Azərbaycanda tələbə bayrağı təhqir etdiyi üçün universitetdən qovulub
Azərbaycanda növbəti qalmaqal: Bakı Dövlət Universitetinin tələbəsi onlayn dərs zamanı dövlət bayrağını təhqir etdiyi üçün universitetdən qovulub. Tələbənin özü ünvanına səslənən ittihamları rədd edir, sosial şəbəkə istifadəçiləri məsələyə münasibətdə iki düşərgəyə ayrılıb.
Nə baş verib?
Sosial şəbəkələrin Azərbaycan seqmentində Bakı Dövlət Universitetinin onlayn dərsindən video paylaşılıb. Dərs vaxtı tələblərdən biri Azərbaycan bayrağını başına örtüb və üzərindən eynək taxıb.
Bundan dərhal sonra məlum olub ki, tələbə ədəbsiz davranışına və dövlət rəmzini təhqir etdiyinə görə universitetdən qovulub.
Bakı Dövlət Universitetinin rəhbərliyi bu hadisə ilə bağlı ali məktəbin rəsmi Facebook səhifəsində bəyanat yerləşdirib.
“Mexanika-Riyaziyyat Fakültəsinin birinci kurs tələbəsi Pərviz Məhəmmədov bir neçə dəfə dərs vaxtı daxili intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib. Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib…
Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib”, – təhsil müəssisəsinin məlumatında deyilir.
Onlayn dərsin videosunu yayan sosial şəbəkə istifadəçisinin sözlərinə görə, tələbənin özünün məsələyə aidiyyatı yoxdur, o, telefonun kamerasını açıq qoyub və kənara çəkilib, bu zaman onun dostlarından biri bayrağı başına örtüb. “Pərvizin özü baş verən hadisədən sonra müəllimdən üzr istəyib və məsələ həll olunub”, – məlumatda deyilir.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Cəmiyyət iki düşərgəyə bölünüb – bir qism ali məktəbin qərarını dəstəkləyir və hesab edir ki, dövlət rəmzlərinə qarşı bu cür münasibət yolverilməzdir. Digərləri isə tələbənin hərəkətində qəbul olunmuş davranış qaydalarına zidd bir şey görmürlər.
Ekspert rəyi
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, söhbət dövlət bayrağı haqda qanunun kobud şəkildə pozulmasından gedir.
“Aydındır ki, tələbələr və müəllimlər hazırda yaxşı vəziyyətdə deyillər. Kiminsə onlayn dərslər üçün vasitələri yoxdur, digərlərinin keyfiyyətli interneti yoxdur. Hazırda hamı bacardığı kimi vəziyyətdən çıxır.
Amma bu halda yalnız daxili intizam qaydaları yox, Azərbaycanın dövlət rəmzləri haqda qanun pozulub. Və bu, Qarabağda vətən müharibəsindən bir neçə gün sonra baş verib.
Tələbənin tərəfində duranlara sual verirəm: əgər universitet hadisə ilə bağlı heç bir qərar qəbul etməsəydi, BDU rəhbərliyinə qarşı münasibət necə olardı? Hamı rektoru və bütün universitet rəhbərliyini ölkə bayrağını təhqir edən tələbəyə qarşı heç bir tədbir görmədiyi üçün qınayardı.
Mən həmişə tələbələrin hüquqlarını müdafiə etmişəm və edəcəm də, amma bu halda mən tamamən doğru qərar qəbul edən dövlət universitetinin rəhbərliyinin tərəfindəyəm.
Məsələnin etik tərəfi də var. Tələbə yaşlı müəllimə qarşı hörmətsizlik edib və qınağa layiqdir”, – Əsədov JAMnews-un müxbiri ilə müsahibəsində bildirib.
“Amma qeyd etmək istəyirəm ki, bir müddət sonra tələbə universitetdə təhsilini bərpa etmək üçün BDU rektoruna ərizə ilə müraciət edə bilər. Bu, bizdə təcrübə edilir və presedentlər var”, – ekspert nəzərə çatdırıb.
Sosial şəbəkələrdən rəylər
“Əgər hər hansı qanun pozulubsa, qərarı məhkəmə qəbul etməlidir, konkret universitetin rəhbərliyi yox. 18 yaşlı insanla belə davranmaq olmaz”.
“Bəs tələbələrdən heç vaxt keçmədikləri dərslər üzrə cavab verməyi tələb edən müəllimləri niyə cəzalandırmırlar? Çünki onların elementar olaraq internetə çıxışları yoxdur”.
“Universitet rektoru ali məktəbi şəxsi mülkiyyəti hesab edir”.