Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində azı 35 nəfər həlak olub
Bakı-Qroznı təyyarəsi Aktauda qəzaya uğrayıb
Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Mövcud məlumatlara görə, qeyri-müəyyən səbəblərdən Qroznı hava limanı Azərbaycandan gələn təyyarəni qəbul etməkdən imtina edib. Azərbaycan tərəfinin rəsmi versiyasına görə, təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar istiqamətini dəyişərək Aktau hava limanına doğru uçub və eniş zamanı qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Sağ qalan 32 nəfər Aktau xəstəxanalarına yerləşdirilib. Qəza yerində xilasetmə işləri başa çatıb, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 saylı Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, hadisənin ilk dəqiqələrindən Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində işləyir.
“Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür”, – deyə məlumatda bildirilib.
Əlavə edilib ki, təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var:
“Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var”.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.
Məlumatda o da vurğulanıb ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin nümayəndəsi Kənan Zeynalovun verdiyi məlumata görə, hazırda Qazaxıstan prokurorluğu ilə birgə cinayət işi araşdırılır.
“Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır», – Zeynalov deyib.
Bu arada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğradığı yerdən videolar, eləcə də sağ qalan sərnişinlərin qəzadan əvvəl və sonra çəkdikləri görüntülər yayılıb.
Təyyarənin qalıqlarını əks etdirən videoda korpusun üzərində partlayışdan sonra əmələ gələn mərmi və ya qəlpə izlərinə bənzər çoxsaylı dəliklər görünür.
Sağ qalan sərnişinlərdən Zaur Məmmədov xilas ediləndən sonra paylaşdığı videoda deyir ki, qəzadan əvvəl iki partlayış səsi eşidilib və bundan sonra sərnişinlər arasında panika başlayıb.
Sankt-Peterburq şəhərində keçiriləcək MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Azərbaycan prezidenti İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və o, dərhal geri dönmək barədə tapşırıq verib.
Təyyarə endikdən dərhal sonra dövlət başçısı hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.
O, müşavirədə çıxış edərək deyib:
“Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.
Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər.
Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.
Dekabrın 26-da Azərbaycanda təyyarə qəzası ilə bağlı matəm elan edilib. Azərbaycan prezidenti İlham Əliyev buna dair müvafiq sərəncam imzalayıb.