Bakı sakini Formula-1 təşkilatçılarını məhkəməyə verib
Bakı sakini Tatyana Kryuçkina Formula-1 üzrə “Azərbaycan Qran-prisi” təşkilatçılarını hərəkət azadlığını məhdudlaşdırmaqda və istirahət hüquqlarını pozmaqda ittiham edərək onları məhkəməyə verib. O hesab edir ki, avto-yarışlar zamanı mərkəzi küçələrin və bakılıların ənənəvi istirahət yerlərinin hasarlanması özbaşınalıq və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Bakı Formula-1 mərhələlərinin xüsusi inşa edilmiş trasda deyil, şəhərin mərkəzi küçələrində keçirildiyi dünyanın üç şəhərindən biridir. Və əgər Monako və Sinqapurun misalında bu qərarı həmin şəhərlərin coğrafi yerləşməsi ilə izah etmək mümkündürsə (orada sadəcə boş ərazi mövcud deyil), Bakının mərkəzində yarışmanın keçirilməsi artıq ikinci ildir ki, Azərbaycanın paytaxt sakinlərinin narazılığına səbəb olur.
“Şəhərin mərkəzini beton bloklarla, barmaqlıqlarla hasarlayırlar. Sanki bütün şəhəri nəhəng bir heyvanxana qəfəsinə salıblar. Bu il daha bir yenilik əməklə gəlib, qəfəs boyu hərbi formanın üstündən yaşıl jilet geyinmiş adamlar düzüblər”, – Kryuçkina məhkəməyə müraciət etmək qərarını şərh edərkən “Turan” agentliyinə bildirib.
“İnsanlar azad hərəkət edə bilmir, işə gedib çıxa bilmir, çünki nəqliyyatla bağlı problemlər ortaya çıxır, byu da azmış kimi onlar normal dincələ də bilmirlər. İyunun 23-də biz bulvara getmək istəyirdik, amma gedib çıxa bilmədik. Polis əməkdaşları və könüllülər bizi saxlayıb, dedilər ki, bulvara giriş bağlıdır. Bulvar ictimai obyektdir və heç kim vətəndaşlara orada gəzməyi qadağan edə bilməz”, – Kryuçkina davam edir.
Kryuçkinanın iddiasını məhkəmədə hüquqşünas Samirə Ağayeva dəstəkləyəcək. Cavabdehlər bulvar rəhbərliyi, “Formula-1” yarışını Azərbaycanda təşkil edən şirkət (bu şirkətə İdman və Gənclər nazirinin oğlu rəhbərlik edir) və Bakı şəhər İcra Hakimiyyətidir.
“Hərəkət azadlığı hüququ Avropa İnsan Haqları Konvensiyasının 4 saylı protokolunun 2-ci maddisi ilə təsbit olunub. Maddədə bildirilirik, heç kim insanın hərəkət azadlığını məhdudlaşdıra bilməz. Düzdür, orada bəzi istisnalar qeyd olunub, amma bu istisnalar “Formula-1” yarışları zamanı baş verənlərə aid edilə bilməz. Üstəlik iddia ərizəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş istirahət hüququna da istinad olunub – bulvar yarışlar zamanı və yarışlar bitəndən sonra əlavə iki gün bağlı olub.
Biz həmçinin Avropa Konvensiyasının 14-cü maddəsinə istinad etmişik, orada deyilir ki, heç kim ayrıseçkiliyə məruz qala bilməz. Bakıda Qran-pri zamanı isə məhz bu baş verirdi. Bulvara ancaq əllərində bilet olan insanlar buraxılırdı və yalnız onlar bileti olmayanlardan fərqli olaraq bütün istirahət imkanlarından yararlana bilirdilər”, – “Turan” agentliyi Ağayevaya istinadən yazır.
“Düşünmürəm ki, yerli instansiyalarda uğur qazana bilək. Amma məhkəməyə müraciət etməklə presedent yaratmış olacağır, çünki yarışlar gələ bundan sonra 3 il də davam edəcək. Əgər yerli məhkəmələr bizim əleyhimizə qərar çıxarsalar, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, – Ağayeva deyir.
Tatyana Kryuçkina peşəkar mühasibdir, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu qeyri-hökumət təşkilatında işləyib (Institute for Reporters Freedom and Safety). Bu QHT-nin rəhbəri Emin Hüseynov və təsisçilərindən biri olan İdrak Abbasov hazırda Avropada yaşamağa məcburdur. İnstitutun reportyorlarından biri Mehman Hüseynov (Emin Hüseynovun qardaşı) isə Azərbaycanda həbsdədir.