“Azərbaycanlı bloqer iki həftə əvvəl Tbilisidə özünü damdan atıb” – işin yeni təfərrüatları
Azərbaycanlı bloqerin Gürcüstanda ölümü – intihar versiyası suallar doğurur
İyulun 30-da Gürcüstan DİN-i Azərbaycan vətəndaşı, müxalifətçi bloqer Hüseyn Bakıxanovun ölümünü təsdiqləyib. Amma DİN-dən JAMnews-a bildirilib ki, ölüm hadisəsi 115-ci maddə (“intihar”) üzrə araşdırılır və daha əvvəl mediada bildirilsə də hazırkı mərhələdə söhbət qətldən getmir.
JAMnews-a həmçinin bildirilib ki, gəncin ölümü haqda məlumat sosial şəbəkələrdə iyulun 29-da yayılsa da, hadisə iyulun 14-də baş verib. Xəbər yayılandan 15 gün əvvəl Bakıxanov artıq ölmüşdü.
Hüseyn Bakıxanov kim idi? İyulun 14-də nə baş verib və bu informasiya niyə iki həftə gizlədilib?
DİN-dən JAMnews-a verilən məlumata əsasən, iyulun 14-də Hüseyn Bakıxanov Tbilisinin mərkəzində yerləşən çoxmərtəbəli lüks “Rooms” otelinin damından özünü yerə atıb. Azərbaycanlı bloqer ora işə düzəlməyə gəlibmiş.
Otelin vəliki Kaxa Tsereteli JAMnews-a bildirib ki, Bakıxanov müsahibəni uğurla keçib, onun texniki mövqeyə (JAMnews-a məlum olduğuna görə mətbəxdə qab yuyan işinə) işə qəbul edilməsi nəzərdə tutulub. Vəkil danışıb ki, Bakıxanov digər iş axtaranlarla birlikdə oteldə tanışlıq ekskursiyasında iştirak edərkən dama çıxıb.
Onu dayandırmağa macal tapmayıblar və o özünü yerə atıb. Vəkil bildirir ki, hadisə yerinə dərhal “təcili yardım” və polis çağırılıb, araşdırma başlayıb, çahidlər və otel işçiləri dindirilib.
Bunları DİN-dən də təsdiqləyiblər.
Azərbaycanlı bloqer haqda nə məlumdur?
Tbilisidə yaşayan və özünü siyasi mühacir adlandıran Azərbaycan vətəndaşı Avtandil Məmmədov Bakıxanov haqda JAMnews-a əlavə məlumat təqdim edib.
Məmmədov hüquq müdafiəçisidir, Gürcüstandakı həmvətənlərinə yardım edir. Bakıxanov da onlardan biri olub.
“Hüseyn Bakıxanov Gürcüstana 2021-ci ilin yazında, Bakıda keçirilən müxalifətin mitinqlərindən birində saxlanılandan sonra. O, 15 sutka həbsdə keçirib və danışırdı ki, onu orada döyüblər və təhqir ediblər.
Azadlığa çıxandan sonra Bakıxanov Azərbaycanı tərk edib və Tbilisiyə gəlib, burada siyasi sığınacaq üçün müraciət edib. O, şəhərin qədim hissəsində məskunlaşmışdı. Onun maddi problemləri vardı, çox vaxt iş axtarırdı, tərcüməçilik edirdi, həm də inşaatda işləyirdi”.
Sonuncu dəfə Məmmədov Bakıxanovla iyulun 12-də danışıb. Bloqer ona polisdən zəng vurub və bildirib ki, mərkəzi Azadlıq meydanında beş nəfər yerli azərbaycanlı ona hücum edib və onu döyüblər. O dedi ki, hücum haqda ancaq polisə yox, həm də Xalq Müdafiəçisinə məlumat verib.
Məmmədov deyir kİ, polisin rəsmi versiyasına inanmır:
“O, intihar edəcək insan kimi görünmürdü. Əksinə, planlar qururdu. Son zamanlar Azərbaycan hökumətini tənqid edənlər arasında intihar halları çoxalıb – İstanbulda Bayram Məmmədov, Belçikada Vüqar Rzayev. Mən bu təsadüflərə inanmıram”, – Məmmədov deyib.
Məmmədov hesab edir ki, Bakıxanovun ölümü siyasi motivlidir. O deyir ki, özü hadisəni araşdırmaq və həqiqəti üzə çıxarmaq niyyətindədir.
Cavabsız suallar
Bir neçə il əvvəl Tbilisiyə gələn və siyasi sığınacaq istəyən azərbaycanlı jurnalist Əfqan Muxtarlı da rəsmi versiyaya inanmır. Muxtarlı bir müddət Gürcüstanda yaşayandan sonra Tbilisinin mərkəzində oğurlanaraq Bakıya gətirilmiş və üç ilə yaxın həbsdə qalmışdı. Azadlığa çıxandan sonra Muxtarlı ailəsi ilə birlikdə Almaniyada yaşayır. 2021-ci ilin martında o, Gürcüstan hakimiyyətinə qarşı iddia qaldırıb.
Əfqan Muxtarlı Hüseyn Bakıxanofun ölümü haqda iyulun 29-da ilk yazanlardan biri olub. O, qaranlıq məqamlarla bağlı suallar verməyə davam edir.
- Niyə hadisə iki həftə gizlədilib? Baxmayaraq ki, Gürcüstan DİN-i adətən hətta ən əhəmiyyətsiz, məsələn, yol-nəqliyyat hadisəsi haqda məlumatı dərhal yayır.
- “Rooms” otelinin vəkili deyir ki, Hüseyn işə başlamalı idi. Amma onun işə qəbulu haqda sənəd nəyə görəsə yoxdur.
- Otelin yeddinci, ən son mərtəbəsində Hüseynin telefonu və portmanatı qalıb. Həmçinin məlumdur ki, dama çıxıb, özünü atmazdan bilavasitə əvvəl o, telefonla Azərbaycan dilində danışıb. Belə çıxır ki, o, danışıb, sonra telefonu atıb, qaçaraq tullanıb aşağı?
- Mehmanxana personalı hadisə zamanı orada olublar. Necə ola bilər ki, onlar müdaxilə etməyiblər?
- İyulun 12-də Tbilisinin mərkəzində Bakıxanova hücum edib və döyüblər. İki gün sonra, iyulun 14-də isə o özünü damdan atıb.
“Polisin açıqlaması mənə inandırıcı gəlmir”, – Muxtarlı yazıb.
Hüquq müdafiəçisi Məmmədov deyir ki, Bakıxanovun ailəsi də onun ölümü haqda hələ indi xəbər tutublar. O deyir ki, bu ölüm hadisəsi haqda Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilməmiş olması çox qəribə olardı.
JAMnews Gürcüstanda miqrantların və sığınacaq axtaranların problemləri ilə məşğul olan bütün təşkilatlarla danışıb. Onlardan heç biri Bakıxanovla işləməyib.
JAMnews-un respondentlərindən biri, Hüseyni şəxsən tanıyan Gürcüstan vətəndaşı, etnik azərbaycanlı deyib ki, mərhum Azərbaycanda tanınmış və nüfuzlu bloqer olmayıb. Bu respondentin sözlərinə görə, Azərbaycan hakimiyyətinin tanınmış tənqidçiləri Muxtarlının oğurlanması hadisəsindən sonra Gürcüstanda sığınacaq axtarmırlar, çünki burada özlərini təhlükəsizlikdə hiss etmirlər.
Bakıxanovun ölümü haqda informasiya iyulun 29-da yayılıb, yayanlar isə onun azərbaycanlı dostları olub. Əvvəlcə onlar bildiriblər ki, bloqer yaşadığı evdə ölü tapılıb. Onlar bildiriblər ki, Bakıxanovun Azərbaycan hakimiyyəti ilə problemlər yaşayıb və o, siyasi mühacir olub.
Jurnalist Əfqan Muxtarlı iyulun 12-də Bakıxanovun bir qrup tərəfindən döyülməsinə xüsusi diqqət yetirib. O yazıb ki, Hüseynin daxili orqanlarını müayinə etməkdən imtina ediblər.
Bu hadisə haqda bloqer öz YouTube kanalında “Azərbaycan hökuməti tərəfindən sui-qəsd, yoxsa təsadüf?” adlandırdığı videoda danışıb.
Video “təcili yardım” maşınında çəkilib. Bakıxanov deyib ki, o özü polis və “təcili yardım” çağırıb.
Videoda Bakıxanov danışır ki, Azərbaycandan qaçıb və Gürcüstanda qaçqın statusu vəsiqəsi almağına bir neçə gün qalıb.
Hüseyn Bakıxanov Bakıda 2021-ci il mayın 7-də keçirilən etiraz aksiyasında saxlanılıb və 15 sutka həbs cəzasına məhkum edilib. Azad ediləndən sonra o, jurnalistlərə polis tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, həmçinin deyib ki, polislər onu zorlama ilə hədələyiblər.
“Tbilisidə qaldığı müddətdə o, Azərbaycan hakimiyyətini öz YouTube kanalında daima tənqid edib”, – Muxtarlı Facebook-da yazıb.