Azərbaycanlılar Çindən danışır
Quançjou, Тhe Chenghuang (City God) Pavilion. Vuşan təpəsinin zirvəsində qədim budda məbədi yerləşir. Qırmızı lövhəciklər xoş arzulardır. Onları asıb, zəncirdən asılan xüsusi taxta parçasıyla zəngi çalmaq lazımdır.
Çin azərbaycanlı turistlər üçün o qədər də populyar istiqamət deyil. Ticarətdə vəziyyət bir az daha yaxşıdır. Məşhur “Made in China” yazılı mal almaqdan başqa orada daha neyləmək olar ki? Viza ilə bağlı problemlər və biletlərin bahalılığından çəkinmədən Çində istirahət etməyə, biznes qurmağa və işləməyə gedən azərbaycanlılar danışır.
Mehdi Çində necə işləyib
“Məni Çində kinoda çəkilən dostumun danışdıqları cəlb etdi, mən də yad ölkədə bəxtimi sınamaq istədim. Uşaqlar və yeniyetmələr üçün ingilis dili müəllimi işləmək qərarına gəldim, orada xaricilərə bu sahədə xüsusilə qiymət verirlər. Dostumun yanında qaldım və iş axtarışına başladım, Çində bu, whatsapp-a oxşayan xüsusi çatlar vasitəsilə həyata keçirilir. İşədüzəltmə agentliyində qeydiyyatdan keçmək və müvafiq təklif gələnə qədər gözləmək lazımdır. Proses sadə görünsə də, uzun çəkir, işəgötürənlər əvvəlcə razılaşır və ancaq müəyyən müddət keçəndən sonra namizəd uyğun gəlmədiyini öyrənir.
İş axtarışında gecikmişdim, yerlər demək olar ki, qalmamışdı. Nəhayət uşaq bağçasında işə düzəldim, halbuki yeniyetmələrlə işləmək istəyərdim. Qrupda 15-dən 30-a qədər uşaq varıydı, bəzilərinin yeni müəllim xoşuna gəlsə də, digərləri qeyri-adi görünüşlü adamdan qorxur, gizlənib, ağlayırdılar. Çinlilər övladlarına istədiyini etməyə icazə verirlər, buna görə də qrupu idarə etmək asan deyildi.
Təcrübə dövründə xoş olmayan detallar üzə çıxdı – müqavilədə işəgötürənin işçini evlə təmin etməli olması barədə yazılsa da, o bundan boyun qaçırdı. Dərs saatı gündən günə uzanırdı, işə daha erkən başlamaq lazım olurdu, maaş isə olduğu kimi qalırdı.
İşəgötürən məni çağırıb, əlavə saat götürməli olduğumu deyəndə, halbuki mən hələ əsas işimə görə maaşımı almamışdım, düşündüm ki, artıq bəsdir. Anladığım qədər, Çində müqavilədə bu və ya digər vəzifələrin qeyd olunmamasına baxmayaraq, rəhbərliyin göstərişlərinə əməl etməmək adəti yoxdur, buna görə də rəhbərim çox təəccübləndi.
Çində cəmi 4 ay yaşadım, yerli məişət, mətbəx və həyat tərzi ilə tanış oldum. Çin təcrübəsi mənim üçün maraqlı bir sərgüzəşt oldu, düzdür, məlum oldu ki, yerli əhalinin xaricilərə sevgisinə baxmayaraq, bu ölkədə pul qazanmaq asan deyil”.
Quançjou. The Chenghuang (City God) Pavilion ətrafında ağaclar Vuşan təpəsində
Samir Çində necə biznes qurdu
“Çinə şirkətin loqotipi ilə mal sifariş etmək üçün gəldim. Çində kastomizasiya, malın rəsmiləşdirilməsi ixracın stimullaşdırılması üçün əla qurulub, buna görə də loqotipli hazır mal gətirmək, hər şeyi Bakıda etməkdən daha asandır, qiymətdə fərq 100-200%-dir.
Çinin biznes paytaxtlarından biri olan İvuda molları xatırladan bir neçə iri biznes mərkəzi var, fərq ancaq ondadır ki, kafe və mağazaların yerində hər mərtəbədə şirkət ofisləri yerləşir. Bir mərtəbədə minə qədər ofis ola bilər, onların hamısını gəzmək üçün bir gün belə kifayət etməyə bilər.
Mənə öz xidmətlərinə görə 1-2% həcmində cüzi komissiya götürən vasitəçilər kömək edirdi. Bu, onunla izah edilir ki, Çin hökuməti ixracı stimullaşdırır, vasitəçilər istehsalçı-satıcılardan 10%-ə qədər retrobonus alır, sifarişçilərə isə onların malın seçimi və müqaviləyə nəzarətdə köməyi çox ucuz başa gəlir.
Çox sayda işgüzar azərbaycanlı Çində məskunlaşaraq, işlərini artıq vasitəçisiz idarə edir. Həmyerlilərimizin başqaları ilə müqayisədə böyük üstünlükləri var – birincisi, Azərbaycan dili uyğur dilinə yaxındır və onlar Çində 11 milyona yaxın olan uyğurların köməyilə işlərini qurur. İkincisi, azərbaycanlılar adətən rus dilində danışır, buna görə də keçmiş SSRİ-nin bütün respublikaları onların üzünə açıqdır, ingilis dilini bilənlərin isə bütün dünya. Getdikcə bəziləri öz istehsalatını yaradır, misal üçün, Çində ən iri podşipnik zavodlarından biri azərbaycanlıya məxsusdur.
Yeri gəlmişkən, Çin malının keyfiyyətsiz olması barədə söhbətlər yalandır. Çin istənilən keyfiyyətdə mallar təklif edir, alıcılar isə ucuz mala üstünlük verir, buna görə də belə bir təəssürat yaranır”.
Şanxay. Liu Xaysu sənət muzeyi ərazisində park. Çinlilər kök adamları çox sevir, yemək və toxluğa xüsusi diqqət yetirirlər, bu heykəllər də bunu (toxluğu) simvolizə edir
Cəmilə Çində necə istirahət edib
“Çin istirahət üçün o qədər də yaxşı yer deyil. Əsas problem də yemək oldu, halbuki mən adətən böyük maraqla milli mətbəxin dadına baxıram. Urumçidə idim – orada yeməyi natəmiz şəraitdə hazırlayırlar, südü soyuducuda saxlamırlar, bazarda qurudulmuş qurbağa və kərtənkələ satılır. Bilmirəm, onları yerlilər yeyir, yoxsa bu, ancaq turistlər üçündür.
Əvəzində isə gözəl mənzərələr və dünyada yeddinci ən hündür göydələn olan Şanxay ümumdünya maliyyə mərkəzinə səfərdən çox xoşum gəldi. Göydələnin yuxarı mərtəbələrində döşəmə şüşədəndi, elə təəssürat yaranırdı ki, elə bu an düşə, sanki paraşütla tullana bilərsən.
Çində yerli dilləri bilməmək istirahəti çətinləşdirə bilər, bu zaman jestlərə müraciət etməli olursan. Bəzən olur ki, hətta otelin qeydiyyat işçisi də ingilis dilini bilmir. Buna görə də Çinə tam hazırlıqlı getmək lazımdır, daha yaxşı olar ki, orada yerli mətbəxdən baş çıxarmağa kömək edə bilən və gəzməli-görməli yerləri göstərən tanışlarınız olsun”.