“Bakı çox dözməyəcək və baş verənləri səssiz seyr etməyəcək” – politoloqun şərhi
Qısa müddətdə Azərbaycan və Ermənistanın xarici ilər nazirləri arasında vasitəçilər olmadan iki raund birbaşa telefon danışığı baş tutub. Elə həmin gün iki ölkə arasındakı sərhəddə Azərbaycan sərhədçiləri erməni hərbçini saxlayıblar. Bu iki fakt nəyə işarədir? “Bakı çoz dözməyəcək və baş verənləri səssizcə izləməyəcək”, – Bakıdan siyasi icmalçı son hadisələri belə şərh edib.
- Əliyev Ermənistanla sülh danışıqları haqda: “Biz beş prinsip əsasında danışıq aparmaq niyyətindəyik”
- Laçın dəhlizinə alternativ yolun inşası bitmək üzrədir
- Ukraynadakı müharibə və Ermənistandakı gərginlik fonunda Paşinyan-Putin danışıqları
Vasitəçilər olmadan telefon danışıqları
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında son bir ayda vasitəçilər olmadan birbaşa telefon danışıqları baş titib. İki qonşu ölkə arasında münasibətlərin bütün tarixi ərzində bu, XİN rəhbərləri səviyyəsində vasitəçisiz ilk təmasdır.
“Nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.
Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.
Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, – Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.
Ermənistan SQ hərbçisi saxlanılıb
Bu telefon danışığı ərəfəsində Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, iki ölkə sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistan SQ-nin hərbçisi saxlanılıb.
Maraqlıdır ki, bazar günü, aprelin 24-də səhər Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) şənbə günü axşam sərhəddə diversiya cəhdinin baş verdiyi haqda məlumat yayıb.
“Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilmişdir”, – məlumatda deyilir.
Axşama doğru erməni hərbçinin saxlanıldığı məlum olub.
“Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır”, – Azərbaycan DSX-nın axşam yaydığı məlumatda bildirilib.
Ermənistanın Müdafiə Nazirliyi bundan dərhal sonra erməni hərbçinin saxlanılması ilə bağlı bəyanatla çıxış edib.
“Aprelin 23-də hərbi hissədən döyüş postuna getdiyi yolda həqiqi hərbi xidmət göstərən sıravi Eduard Arturoviç Martirosovla əlaqə itib”, – Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, “Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan SQ nümayəndələri ilə aparılan birgə iş nəticəsində Martirosovun həmin gün hələlik məlum olmayan şəraitdə sərhədi keçdiyi və hazırda Azərtbaycan tərəfində olduğu müəyyən edilib”.
Şərh
Bayramov və Mirzoyan arasındakı telefon danışığından belə nəticəyə gəlmək olar ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması istiqamətində iş davam edir – politoloq, “Atlas” Analitik Mərkəzinin əməkdaşı Turan Rzayev hesab edir.
“Ümumiyyətlə Ermənistan hazırda bu məsələdən yayınmaq istəsə də, bu mümkün deyil. Məsələ ondadır ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası SSRİ dövrü xəritələri əsasında aparılacaq. Həmin xəritələr də hazırda Rusiyadadır.
Prosesin bu xəritələr əsasında həll edilməsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də maraqlıdır. Təsadüfi deyil ki, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatına istinad edilir.
Sərhədlərin delimitasiyasının SSRİ-dən qalan xəritələr əsasında aparılması ümumilikdə Ermənistanın maraqlarına uyğun deyil. Çünki həmin xəritələrdə anklavlar, eksklavlar, Qazaxın 7 kəndi kimi məsələlər də öz əksini tapır.
Lakin Ermənistanın seçim haqqı da yoxdur. Prosesin həlli istiqamətində ən konstruktiv yanaşma budur.
Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında baş tutan telefon danışığı Ermənistanın prosesdə iştirakından xəbər versə də, aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdi diqqət çəkir.
İlk öncə onu deyim ki, bu kimi təxribatların olacağı bəlli idi. Söhbət təkcə Paşinyan administrasiyasının prosesin seyrindən narazı olmasından deyil, daxildəki müxalifətin prosesə radikal mövqe sərgiləməsindən gedir.
Paşinyan indiki məqamda istəməsə də, Azərbaycanla mövcud reallıqlar əsasında danışıqlara getməyə məcburdur. Bunu ondan ilk növbədə Brüssel tələb edir. Qərb prosesin özünün moderatorluğunda bitməsini istəyir.
Bu isə Kremlin maraqlarına uyğun deyil. Rusiya onsuz da Brüsselin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə dair proseslərdə aktiv iştirakından narazıdır. Bununla belə tərəfləri narazı salmamaq üçün bu mövqeyini pərdələyir.
Rusiya indiki məqamda Ermənistan müxalifəti üzərindən həm Paşinyana təziq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır. Səbəb isə aydındır.
Kreml bununla Brüsseli prosesdən kənarlaşdıraraq moderatorluğu öz əlinə almaq istəyir.
Aydın məsələdir ki, hazırda Ermənistan ordusu daxilində Qarabağ klanına, əslində isə Kremlə sadiq qüvvələr var. Mümkündür ki, elə təxribatı həmin qüvvələr həyata keçirib.
Ermənistan ən qısa zamanda ordu daxilində təmizləmə işləri aparmalıdır. Çünki bu kimi təxribatların yaxın günlərdə təkrarlanma ehtimalı yüksəkdir. Prosesin hansı qüvvənin nəzarətində həyata keçirilməsindən asılı olmayaraq Ermənistan məsuliyyət daşıyır. Rəsmi Bakı isə bu kimi təxribatlara uzun müddət səssiz qalmayacaq”, – Rzayev bildirib.