanacağına yaxınlaşır”, – dispetçerin səsi eşidilir.
Qatarın dayanması ilə sərnişinlərin az qala yarısı vaqonu tərk edir, amma bu dayanacaqda qatara minənlər onların yerini tez doldurur, həm də artıqlaması ilə. Tək fərq Sumqayıtdan bəri ayaqüstə olanların çoxunun özünə oturacaq tapması olur.
Yeni gələn bir qrup tələbə vaqonu yolboyu davam edən sükutdan qoparır. Gənclər öz aralarında zarafatlaşır, deyib-gülürlər. Bayaq etdiyi zarafata mənfi reaksiya verilən yeniyetmə onlara baxıb gülümsəyir. Deyəsən, indi daha özünü tək hiss eləmir.
“Mən də tələbə vaxtı bu yolu belə gedib-gəlirdim. Yəni, qayğısız vaxtlarımda”, – yanımda əyləşən gənc qadın deyir.
“Dörd il bu qatarla Xırdalandan Bakı Dövlət Universitetinə gedib-gəlmişəm. Mənim vaxtımda qatarlar müasir deyildi amma. Sonuncu il universiteti yarımçıq qoyası oldum, pulluda oxuyurdum, təhsilhaqqını ödəyə bilmədim deyə. Tanışım Bakıda bir şirkətə qoşdu məni, evlərə təmizliyə getməyə başladım. İndi o vaxtdan yeddi il keçir. Artıq belə şən, qayğısız ola bilmirəm. Evdə məsuliyyətin, baxmalı olduğun ailən varsa, sən də ola bilməzsən”, – deyib, daha ona heç bir sual verməyə yer qoymur.
Vaqonun pəncərəsindən qatarın Xırdalandan “20 yanvar” dairəsinə doğru yol aldığı görünür. Aşağıdakı tıxac mənzərəsi adamın ürəyini sıxır.
“Bu tıxac günortaya kimi çətin sovrula”,– vaqonun arxa tərəfindən gələn səs hamının ürəyindən keçəni deyir.
Bakıya çatdıq, indi də geriyə – Sumqayıta
Birdən adamların ayaqlanmağa başladığını görürəm. Yavaş-yavaş yır-yığış edən kim, gödəkçəsini geyinən kim. Deməli, qatar Bakıya çatmaqdadır. Bu reysin daimi sərnişinləri məhz indi bəlli olur. Onlar dayanacağı anons səsindən əvvəl bilirlər.
“Qatar Bakı Dəmiryolu Vağzalına yaxınlaşır”, – deyə dispetçerin səsi eşidiləndə artıq hamı vaqonun qapısı ağzında toplanmışdı.
Səhərin erkən saatlarında Bakı vağzalında hökm sürən sakitliyi Sumqayıt qatarında enən sərnişinlərin hay-küylü axını pozur. Sürətlə çıxışa tərəf yönələn insan izdihamı əriyib gözdən itir.
Bakı vağzalının gözləmə zalında bu qatarın yolunu gözləyənlər var. Tez-tələsik perrona tərəf gəlib, qatara minir, vaqonlarda yerlərini tuturlar. Səhər saatlarında Sumqayıtdan Bakıya gələnlər çox olsa, da əks istiqamətə az adam gedir. Onlardan biri də 20 ilə yaxındır Bakı Dəmiryolu Vağzalında mexanik işləyən Əli dayıdır. Danışır ki, çoxdandır burada işləsə də, özü nadir hallarda qatara minir. Bu gün səhər isə Sumqayıta – maşın bazarına gedəsidir.
“Bu vağzalda camaatın giley-güzarını dinləmək mənim üçün vərdiş halını almışdı. Adamlar qatarların köhnəliyindən, interval müddətinin uzunluğundan, vaqonlardakı insan sıxlığından narazıydı. Amma elə ki yeni ikimərtəbəli sürət qatarları gəldi, şikayətlər xeyli səngidi. Yəqin, qatarların sayı bir az da artırılsa, interval müddəti lap qısalar, həm də daha heç kim şikayətlənməz”,– deyir.
“Bu qatarlar insanları evdən işə, işdən evə daşıyır”
Qatara minib, bir-bir vaqonları gəzirəm, bayaqkı izdihamdan sonra qayıdarkən qatarda insanların az olması adama qəribə gəlir. Kənardan nəsə axtarırammış kimi göründüyümdəndir ki, sərnişin qadınlardan biri diqqətlə üzümə baxır. Onun sözə başlamağını gözləmədən:
“Həmişə adam belə az olur”? – deyə soruşuram.
“Bir azdan düzələcək”, – deyib, üzünü pəncərəyə tərəf çevirir.
Yenə nə isə soruşmaq istəyirəm, amma dispetçerin qatar boyu yayılan səsi araya girir: “Qatar Xırdalan stansiyasına yaxınlaşır”.
Sən demə, qadının bayaq “düzələcək” dediyi Xırdalan stansiyasında qatara daha çox sərnişinin minməsi imiş. Boş yerlərin çoxu dolur, ikinci mərtəbəyə çıxan pillələrdə oturanlar da var. Amma yenə də Sumqayıtdan Bakıya gələn qatardakı qədər sıxlıq yoxdur.
Xırdalandan Sumqayıta yola düşən sərnişinlərdən biri də Niyazi Əhmədovdur. Sumqayıtdakı bina inşaatlarında körpülü kran sürücüsü işləyir. Hər səhər saat 9-da işbaşında olmaq üçün bu reysə minir.
“Səhərlər Xırdalanda tıxaca görə oradan yola düşən manatlıq taksilərə minmirəm. Ona görə hər sabah evimdən vağzala 15-20 dəqiqə piyada yol gəlirəm”, – Niyazi deyir.
“Buradan ora, oradan da bura adamlar əsasən işləməyə gedib-gəlir. Odur ki, səhər və axşam reyslərində interval gün içi reyslərindən daha qısadır. Necə deyərlər, bu qatarlar insanları evdən işə, işdən evə daşıyır. Evdən işə, işdən evə…”, – sonuncu cümləsini öz-özünə təkrarlayır.
“Cins itdir, sahibsiz itə oxşamır, yəqin azıb”
“Qatar Sumqayıt Dəmiryolu Vağzalına yaxınlaşır”, – dispetçer bu reysin sərnişinlərinə son dəfə səsləndikdən sonra qatar dayanır.
Vaqonun qapısı açılan kimi çölə çıxmaq istəyən adamlarla içəri keçmək istəyənlər bir-birinə qarışır. Heç bir tərəf bir-birini gözləmədən keçib, gedir. Sumqayıt vağzalında hələ də çox sərnişin var. Bakıya işə gedənlərin ardı-arası kəsilmir. Hamı sürətlə hərəkət edir, hamı tələsir.
Platformadan vağzalın çıxışına tərəf yönəlirəm. Düz vağzalın ortasında, cins bir it dayanıb. Qəribliyə düşüb, ya nədirsə, donub qalmış kimi görünür.
Vağzalı süpürən xadimələrdən biri:
“Deyəsən, azıb. Səhərdən qatara minib-düşən camaatla bərabər o tərəf-bu tərəfə gedib-gəlir”, – deyir.
Yaxınlaşıb itin başını tumarlayıram. Yekəpər it qorxudanmı, soyuqdanmı balaca küçük kimi titrəyir. Mən qabaqda, it də arxamca vağzaldan çıxırıq. Ona uyğun yem dükanı tapmaq üçün tələsirəm…
Hava artıq işıqlanıb. Yağış hələ də yağır. Şaxta var. Mənim işim bitdi. Növbəti Bakı-Sumqayıt qatarı isə paytaxtda işləyənlərdən ibarət növbəti izdihamla birlikdə yola düşür.