“Bakı Azərbaycan vətəndaşlığına namizədlərlə danışıqlar aparacaq”. Ekspert rəyləri
Bakı və Qarabağ erməniləri arasında münasibətlər
Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsi ətrafında vəziyyət gərgin olaraq qalır. Artıq 13 gündür ki, Ermənistandan gələn humanitar yük maşınları Azərbaycanla sərhəddə qalıb. Bakı Ağdamdan gələn yolla Qarabağ ermənilərinə humanitar yardım təklif edir. Azərbaycanlı ekspertlər Bakı ilə Xankəndi arasında münasibətlərin tənzimlənməsi ilə bağlı fikirlərini bildiriblər.
- Gürcüstanın Şovi dağ kurortunda torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb və itkin düşüb
- Azərbaycanın Baş Prokurorluğu: “Xaçatryan Meşəli cinayətilə bağlı axtarlan 9 nəfərdən biridir”
- Apellyasiya Məhkəməsi Qubad İbadoğlunu həbsdə saxlayıb
“Qapını çırpmaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar”
“İndi Azərbaycana Qarabağ erməniləri içərisindən özlərini “prezident”, “parlamentin spikeri”, “təhlükəsizlik şurasının sədri” və s. adlandıran bir qrup şəxslə danışıqlar aparmağı təklif edirlər.
Bu adamlar maaşlarını Yerevandan alırlar və Ermənistan vətəndaşlarıdır. Yəni bunlar Ermənistanın dövlət qulluqçularıdır. Aydındır ki, Azərbaycan onlarla rəsmi səviyyədə, xüsusən də beynəlxalq vasitəçiliklə danışıqlar aparmayacaq”, – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsi ətrafında yaranmış vəziyyəti şərh edib.
Onun sözlərinə görə, hazırda “ bu insanlardan ibarət qrup qapını çırpmaq üçün vəziyyəti gərginləşdirməyə çalışır”:
“Qarabağ ermənilərinin qondarma liderləri bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olmasına göz yummağa çalışır və Bakı ilə üfüqi münasibətlərə eyham vururlar.
Amma saat tıqqıldayır, vaxt keçir və heç bir şəkildə bu saxtakarların xeyrinə işləmir. Rusiya sülhməramlıları orada dayanıb, yenə də o tonda danışa bilirlər, amma görəsən, 2025-ci ildən sonra sülhməramlılar Qarabağı tərk edəndən sonra Azərbaycan əsgərləri ilə üz-üzə qalanda onların sözləri necə səslənəcək?
Aydındır ki, Azərbaycan ordusu bu halda qanunun diktəsinə uyğun hərəkət edəcək və öz ərazisində bütün düşmən ünsürləri sıxışdıracaq.
Əslində, Qarabağ ermənilərinin “liderləri” bütün bunları çox gözəl başa düşürlər, lakin fürsətdən istifadə edərək, qapını çırpmaq üçün vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışırlar. Vaxtları bitəndə birlikdə Qarabağı tərk edəcəklər. Onlar Rusiyaya yox, harasa Qərbə gedəcək, “soyqırım” deyə qışqıracaq, özlərinə daha çox imtiyazlar qoparmağa çalışacaqlar”.
Zülfüqarov əlavə edib ki, rəsmi Bakı yalnız Azərbaycan vətəndaşlığına namizədlərlə danışacaq:
“Qarabağda heç də hamı Yerevan maaşı ilə yaşamır. Sadə insanlar var ki, onilliklər ərzində özlərinə yaşamaq və işləmək üçün şərait yaradırlar. Onlar Qarabağda qalmaq istəyirlər və Azərbaycan vətəndaşlığına namizədlərdən başqası deyillər. Azərbaycan dövləti məhz onlarla danışacaq”.
“Siyasət reallığa əsaslanmalıdır”
Laçın yolu Ermənistandan humanitar yükün daşınması üçün qeyd-şərtsiz açılarsa, “ermənilər bunu qələbə kimi vurğulayıb, mübarizə ilə çox hədəflərə nail olmağın mümkünlüyünü təbliğ edə bilərlər”, – milli təhlükəsizlik orqanlarının sabiq əməkdaşı İlham İsmayıl bildirib. Amma bununla belə o vurğulayıb ki, Ağdam yolundan istifadə etmək, Ermənistandan gələn hər hansı bir yükə, o cümlədən humanitar yükə aid deyil:
“O yoldan istifadə şəraitini biz yaratmalıyıq. Azərbaycan Qarabağın erməni icması üçün humanitar malları real şəkildə nümayiş etdirməli və dünyaya informasiya çatdırmalıdır ki, heç kəsə humanitar fəlakət yaşatmaq niyyətində deyil. Yola beton plitələri də ermənilər özü düzüb. Bura Azərbaycanın ərazisidir və buradakı problemləri özümüz həll edə bilirik.
Qarşı tərəf qəbul etmir və bunu “ləyaqət” prinsipi adı altında edirsə, deməli, “ləyaqət” bəhanədir, onlar sülh istəmir və bunu heç də gizlətmirlər”.
İlham İsmayıl vurğulayır ki, Xankəndi ermənilərinin böyük hissəsi Azərbaycanın tərkibində yaşamaq istəmir, eyni zamanda Qarabağı da tərk etmək fikrində deyillər:
“Ona görə də, “sadə ermənilər bizi gözləyir” rəyinin indiki situasiyada əsası yoxdur. Siyasətimiz reallığa hesablanmalıdır. Reallığın bir tərəfi də indiki həssas dönəmdə Qarabağın erməni icması üçün perspektiv humanitar layihələr, proqramlar barədə rəsmi çıxışlara yer verməkdir.
Dünənə qədər bir-birinə güllə atan tərəflərdə inam, etibar tezliklə yaranmır və adətən məğlub tərəfin buna psixoloji ehtiyacı olur. Azərbaycan həm də böyüklüyünü, qalibliyini nümayiş etdirməlidir.
Ardınca tələblərimizi irəli sürməliyik, hər zaman təkrar etdiyimiz tələblərimizi. Amma, bu dəfə vaxt verib, xəbərdar etmək şərtilə. Erməni silahlı qüvvələri çıxarılır, təhlükəsizlik şərtlərinə əməl etməklə qaçqınlarımız doğma evlərinə qayıdırlar. Amnistiya təklifi də hələlik qüvvədə qalır. Əks halda, axtarışda olanları Vaqif Xaçaturyanın aqibəti gözləyir”.