Prezident İlham Əliyevin Qarabağda atəşkəs haqda üçtərəfli razılaşma ilə bağlı müraciətindən dərhal sonra komendant saatına rəğmən səhər saat 4-də çox sayda Bakı sakini müharibədə qələbəni bayram etmək üçün küçələrə axışıb.
Qeyd etmək lazımdır ki, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində bayram şənlikləri üçüncü gündür ki davam edir.
Ötən bazar günü, noyabrın 8-də azərbaycanlılar Şuşa şəhərinin işğaldan azad edilməsini qeyd ediblər.
Bazar ertəsi, noyabrın 9-da bütün ölkə Dövlət Bayrağı Gününü bayram edib. Bu da yeni səbəb: Qarabağda müharibə başa çatıb və prezident bunu həm döyüş meydanında, həm də siyasi aspektdə qələbə adlandırıb.
Sentyabrın 28-də, münaqişə zonasında hərbi əməliyyatların ikinci günündə Azərbaycanda hərbi vəziyyət elan olunub və ölkənin əksər böyük şəhərlərində saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq edilib.