Yağış və qrunt sularının əsirinə çevrilən qəsəbə - Şağandan reportaj
Bakı qəsəbələri – Şağan
Ayaqlarında rezin uzunboğaz çəkmələrlə dizə qədər suyun içi ilə gedən bu insanlar Şağan sakinləridi. Ötən ay yağan intensiv yağışlardan sonra qəsəbənin küçələri hələ qurumayıb. Ay yarımdır, nəinki küçələr, hətta evlər və həyətlər də suyun içindədir.
Paytaxtda kanalizasiyasız qəsəbə
Bakının ən qədim kəndlərindən olan Şağanın, daha sonralar qəsəbə statusu alıb. Xəzər rayonuna aid olan qəsəbə əhalisinin sayı yerli icra hakimiyyətinin 2023-cü ilə aid rəsmi məlumatına əsasən 4348 nəfərdir. Amma sakinlər ərazidə qeydiyyatsız yaşayanların sayının rəsmi göstəricidən iki dəfə artıq olduğunu deyirlər.
Məsələ burasındadır ki, son 10-15 ildə qəsəbə ərazisi böyüyüb. Əsasən başqa rayonlardan gələn insanlar qəsəbənin əvvəllər göl olan, sonradan qurudulmuş ərazilərində çox sayda evlər tikiblər.
Amma indiyə qədər bu əraziyə mərkəzləşdirilmiş kanalizasiya sistemi çəkilməyib. Bunun yerinə əhali quyu tipli sanitar qovşaqlardan istifadə edir. Bu quyuları da ancaq yay aylarında boşaldırlar. Odur ki, yağıntılı vaxtlarda həm çirkab suları, həm də qrunt suları yağışın suyuna qarışıb küçələri, evləri basır.
“Allah, sən bu insanlara kömək elə”
Şağanın mərkəzindən içlərinə doğru uzanan küçənin girişində “stop” yazılı xəbərdarlıq lentləri çəkilib. Yəni, buradan o tərəfə suyun dərinliyi piyada hərəkət etmək üçün uyğun deyil. Amma xəbərdarlıq lentinin arxasında həyat dayanmır, orada yaşayan qəsəbə sakinləri həyətlərinə və evlərinə dolan suyun içində yaşamağa məcburdurlar.
“Günümüzü görürsünüz də, keçə bilsəniz, bu tərəfdəki evlərə baxın. Axşam yağış yağdı, səhərə qədər dua eləmişəm ki, allah, sən bu insanlara kömək elə”, – uzaqdan yaşlı bir kişi gəldiyi istiqamətə tərəf işarə edir.
Nemət Nuriyev 10 ildən çoxdur ki, Şağanda yaşayır. Deyir, bura köçəndə qarşılaşacağı mənzərəni heç təsəvvür də etmirmiş. Elə ki Şağanın yağış yağdığı zaman güzəranını görüb, bura köçdüyünə çox peşman olub, amma indi də gedəsi yeri yoxdur.
“Bura elə bir ərazidir ki, Mərdəkanın, Buzovnanın, bütün Şağanın suyu bura gəlir, bu suyun axıntı yeri yoxdur. Bütün bu qrunt suları hamısı axır gəlir bura. Uşaqlarımızı böyüdürük bu vəziyyətdə. Kimin imkanı varsa, çıxıb gedib başqa yerdə kirayə qalır, kimin imkanı yoxdur, burada yaşayır. Uşaqları belimizdə aparırıq məktəbə, bağçaya. Xəstəmiz olanda belimizdə gətiririk “Sahil” marketin yanına, çünki təcili yardım maşınları orada gözləyir, bura girə bilmirlər”,– deyə Nemət Nuriyev suya batmasın deyə qəsəbənin lap kənarında saxladığı maşınına tərəf gedir.
“O qədər pulum hardandı kirayə ev tutub buradan gedim?”
Başqa bir qəsəbə sakini Fatma Məmmədova deyir ki, ötən ay yağan yağışlardan sonra qızının evi yaşanmaz hala düşüb. O da qızını, kürəkənini və iki nəvəsini öz evlərinə köçürməli olub. Amma heç öz evi də tam olaraq yaxşı vəziyyətdə deyil.
“Bax, beləcə mənim uşağımın evi bu gündə suyun içindədir. Neçə min manatlıq maşınımız qalıb suyun içində, çürüyür. Mən bilmirəm biz gedək dərdimizi kimə deyək? Bütün həyətlər suyun içindədir. Çox adam evini qoyub gedib, başqa yerdə kirayə tutub qalır. Mən hara gedim? Mənim o boyda pulum var, aparım ayda 400-500 manat verim kirayə tutum?”.
Fatma Məmmədovanın sözlərinə görə, müraciət etdikləri dövlət qurumları problemin bir dəfəlik həlli üçün heç bir addım atmır.
“Bizə baxan yoxdur. Heç bir qurum bizi eşitmir. FHN-nin maşınları gəldi, yalandan 10 gün burada su çəkdi, sonra da yarımçıq qoyub çıxıb getdilər”.
“70 illiyimi suyun içində keçirəcəyəm”
“Bu gün 70 illiyimdir mənim, suyun içində keçirəcəyəm allah qoysa”, – kənardan Fatma xalanın həyat yoldaşı Cəfər Məmmədov dillənir.
“Şəraitimiz budur, bundan artıq nə deyək sizə? Bizim sözümüzə baxan yoxdur. Bütün təşkilatların, idarələrin hamısını gəzmişik. İcra nümayəndəliyinə gedirik, yerində tapa bilmirik, su idarəsinə gedib deyirik maşın ver, suyu çəksin, vermirlər. Elə indi mənə suçəkən maşın lazımdır, bax özü də durub orada, amma su çəkmir. Gedib deyirəm, deyir mənə deməyiblər, mən nə təhər gedim çəkim? Deyirəm, bizim evlərimiz suyun içində qalıb axı. Bir adam cavab vermir bizə”,– Cəfər Məmmədov gileylənir.
Bütün bir qəsəbəyə bir suçəkən maşın
Xəzər rayon İcra Hakimiyyətindən mediaya bildirilib ki, qurum öz imkanları daxilində yağış sularının ərazidən təmizlənməsi işlərini həyata keçirib. İşlərin davam etdirilməsi üçün isə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edib.
Agentlikdən verilən açıqlamaya görə, hazırda Şağan qəsəbəsində suyun kənarlaşdırılması üzrə işlər görülür.
Hərçənd qəsəbədə olduğumuz zaman suyun kənarlaşdırılması işini ərazidə cəmi bir maşının gördüyünə şahid olmuşduq. O da yalnız qəsəbənin mərkəzində işləyirdi. Daha ucqar küçələrdə texnika yox idi və heç bir iş getmirdi.
Dövlət agentliyindən Şağan qəsəbəsinə kanalizasiyanın çəkilməsi ilə bağlı suala isə ümumiyyətlə cavab verilməyib.