Bakı Metropoliteni sərnişindaşımanın maya dəyərini şişirdib. Gediş haqqı ucuzlaşacaqmı?
Bakı metripoliteni sərnişindaşımanın maya dəyərini şişirdib
Bu günlərdə Azərbaycanın Hesablama Palatası “Bakı Metropoliteni”nin sərnişindaşımanın maya dəyərini şişirtdiyini açıqladı. Ötən ilin yayında metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qaldırılan zaman məhz sərnişindaşımanın maya dəyərinin mövcud gediş haqqıdan yüksək olduğuna istinad edilmişdi. Bununla belə hələlik metroda gediş haqqının yenidən ucuzlaşdırılması haqda danışan yoxdur. Ekspertlər isə hesab edirlər ki, şişirtmə nəticəsində mənimsənilmiş vəsaitlər büdcəyə qaytarılsa da metroda qiymətlərin aşağı salınacağı gözlənilən deyil.
- Putini kim və necə devirməyi planlaşdırır? Bakıdan şərh
- Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
- “Rus evi” – Rusiya və Azərbaycan arasında yeni gərginlik ocağı
Hesablama Palatası Bakı Metropolitenində audit keçirib
Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb.
Palatadan yayılan məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.
Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda, smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib.
Audit dövründə Bakı Metropoliteni 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.
Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.
QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub.
Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.
Ekspert şərhləri
Respublikaçı Alternativ (ReAl) partiyasının sədri, iqtisadçı Natiq Cəfərli xatırladır ki, hələ illər öncə metropolitenin gediş haqlarını artıracağını və bunu sərnişindaşımanın maya dəyərinin yüksək olması ilə izah edəcəyini bildirib:
“Biz haqlı çıxmaqdan yorulduq, hökumət isə bacarıqsız, problemləri inkar etmək siyasətindən usanmadı.
Hesablama Palatası rəsmi açıqlama yaydı ki, Metroda gediş haqqının maya dəyəri illərdir şişirdilib ki, gediş haqqını buna əsasən artırsınlar. Yəni, həm büdcədən oğurlayıblar, həm də vətəndaşın cibinə giriblər.
Bu haqda 10 ildən çoxdur ki, danışırdıq. 2017-ci ildə verdiyim açıqlamada bildirmişdim ki, gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər. O vaxt da demişdim ki, bunu sərnişinlərin daşınmasının maya dəyərinin yüksək olması ilə izah edəcəklər. “Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır. Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini doğru hesablamaq mümkündür”, – deyə qeyd etmişdim.
8 ildən sonra bunu hökumət etiraf etməyə məcbur oldu”, – Cəfərli bildirib.
İqtisadçı ekspert Razi Abasbəyli də qeyd edir ki, sərnişindaşımada maya dəyərinin şişirdilməsi məlumatların gizli saxlanmasının nəticəsidir:
“Maya dəyəri hansı kriteriyalarla, hansı mal və məhsulların alınmasından, hansı təmir-bərpa, yenidənqurma və inkişaf layihələrindən sonra artır? Suallar daim açıq qalır. Bu məlumatlar qapalı saxlanılır və maya dəyərinin hansı halda artdığına dair detallı məlumatlar verilmir.
Sadəcə olaraq Hesablama Palatası Bakı Metropolitenində belə bir araşdırma apardı və audit yoxlaması nəticəsində məlum oldu ki, süni şəkildə maya dəyərinin artırılması halları var. Nəticə etibarilə də aydın oldu ki, dövlət aldadılıb”, – deyə o publika.az-a bildirib.
Qiymət məsələsinə yenidən baxılmasına gəlincə isə ekspert belə bir halın gözlənilmədiyini deyib:
“Hesab edirəm ki, qiymətlərdə azalma baş verməyəcək. Çünki adətən belə hallar mütəmadi olaraq ilin sonunda büdcə xərcləmələrinin auditini həyata keçirən təşkilatlar tərəfindən aşkar olunur və aşkarlanmış pozuntular üzrə mənimsənilmiş vəsaitlərin büdcəyə geri ödənilməsi təmin olunur.
Yenidən maya dəyərinin hazırki qiymətdən aşağı olduğunun sübut edilməsi və gediş haqqılarının yenidən aşağı salınması gözlənilən deyil. Yəni bu, praktikada olmayıb.
Təəssüf ki, hər il belə faktlar Hesablama Palatası tərəfindən ortaya çıxarılır, Milli Məclisdə müzakirə olunur, Baş Prokurorluqda bununla bağlı araşdırmalar aparılır, amma mexaniki olaraq proses davam edir. Nəticədə burada yalnız bir mexanizm işləyir – Büdcədən mənimsənilmiş vəsaitlərin geriyə qaytarılması təmin edilir. Vətəndaşlara dəymiş ziyan isə geri qaytarılmır”.