Bakı Şanxayı – yox olan əfsanə
Dəmiryolu kənarındakı bu balaca qəsəbə ancaq bir küçədən ibarətdir. Bakılılar bu yeri “Şanxay” kimi tanıyır. Yerli sakinlər deyirlər ki, onlardan biri, Hacı Salman adında adam bir dəfə Çindəki Şanxay şəhərində olub. Geri qayıdanda qonşular ondan Şanxayın necə şəhər olduğunu soruşublar, Hacı da cavab verib ki, “elə bizim qəsəbəmizə oxşayır, evlər sıx yerləşib, qapıların ağzından qatarlar keçir”.
• Sovetski – əfsanəvi məhəllə haqda foto-hekayə
• Yoxa çıxan dəmiryolu – Gürcüstandan qiyamət fotoları və hekayələri
Şanxay və onun təhlükəli “ekzotikası” – qatarlardan qorxmayan uşaqlar, relslərə atılan zibil, birmərtəbəli “samostroy” evlər – az qala “Sovetski” məhəlləsi kimi əfsanə idi. Media həmişə bu sosial problemlər yuvasına böyük diqqət yetirib, bu məkan haqda eyni adlı film də çəkilib.
Şanxay 2016-cı ildə belə görünürdü
Nəhayət, qəsəbə sökülməyə başlayıb. Sakinlər o qədər də sevinmir. Birincisi, balaca evlərə görə verilən kompensasiyalara artıq mərkəzə bu qədər yaxın mənzil almaq mümkün deyil. İkincisi, qonşular dağılışacaqları üçün məyus olur. İş orasındadır ki, son 20-25 ildə bura yeni sakinlər gəlməyib.
“Burda kimdi ev alan?” – Səkinə nənə gülərək deyir. O özü buraya ailə qurandan sonra köçüb və “Şanxayda” 60 ildən çox yaşayıb:
“O vaxtlar burada lap az ev var idi. Sonra zavodlarda, fabriklərdə işləyən adamlar burada özünə ev tikməyə başladı. Bir müddət sonra buralar əməlli-başlı məhəllə oldu”.