Bəxtiyar Hacıyev kritik vəziyyətdədir: fəal quru aclıq aksiyasına başlayıb
Bəxtiyar Hacıyev kritik vəziyyətdədir
Həbsdə olan azərbaycanlı fəal Bəxtiyar Hacıyev quru aclıq aksiyasına başlayıb. Səhhəti pisləşdiyi üçün o, Penitensiar Xidmətin tibb müəssisəsinə köçürülüb. Həkimin sözlərinə görə, Hacıyevin vəziyyəti ağırdır. ABŞ Dövlət Departamenti fəalın həyatına görə bütün məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyub.
- Azərbaycanda baş konsulluq Rusiyanın nəyinə lazımdır? Bakıdan şərh
- Azərbaycan hökuməti “Nardaran hadisələri” zamanı saxlanılanlara təzminat ödəyəcək
- Ruben Vardanyan Qarabağı tərk edib? Bakıdan şərh
Quru aclığın ikinci günü
40-cı gündür ki, fəal Bəxtiyar Hacıyevin aclıq aksiyası davam edir. Cümə axşamı, fevralın 16-da o, sudan da imtina edərək quru aclıq aksiyasına başlayıb.
Cümə günü axşam həkim-professor Adil Qeybulla Penitensiar Xidmətin müalicə müəssisəsində Hacıyevi ziyarət edib.
Həkim “Turan” agentliyinə fəalın yenidən infuziyadan imtina etdiyini və quru aclığı davam etdirdiyini təsdiqləyib.
Bəxtiyar həqiqətən də quru aclıq edirsə, bu, onun sağlamlığı üçün həddindən artıq təhlükəlidir”, – deyə Qeybulla bildirib.
“Bir insan susuz və yeməksiz maksimum iki həftə dayana bilər, çünki qan qatılaşır və böyrəklərin funksiyası pozulur. Amma Bəxtiyar Hacıyevin artıq uzun müddətdir aclıq etdiyini nəzərə alaraq, onun limiti xeyli azdır. Buna görə quru aclıq orqanizmdə dönməz patoloji dəyişikliklərə səbəb ola bilər”, – deyə professor əlavə edib.
Öz növbəsində vəkil Aqil Layıc bildirib ki, Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı apelyasiya şikayətinə baxılması fevralın 20-nə təyin edilib.
Vəkil Elçin Sadıqov da fəala tibb müəssisəsində baş çəkib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev xeyli arıqlayıb və hazırda çəkisi 66,7 kq-dır. O, yeriməkdə çətinlik çəkir və hazırda daha çox uzanıqlı vəziyyətdə olur. Tibb müəssisəsinin əməkdaşı fövqəladə hallar zamanı həkimləri köməyə çağırmaq üçün öz otağında daim növbətçilik edir.
“Bəxtiyar Hacıyev kritik vəziyyətdədir, onun həyatı təhlükədədir”, – deyən vəkil əlavə edib ki, israrlara baxmayaraq, fəal aclığı dayandırmaqdan imtina edib.
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyətin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasını dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyəndən sonra o, yanvarın 9-da aclıq aksiyasını bərpa edib və bu günə qədər davam edir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay uzadıb.
ABŞ Dövlət Departamentindən növbəti xəbərdarlıq
Bu arada ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətinə həbsdə olan fəal Bəxtiyar Hacıyevin rifahı üçün məsuliyyət daşıdığını xatırladıb.
Dövlət Departamentində gündəlik brifinq zamanı “Turan”ın Vaşinqton müxbiri Azərbaycanda 40 gündür ki, həbsxanada aclıq aksiyası keçirən fəal Bəxtiyar Hacıyevlə bağlı vəziyyətə görə məsuliyyət daşıyanlara ABŞ hökumətinin münasibəti ilə bağlı sual verib.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: “Kimsə siyasi səbəblərə görə həbs olunduqda, bu işdə olduğu kimi, hakimiyyət lazımi tibbi yardım göstərmək və həmin şəxsin humanitar ehtiyaclarını təmin etmək öhdəliyi daşıyır”.
“Əlbəttə ki, onu həbsdə saxlayanlar son nəticədə onun həyatına görə cavabdehdirlər”, – deyə o əlavə edib.
Yanvarın 23-də dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə söhbətində Azərbaycanda insan haqları ilə bağlı narahatlığını bildirib.
Bazar ertəsi, fevralın 13-də ABŞ senatorları Dik Durbin və Ben Kardin Azərbaycanı Hacıyevi və digər siyasi məhbusları “dərhal” azad etməyə çağırıblar.